15 Avqust 2020, Şənbə

Naxçıvan Dövlət Universiteti tədrisin Avropa standartlarına uyğun qurulması və təkmilləşdirilməsi məqsədilə 2017-ci ildə təqdim edilmiş layihə əsasında Avropa İttifaqının Erasmus+ proqramının PETRA layihəsinə ­qoşulub.

74 min avro dəyərində olan qrant layihənin tələblərinə uyğun olaraq 2 il ərzində universitet əməkdaşları Macarıstanın Debrecen, Türkiyənin Ankara Qazi, Avstriyanın Vyana Tətbiqi Elmlər, Finlandiyanın Jyvaskala, İspaniyanın Valensiya Politexnik universitetlərində təcrübə kurslarında olub, qazandıqları təcrübə əsasında universitetdə müəllim və tələbələr üçün seminar-treninqlər keçiblər. 2017-2019-cu illəri əhatə edən layihənin sonuncu mərhələsində Naxçıvan Dövlət Universitetində Təlim-Tədris Mərkəzi və Elektron laboratoriya istifadəyə verilib. Rektor, dosent Elbrus İsayev universitetə gələn qonaqlara ali təhsil ocağı haqqında ətraflı məlumat verib. Mərkəzin açılışında çıxış edən rektor qeyd edib ki, tədris və təlim prosesinin inkişaf etdirilməsi üçün potensialın gücləndirilməsi, tədqiqatların təşviq edilməsi və innovativ texnologiyaların tətbiqi layihənin məqsədləridir. Rektor mərkəzin fəaliyyətində perspektivləri dəyərləndirib, gələcək fəaliyyət istiqamətində mövcud təkliflərin də nəzərə alınacağını vurğulayıb.
İspaniyanın Valensiya Politexnik Universitetindən Javier Orozco mərkəzin fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. O, Erasmus+ Key Action tərəfdaşlığı olan Petra, texnologiya və innovasiyalardan istifadənin artırılması, tədris və tədqiqata dəstək verilməsi və Avropa ölkələri ilə uzunmüddətli tərəfdaşlıq quraraq Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsinə yönələn layihənin əhəmiyyətindən bəhs edib, mərkəzin fəaliyyətinə uğurlar arzulayıb.
Erasmus+ layihəsinin Azərbaycan nümayəndəliyinin direktoru Pərviz Bağırov bildirib ki, layihə çərçivəsində yaradılmış Təlim-Tədris Mərkəzi universitetin müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, tədris prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.
Layihə iştirakçıları – Jurnalistika və kitabxanaçılıq kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva, İngilis dili və tərcümə kafedrasının müəllimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə çıxışlarında qeyd ediblər ki, layihə təlim və tədrisdə mükəmməllik modelinin qurulmasına xidmət edəcəkdir. Diqqətə çatdırılıb ki, mərkəzin fəaliyyətinə 3 otaq ayrılıb və bu otaqlarda dəyəri 24 min 800 avro məbləğində olan avadanlıqlar quraşdırılıb.
Qeyd edək ki, yekunu Naxçıvan Dövlət Universitetində baş tutan layihədə İspaniyanın Valensiya Politexnik Universitetinin əməkdaşı Elena de la Poza da iştirak edib. Bu məqsədlə Azərbaycan ali məktəblərindən – Azərbaycan, Xəzər, Bakı Slavyan universitetlərində, eləcə də Azərbaycan Dillər, Pedaqoji, Gəncə, Sumqayıt Dövlət universitetlərinin də nümayəndə heyətləri Naxçıvan Dövlət Universitetində olublar. Qonaqlar ali təhsil ocağının fakültələrini gəzib, İKT, Media, Distant Təlim, Koreya mərkəzləri ilə tanış olublar. Universitetin maddi-texniki bazası, fakültələri, tədris imkanları qonaqlarda yüksək təəssürat formalaşdırıb. Onlar muxtar respublikanın turizm potensiallı yerlərində – Duzdağ Fizioterapiya Mərkəzində, Xan Sarayı, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Naxçıvan Biznes Mərkəzində, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində də olublar.
Üç gün davam edən tədbirin sonunda layihə əməkdaşlarına universitetin sertifikatları təqdim olunub.

Səadət ƏLİYEVA

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR