01 İyun 2020, Bazar ertəsi

Məlum olduğu kimi, dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə, o cümlədən də muxtar respublikada tədris müvəqqəti olaraq dayandırılıb. Buna baxmayaraq, muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin sinif rəhbərləri tərəfindən mövzular dərs cədvəlinə uyğun olaraq şagirdlərə ev şəraitində çatdırılır. Həmçinin müəllimlər müxtəlif proqramlar vasitəsilə şagirdlərə gündəlik dərsləri onlayn qaydada izah edirlər. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytında şagirdlərin ev şəraitində öz biliklərini daha da dərinləşdirmələri üçün zəruri şərait təşkil olunub. Belə ki, tehsil.nmr.az saytında videodərslər, vizuallaşdırılmış dərslər, elektron dərslik bölmələri üzrə keçidlər yaradılıb. Bu bölmələrdə dərslər gündəlik olaraq yenilənir.

Şagirdlərin istedadlarının üzə çıxarılması ilə bağlı nazirlik tərəfindən vaxtaşırı müxtəlif istiqamətlərdə onlayn yaradıcılıq müsabiqələri təşkil edilir. Məktəblilərin ev şəraitində asudə vaxtlarını səmərəli keçirməsi, onları müxtəlif fəaliyyətlərlə motivasiya etmək, heykəl­təraşlıq üzrə istedadlarını aşkara çıxarmaq məqsədilə “Evdə qal, yaradıcılıqdan qalma!” devizi ilə “Plastik obrazlar” mövzusunda virtual heykəltəraşlıq müsabiqəsi keçirilib.
Muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında mayın 12-dək davam edəcək “Naxçıvan – mənim doğma diyarım” onlayn şeir müsabiqəsinə də start verilib. Müsabiqə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin ­y­aradiciliq.merkezi “Instagram” səhifəsində virtual qaydada təşkil olunur. Mövzularla bağlı keçirilən müsabiqədə bütün yaş kateqoriyalarına aid şagirdlər iştirak edə bilər. Müsabiqədə fərqlənən şagirdlər sonda diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Ötən tədris ilindən başlayaraq verilmiş tapşırığa əsasən, məktəb dərsliklərinin nəşrqabağı təkmilləşdirilməsi ilə əlaqədar muxtar respublika ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin iştirakı ilə müzakirələr keçirilir. Prosesin davamı olaraq 2019-2020-ci tədris ilində müzakirələrin IX-X sinif dərsliklərinin təkmilləşdirilməsinə dair birinci mərhələsi yanvar ayında yekunlaşıb.
Yenidən nəşri nəzərdə tutulan I, V və IX sinif dərsliklərinin nəşrqabağı təkmilləşdirilməsinə dair ikinci mərhələ isə dünyada yayılmış pandemiya ilə əlaqədar olaraq nazirlik tərəfindən “Zoom” proqramı vasitəsilə onlayn qaydada həyata keçirilir. Aprelin 28-dən başlayan müzakirələrdə ardıcıl olaraq müxtəlif fənlər üzrə dərsliklər müzakirə edilib.
Müzakirələrin nəticəsi olaraq yekun rəy ümumiləşdirilərək Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim ediləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR