07 Aprel 2020, Çərşənbə axşamı

AMEA Naxçıvan Bölməsinin hərtərəfli fəaliyyəti üçün yaradılmış iş şəraiti muxtar respublikanın yeraltı və yerüstü sərvətlərinin daha dərindən, sistemli şəkildə öyrənilməsini təmin edib. Son illərdə bölmənin elmi-tədqiqat institutlarında müxtəlif sahələr üzrə aparılan tədqiqatların bəhrələri xeyli artıb. Bu elmi qurumun Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova da yaradılan şəraitdən səmərəli istifadə edən əməkdaşlardan biridir. O, 2004-cü ildən dünya elminin “ХХI əsrin mineralı” adlandırdığı seolitlərin tətbiq sahələrini, onların alınma şəraitini, fiziki-kimyəvi xassələrini araşdırır. Tədqiqat obyekti Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri əsasında müxtəlif quruluş tipli seolitlərin sintezi, onların tətbiq sahələrinin müəyyənləşdirilməsidir. 

Onun söhbəti: – Hazırda 200-ə yaxın sintetik və 50 müxtəlif quruluşlu təbii seolit mövcuddur. Özünün geoloji quruluşu, kontinental iqlimi, zəngin flora və faunası ilə Azərbaycanın digər məkanlarından fərqlənən muxtar respublikamızın ərazisində həm praktik, həm də nəzəri əhəmiyyətə malik təbii seolitin böyük yataqları var. Seolit tərkibli süxurlar Ordubad rayonunun Məzrə kəndindən Şahbuz rayonunun Güney Qışlaq kəndi istiqamətinədək uzanır.

Günel Məmmədova ilə söhbətimiz zamanı məlumat verdi ki, yüksək adsorbsiya, ion-mübadilə və katalitik xassələri ilə təbii seolitlər sənayedə, kənd təsərrüfatında, ekologiyada və başqa sahələrdə geniş tətbiq oluna bilər.
O, müasir analiz metodlarından istifadə etməklə Naxçıvan Muxtar Respublikasının təbii mineralı – seolitin quruluşlarını, tərkibini, fiziki-kimyəvi xassələrini, təsnifat və nomenklaturasını, tətbiq sahələrini araşdırıb. Aparılan tədqiqatlarda təbii Naxçıvan seoliti əsasında müxtəlif quruluş tipli seolitlər və alümosilikatlar alınıb. Deyir ki, alınan yeni seolit növləri mühüm sənaye əhəmiyyətinə malikdir. Təsadüfi deyil ki, son illər təbii mineral seolitlər özünün maraqlı quruluş xüsusiyyətləri və spesifik xassələri ilə dünyanın bir çox ölkələrinin alim və tədqiqatçılarının da diqqətini cəlb edir.
Onu da qeyd edək ki, Günel Məmmədova tərəfindən tədqiq edilən nümunənin tərkibində toksik elementlərə rast gəlinmir. Bu isə təbii seolit nümunəsinin zəhərsiz olduğunu göstərir və seolit süxurlarının bioloji aktiv əlavələr, tibbi preparatların komponenti, heyvandarlıqda yemə əlavələr kimi tətbiq sahələrində istifadəsinin mümkünlüyünə əsas verir.
Naxçıvanda seolitin torpaq strukturunun yaxşılaşdırılmasına, uduculuq qabiliyyətinə, meliorativ xüsusiyyətlərinə, həmçinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına aid bir çox tədqiqatlar aparılıb, müsbət nəticələr alınıb. 2006-cı ildən AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Dənli taxıl, paxlalı və texniki bitkilər laboratoriyasında bu qiymətli mineral üzərində tarla təcrübələri aparılıb. Bu təcrübələrdə kartof bitkisinin, qarğıdalının, lobyanın, mərciməyin, noxudun, arpanın, yumşaq buğdanın 4 müxtəlif növünə aid 750 sort nümunələrdən istifadə olunub.
Naxçıvan seoliti tərəvəz bitkiləri üzərində də sınaqdan keçirilib. Bütün tarla təcrübələri muxtar respublikanın qədimdən suvarılan boz torpaqları şəraitində aparılıb. Nəticədə, 5-8 dəfə artıq məhsuldarlıq qeydə alınıb. Aparılan tədqiqatlarda müəyyən olunub ki, seolit mineralının tətbiqi nəticəsində tərəvəzlərdə, üzümdə, taxılda yüksək məhsuldarlıq əldə edilib və bu da böyük iqtisadi səmərə deməkdir.
Günel Məmmədova qeyri-ənənəvi xammal növləri arasında Naxçıvan Muxtar Respublikası Göycələr təzahürünün və Gilançay sahəsi üzrə seolitlərin xüsusi yer tutduğunu, zəngin ehtiyatları olan təbii seolitlərin neft-kimya proseslərində, sutəmizləyici qurğularda, kimya sənayesi istehsalında, tibdə, heyvandarlıq və quşçuluqda istifadəsinin səmərəliliyini qeyd edir.
Günel Məmmədovadan gələcək planları ilə də maraqlandıq.
– Elmin məhsuldar qüvvəyə çevrilməsi günün tələbidir, – deyir. Dövlətimiz bu məsələyə böyük diqqət yetirir. Hər bir alim apardığı tədqiqat işinin səmərəliliyini də bunda görür. Göstərilən etimad qarşısında çalışıram ki, apardığım tədqiqat işi Azərbaycan elminə fayda versin. Bacarığımı, təcrübəmi, biliyimi də işimə sərf edirəm.
Kimyaçı alimin uğurlu nailiyyətlərinin nəticələri ölkəmizin hüdudlarından kənarda, yüksək reytinqli beynəlxalq kodlu elmi jurnallarda işıq üzü görüb, xarici tədqiqatçılar tərəfindən əsərlərinə istinad olunub ki, bütün bunlar da milli elmimizin uğurlu nəticələrini dünyaya çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Günel Məmmədovanın elmi-tədqiqat işlərinin nəticəsi kimi müxtəlif illərdə Almaniyanın Saarbrüken şəhərində ingilis və rus dillərində monoqrafiya və kitabları nəşr edilib.
Onun elmi məqalələri ABŞ-da çapdan çıxan nüfuzlu “Glass Physics and Chemistry” (“Şüşənin fizikası və kimyası”) jurnalında rus və ingilis dillərində, Moskva Dövlət Universitetinin “Xəbərlər” jurnalının Kimya bölməsində, Almaniyanın beynəlxalq “Springer” nəşriyyatı tərəfindən ingilis dilində nəşr edilib və onlayn satışa çıxarılıb.
Ümumilikdə, Günel Məmmədova 130-dan çox elmi əsərin, 3 mono­qrafiyanın, 3 patentin müəllifidir.
Gənc tədqiqatçı elm sahəsində səmərəli nailiyyətlərinə görə 2010-cu ildə bölmə tərəfindən təbiət və texniki elmlər üzrə “İlin alimi”, 2 fevral – Gənclər Günü Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən yaxşı gənc alimi” adlarına layiq görülüb. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən və Krasnodarda keçirilən beynəlxalq konfransda çıxışının yüksək elmi dərəcəsinə görə diplomla təltif edilib.
O, 2010-2019-cu illərdə Rusiyada, Amerika Birləşmiş Ştatlarında, İngiltərədə, Sinqapurda fəaliyyət göstərən beynəlxalq elmi jurnalların redaksiya heyətinə üzv seçilib.
Tədqiqatçı 2012-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun gənc alim və mütəxəssislərin I qrant müsabiqəsində “Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən yeni yüksək temperatura davamlı istilikizolyasiya materiallarının, seolitlərin alınma metodlarının işlənməsi” adlı qrant layihəsinin qalibi olub. Həmin layihə Elmin İnkişafı Fondunun uğurlu layihəsi kimi qiymətləndirilib.
Onun 2014-cü ildə 28 May – Respublika Günü münasibətilə gənc alimlər üçün AMEA Rəyasət Heyətinin keçirdiyi qrant müsabiqəsinə təqdim etdiyi elmi-tədqiqat işi 2-ci yerə layiq görülərək mükafatlandırılıb.
Gənc alim 2016-cı ildə Rusiya Federasiyasının Krasnoyarsk şəhərində fəaliyyət göstərən Elmi-innovasiya mərkəzi tərəfindən elmi tədqiqatların inkişafındakı roluna görə fəxri fərmanla təltif olunub. 2017-ci ildə Rusiya Federasiyasının Təbiətşünaslıq Akademiyasının professoru seçilib.
Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən keçirilən ixtiraçılıq sahəsində IV respublika müsabiqəsində “Tomsonit tipli seolitin alınma üsulu” patenti diplom və pul mükafatına layiq görülüb.
2018-ci ildə Çinin Hangzhou şəhərində keçirilən “Ətraf mühit və geoelm” beynəlxalq konfransının rəyçisi və Fransada fəaliyyət göstərən Beynəlxalq Seolit Assosiasiyasına üzv seçilib. Elə həmin ildə Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən keçirilən ixtiraçılıq sahəsində V respublika müsabiqəsində yerli xammal əsasında etdiyi ixtiraları diplom və pul mükafatına layiq görülüb. Qeyd edək ki, ixtiralarda ilkin maddə kimi Naxçıvan Muxtar Respublikasında böyük yatağı olan dolomitdən və gil mineralı qalluazitdən istifadə olunub. Alınan seolit nümunələri də fiziki-kimyəvi analiz metodları ilə tədqiq edilib.

Türkanə Bəylərli
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və
informasiya şöbəsinin əməkdaşı

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR