07 Aprel 2020, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz milli sərvətimizdir” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev ana dilinin hər bir xalqın həyatındakı müstəsna rolundan bəhs edib. 21 fevral – Beynəlxalq Ana Dili Gününün tarixindən söz açılıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğu bildirilib. Vurğulanıb ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması bu dilin gözəl bilicisi, ulu öndər Heydər Əliyevin onun qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Rektor ana dilinin saflığının qorunmasının, ədəbi dil normalarının gözlənilməsinə nəzarət edilməsinin, həmçinin dilimizin yad ünsürlərdən mühafizəsinin hazırda ali təhsil müəssisəsinin başlıca vəzifəsi olduğunu diqqətə çatdırıb.

Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Sədaqət Həsənova “Zəlimxan Yaqub və ədəbi dilimiz” adlı çıxışında bildirib ki, zəngin və çoxşaxəli yaradıcılığı boyu Türk dünyasının tarixi şəxsiyyətlərinə, şair və yazıçılarına müraciət etməsi ustad şairin əsərlərinin mövzu-ideya, forma-məzmun cəhətdən, dil zənginliyi baxımından bənzərsizliyini göstərən uğurlu cəhətlərdəndir.
“Ana dilimizə dövlət qayğısı” adlı çıxışında Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Qənirə Əsgərova əsası ümummilli lider tərəfindən qoyulmuş dil siyasətini bu gün ölkə başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb. Məlumat verilib ki, Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu ildə keçirilən Baş Konfransının 30-cu sessiyasında təsis edilib və 2000-ci il fevralın 21-dən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədilə qeyd edilir.
Sonda tələbələr ana dilinə həsr olunmuş şeirlər söyləyiblər.

Səadət Əliyeva

*  *  *

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən “Azərbaycan dili müasir dünyada: ekstralinqvistik və linqvistik problemlər” adlı elmi-praktik konfransı giriş sözü ilə institutun rektoru Azad Novruzov açıb. Rektor hər bir millətin maddi və mənəvi irsinin qorunması və inkişafında dilin əvəzsiz rolundan danışaraq ana dilimizin dövlət dili statusuna yüksəldilməsinin milli dövlətçilik tariximizin qızıl səhifəsi olduğunu vurğulayıb. Bildirilib ki, dilimizin dövlət dilinin tətbiqi və təbliğində, qorunmasında və hərtərəfli inkişafında ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti mühüm rol oynayıb.
Tədbirdə “Beynəlxalq Ana Dili Gününün yaranması və mahiyyəti” mövzusunda çıxış edən professor Akif İmanlı Azərbaycan dilinin saflığı və təmizliyinin qorunması üçün qəbul edilmiş qanun, imzalanmış fərman və sərəncamlar barədə də tədbir iştirakçılarını məlumatlandırıb.
“Azərbaycan dilinin üslubi imkanları və məna çalarlıqları” mövzusunda çıxış edən dosent Fəxriyyə Cəfərova dilimizin işlənmə arealı, onun çoxmənalılığı və üslubi çalarlığı ilə bağlı fikirlərini ifadə edib.
Sonda tələbələr ana dilimizlə bağlı şeirləri bədii qiraət ediblər.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR