24 Sentyabr 2020, Cümə axşamı

“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə onlayn görüş keçirilib.

“Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədov görüşdə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının əhəmiyyətindən danışıb. Bildirib ki, gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələri sürətli və dayanıqlı inkişafın əsas amillərindən biridir.
Sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Orxan Abdinovun “Muxtar respublika sahibkarlarının beynəlxalq tədbirlərdə iştirakının yerli istehsal məhsullarının dünya arenasında təbliği və təşviqində əhəmiyyəti” mövzusunda çıxışı dinlənilib.

Bildirilib ki, yerli məhsulların nümayiş etdirildiyi sərgilər ticarət əlaqələrinin genişləndirilməsi, iş adamları arasında ünsiyyətin qurulması və əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli, yeni tərəfdaşların tapılması, istehsalın şaxələndirilməsi və müəssisələrin imicinin formalaşdırılması baxımından faydalıdır.

Son illər muxtar respublikamızda emal və istehsal müəssisələrinin sayının artması sahibkarlığın inkişafına ciddi önəm verilməsinin göstəricisidir. Həmin müəssisələrdə istehsal olunan məhsullar daxili bazarın qorunmasında mühüm əhəmiyyət daşıyır. Yaradılmış şərait hesabına dünyaya inteqrasiya olunduğumuz bir dövrdə artıq sahibkarlar daxili bazarla kifayətlənməyərək həm də rəqabətədavamlı, ixracyönümlü məhsul istehsalına da ciddi fikir verirlər. Bir neçə ildir ki, müxtəlif sahibkarlıq subyektləri öz məhsullarını xarici bazarlara çıxarmaq imkanları da qazanıblar. Keyfiyyətli və ixracyönümlü məhsul istehsalı işin bir tərəfidirsə, onun xarici bazara çıxarılması üçün şərait yaradılması digər tərəfidir. Bu cəhətdən xarici ölkələrdə təşkil olunan beynəlxalq tədbirlər mühüm əhəmiyyət daşıyır. Ölkə daxilində və xaricində həyata keçirilən sərgilərdə və bir sıra tədbirlərdə sahibkarların iştirakının təmin olunması, yerli məhsulların nümayişi ilə bərabər satışının dəstəklənməsinə də xidmət edir.
Sonda tələbələrin sualları cavablandırılıb.

Seyfur HACIMURADOV

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR