04 Mart 2021, Cümə axşamı

Hər dəfə gənclərin uğurlarından söhbət düşəndə, haqlı olaraq, onların təhsil pillələrində atdığı ilk addımlarda böyük pay sahibi olan müəllimləri, bu dəyərli insanların əməyini ehtiramla yada salırıq. Həyatda harada yaşamağından, hansı vəzifə tutmağından asılı olmayaraq, hər bir kəs üçün məktəb illəri, burada qazandığı dostlar və şübhəsiz, onları ərsəyə gətirən müəllimlər həmişə dəyərli olub, şirin bir xatirə kimi ürəklərdə yaşayır. Bu mənada, təkcə muxtar respublikamızın deyil, ölkəmizin qabaqcıl təhsil ocağı olan Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəb də qabaqcıl təhsil ənənələri ilə gələcəyimiz olan gənc nəslin bilik və bacarıqlar əldə etməsi, Vətənə məhəbbət və dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə olunması yolunda böyük uğurlar qazanıb. Çəkilən zəhmətə dövlətimiz tərəfindən verilən yüksək qiymət isə bu təhsil ocağının kollektivini daha böyük uğurlara aparan amil kimi hər kəsi sevindirir.
Aynur Abbasova haqqında danışdığımız məktəbin təcrübəli müəllimlərindəndir. O, işlədiyi təhsil ocağının tədris ənənələrini uğurla davam etdirir, dərs dediyi şagirdlərin təlim-tərbiyəsinə ciddi fikir verir. Ümumilikdə, 22 ilə yaxın olan pedaqoji fəaliyyəti dövründə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edərək o, həmişə şagirdlərə doğma dilimizi və ədəbiyyatımızı sevdirməyə çalışıb. Bütün elmləri öyrənməyin yolunun məhz ana dilini mükəmməl bilməkdən keçdiyini, bunun üçün onun hər cür incəliklərini öyrənməyi, çoxlu mütaliə edib, söz ehtiyatını zənginləşdirməyi əsas tələblər kimi şagirdlərə aşılayır. Nəticələr isə ürəkaçandır. Məktəbdən hər il məzun olan gənc­lərin, demək olar ki, hamısının ölkəmizin və muxtar respublikamızın yüksəkreytinqli ali məktəblərinə daxil olması, onların daha sonrakı həyat və fəaliyyətlərində qazandıqları uğurlar kollektivi ürəkdən sevindirir. Bütün bunlar isə, şübhəsiz, ölkəmizin gələcəyi olan gənc nəslin hərtərəfli inkişafına göstərilən dövlət qayğısı olmadan mümkün deyildir.

Çalışdığı məktəbin təkcə muxtar respublikamızın deyil, ölkəmizin qabaqcıl təhsil ocaqlarından biri olduğunu və bunun da onlarda ikiqat məsuliyyət yaratdığını deyən Aynur Abbasova digər müəllim yoldaşları kimi yetirmələrinin uğurları ilə həmişə fəxr edir. Təhsil ocağına baş çəkdiyimizdə bizimlə fikirlərini bölüşən Aynur müəllimə bu tədris ilinin birinci yarısının onun üçün, xüsusilə əlamətdar olduğunu qeyd etdi. Bildirdi ki, Ali Məclis Sədrinin 2019-cu il 4 ok­tyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adı verilmiş bir qrup təhsil işçisi arasında onun da adı var. Bu, ümumilikdə, bütün kollektivin əməyinə verilən yüksək qiymət kimi hər kəsin sevincinə səbəb olub. O, bu sevincini məktəbin, təxminən, 1300-ə yaxın şagirdinin təlim-tərbiyəsi ilə məşğul olan yüzdən çox müəllim yoldaşı ilə bölüşməklə göstərilən diqqət və qayğıya görə bir daha dövlətimizə dərin minnətdar­lığını ifadə etdi.
Aynur Abbasova yenilikçi müəllimdir. O, müasir dövrdə tədris prosesində tətbiq olunan mütərəqqi üsullardan istifadənin şagirdlərin mövzuları qavramasında müsbət nəticələr verdiyini deyir. Çalışdığı məktəbdə bu sahədə yaxşı təcrübə formalaşdığını da dilə gətirir. Məktəbdə belə təcrübəli müəllimlərin olması isə gənc müəllimlər üçün yaxşı nümunədir. Başqa cür ola da bilməz. Axı təhsil cəmiyyətdə toplanmış bütün elmi biliklərin gənc nəslə öyrədilməsi kimi məsuliyyətli bir sahədir. Belə ki, elmin sürətli inkişafı bu gün qazanılan dünyagörüşün sabah daha da artırılmasını tələb edir. Məhz bu baxımdan müəllim ömrü bitib-tükənməyən bir şam kimi şölələnib ətrafını aydınlatdıqca sabaha açılan yollar daha da nurlu olur. Həyatını elmə, təhsilə həsr etmiş qabaqcıl maarifpərvər insanların bütün ömrü boyu sərf etdikləri fədakar əməyin mükafatı da, əslində, bu nur, bu işıqdır, – deyir Aynur müəllimə.
Dilimizin və ədəbiyyatımızın geniş imkanlarından da bəhs edən Aynur Abbasova bir qənaəti də bizimlə bölüşüb bildirdi ki, müasir dünya nə qədər qloballaşsa da, dilimizin saflığını, onun gözəlliklərini qorumaq hər kəsin borcudur. İndi müasir sürətli texnologiya əsri olsa da, hamılıqla Şah İsmayıldan, Aşıq Ələsgərdən, Məmməd Arazdan bizə miras qalmış ədəbi dilimizin gözəlliyini və axarını, nənələrimizdən eşitdiyimiz laylaların şirinliyini qoruyub saxlamaq lazımdır. Müstəqil ölkəmizin iqtisadi-mədəni inkişaf səviyyəsi artdıqca milli atributumuz olan dilimizin də imkanlarının genişlənməsi üçün əlverişli şərait yaranır. Odur ki, şagirdlərə indi dünyaya inteqrasiya olunduğumuz bir vaxtda Azərbaycan dilini daha dərindən öyrənməyin, bu dildə yazıb-yaratmağın nə qədər vacib olduğunu mənimsətmək bizim vəzifəmizdir. Qoy gələcəyimiz olan gənclərimiz də zəmanəmizin ən böyük Azərbaycanlısı, ulu öndər Heydər Əliyev kimi öz doğma dilini dərindən sevsin, bütün həyatı boyu bu amalla yaşayıb, onun inkişafı üçün çalışsınlar.

 Əli CABBAROV

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR