19 Sentyabr 2020, Şənbə

Ölkəmiz müstəqillik əldə etdikdən sonra qəbul etdiyi Təhsil Qanununa və sonrakı illərdə ölkə Prezidentinin sərəncamlarına əsasən həyata keçirilməsi zəruri sayılan təhsil islahatlarının direktiv və proqram sənədlərinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası öz təhsil sistemini yaratdı.

 Təhsil islahatının sənədlərinə görə, respublikanın ümumtəhsil məktəbləri üçün tədris proqramları və dərsliklərin yenilənməsi qarşıya konkret vəzifə kimi qoyuldu. 90-cı illərə qədər proqram və dərsliklərdəki marksizm, leninizm ideyaları, kommunist ideologiyasının məfkurə məsələlərindən imtina edildi. Tədris fənlərinin məzmunu yeniləşdi. Həmin məzmuna ölkəmizin tarixini, coğrafiyasını, iqtisadiyyatını, kənd təsərrüfatını, sənayesini, milli mədəniyyətini, əxlaqını əks etdirən mövzularla yanaşı, ümumbəşəri dəyərlər də daxil edildi. Tədris fənlərinin kəmiyyət və keyfiyyətində yeniliklər öz əksini tapdı.

Təhsil işçilərinin öhdəsinə düşən əsas məsələlərdən biri də bu qanunlara uyğun tədris sistemimizi qurmaq və imkan yarandıqca yeni növ tədris metodikalarından istifadə etməkdir.
Günümüzün qlobal problemi olan pandemiya ilə əlaqədar bütün tədris sistemində baş vermiş müvəqqəti fasilə zamanı distant təhsilin faydası ölkəmizdə də aydın görünməkdədir. İstər ali, istərsə də orta təhsil müəssisələrində distant təhsilin tədrisi geniş yayılmaqdadır. Qeyd edim ki, tədris proqramından şagird və tələbələrin geri qalmaması üçün müəllim heyəti həvəslə çalışır, öz səylərini əsirgəmirlər.

Hazırda Naxçıvan Dövlət Universitetində “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia” layihəsi çərçivəsində Öyrənmənin İdarə Olunması Sistemi (Learning Management System) fəaliyyətə başlayıb. Bu sistemdə hər bir tələbənin adı, semestr üzrə keçirilən fənlər və tədris planları sistemə daxil edilib, elektron mühazirə otaqları yaradılıb. Həmçinin sistemdə tələbələrə mühazirələrin, videodərslərin, kurs işi və sərbəst iş mövzularının çatdırılması, tələbələrin öyrənməsinə nəzarət üçün onlara test və ya açıqtipli sualların verilməsi də mümkündür. Qazanılan təcrübəyə əsasən qeyd edə bilərəm ki, yeni tədris metodikası ilə tələbələr daha həvəsli şəkildə xarici dil öyrənməyə maraqlıdır. Məsələn, universitetlərdə İKT imkanlarının genişliyi şərait yaradır ki, tələbələr xarici dildə danışıq səviyyəsini dərslərdə videoçarxlara baxaraq dinləmə mətnlərini daha yaxşı mənimsəsinlər. Bundan əlavə, oxu materialları, qəzet və jurnallardan, internet materiallarından istifadə onların istər nitqində, istərsə də ləhcələrinin formalaşmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda dərsin quruluşu və metodu müasir standartlara cavab verir. Tələbələr universitetdə bütün dərsi qavrayır və hətta öyrəndiklərini ətraflarında dost və yaxınlarına da öyrədirlər ki, bu da onlarda özünə əminlik yaradır. Bir sözlə, ingilis dilinin tədrisi zamanı kompüterdən istifadə etməklə, hər bir tələbə suala cavab verməklə dərs prosesində fəal iştirak edə bilər. İnteraktiv modellərlə, illüstrasiyalı materiallarla, multimedia ilə aparılan tədris təhsil prosesini yüksək səviyyəyə qaldırmaqla bərabər, həm də tələbələr üçün ənənəvi sxem və cədvəllərlə verilən dərslərdən daha maraqlı və rəngarəng olacaq. Nəticədə, tələbənin dərsə marağı artacaq və növbəti dərslərdə o özü tədqiqatçı olacaq, yəni internetdən sərbəst istifadə etməklə lazım olan materialları əldə edə biləcək.

Sonda onu qeyd edək ki, internet tədris materiallarının yayılması üçün xüsusi zəruri vasitədir. Distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir. Məsafəli təhsil proqramları hər hansı bir təhsil müəssisələrinə qeydli olmayan şəxslərə də təhsil imkanı yaradır.

Nahidə Heydərova
Naxçıvan Dövlət Universitetinin müəllimi

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR