02 İyun 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, son illərdə Naxçıvanda 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, ən müasir infrastruktur yaradılıb, maddi-texniki baza, pulsuz dərsliklərlə təchiz olunub. Bu gün, demək olar ki, nəinki şəhər və rayon mərkəzlərində, ucqar kəndlərimizdə belə, gələcəyimiz olan şagirdlərimizin təhsil almaları üçün müasir tədris şəraiti yaradılıb.

Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi təhsilin müasir standartlar səviyyəsində qurulmasına, xüsusən də dəqiq elmlər sahəsində dərin bilik verilməsinə zərurət yaradır. Bununla əlaqədar muxtar respublikamızda dəqiq elmlər sahəsi üzrə kadrların hazırlanması diqqətdə saxlanılmış, təhsilə göstərilən hərtərəfli qayğının daha bir nümunəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmışdır.
2015-ci il sentyabrın 15-də – Bilik Günündə istifadəyə verilmiş, tədris və yataqxana korpuslarından ibarət liseydə fizika və riyaziyyat kimi dəqiq elmlərin, eləcə də digər fənlərin tədrisi üçün hərtərəfli şərait yaradılıb. Təhsil ocağı 380 yerlik tədris korpusu, 5-i elektron lövhəli olmaqla, 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat, kompüter, müəllimlər otağı, 55 yerlik akt zalı, kitabxana, arxiv və bufetlə təchiz olunmuşdur. Liseydə internetlə bağlantısı olan 45 kompüter quraşdırılmış, kitabxana 4 min 184-ü dərslik, 2 min 65-i bədii ədəbiyyat olmaqla, 6 min 249 kitab və eyni zamanda elektron dərsliklərlə zənginləşdirilmişdir. Şagirdlərə elektron lövhələr vasitəsilə muxtar respublikanın müxtəlif muzeylərindən birbaşa yayımlanan interaktiv dərsləri izləmək imkanı yaradılmışdır.
Təhsil müəssisəsinin 273 yerlik yataqxanasında 5 və 3 yerlik 87 yataq otağı, növbətçi, nəzarətçi və istirahət, həkim və müayinə otaqları, idman zalı, yeməkxana, mətbəx, ərzaq anbarları, bərbərxana, təsərrüfat otağı və camaşırxana vardır. Otaqlar zəruri mebel avadanlıqları ilə təchiz olunmuşdur. Bütün bunlar isə şagirdlərin sağlam böyüməsinə, hərtərəfli inkişafına səbəb olan amillərdir.
Liseydə təhsil alan 237 şagirdin təlim-tərbiyəsi ilə 31 müəllim məşğul olur. 5 ildir, fəaliyyət göstərən liseyi indiyədək 76 məzun bitirmişdir. Onlardan 3-ü qızıl, 1-i gümüş medalla, 14-ü isə fərqlənmə attestatı ilə təhsillərini başa vurmuşdur. Məzunların hamısı respublikanın müxtəlif ali məktəblərinə daxil olaraq tələbə adını qazanmışlar. 28 məzunun göstəricisi isə 500-700 bal intervalında olmuşdur.
Müasir tədris şəraiti yaradılan liseydə muxtar respublikanın ayrı-ayrı rayonlarından olan uşaqlar təhsil alırlar. Onlar dövlət hesabına yataqxana və yüksəkkeyfiyyətli yeməklə təmin edilirlər. Bu təhsil ocağında təhsil iki – ümumi orta və tam orta təhsil pillələrində aparılır. Həmçinin şagirdlər burada fizika və riyaziyyat fənləri üzrə yüksək səviyyədə hazırlıqla təmin edilirlər.
Liseydə təhsil almaq üçün müraciət edən şagirdlərin sayı ilbəil artmaqdadır. Təhsil müəssisəsinə qəbul növbəti tədris ilində ümumtəhsil məktəblərinin VII sinfində təhsil alacaq oğlan şagirdləri arasında müsabiqə yolu ilə aparılır. Qeyd edək ki, hazırda liseyə 2020-2021-ci tədris ili üzrə şagird qəbuluna başlanılıb. Mayın 6-da start verilmiş sənəd qəbulu mayın 29-dək davam edəcəkdir.
İyun ayının 10-da test formatında keçiriləcək imtahanda muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır. Ümid edirik ki, yeni tədris ili üçün Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə müasir standartlarla təchiz olunmuş şəraitdə təhsil almaq istəyən şagirdlər müsabiqədə fəal iştirak edəcəklər.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR