26 May 2020, Çərşənbə axşamı

 

  

Ümumiyyətlə, bədii tərcümə dedikdə bir dildəki bədii əsərin başqa dilə çevrilməsi nəzərdə tutulur. Bədii tərcümənin tarixi isə hər bir ölkənin ədəbiyyat tarixinin ayrılmaz hissəsi hesab olunur. Tərcüməçilik özü də yaradıcılıq hadisəsidir və ona görə də biz tərcüməçiliyə bədii yaradıcılığın bir növü kimi baxırıq. Son illər elmi ədəbiyyatşünaslığımızda bədii tərcümə sahəsində sistemli və eyni zamanda səmərəli işlər həyata keçirilməkdədir. Naxçıvan ədəbi mühitinin nümayəndələrinin də bu sahədəki fəaliyyəti  nümunəvi xarakter daşıyır. Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bədii tərcümə sahəsində xeyli mühüm işlər aparılmışdır.

Naxçıvan ədəbi mühitində özünü göstərən bədii tərcümə fəaliyyəti bu səmərəli işin tərkib hissəsi kimi özünü göstərir. 2012-ci il, oktyabr ayının 19-da Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı keçirilmiş, həmin konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxışında Yazıçılar Birliyinin qarşısında bir sıra problemlərin həlli məsələsini qoymuşdur. Bu problemlərdən biri də bədii tərcümə ilə bağlı olmuşdur. Həmin konfransda Ali Məclisin Sədri demişdir: “Ciddi problemlərdən biri də bədii tərcümə ilə bağlıdır. Bu olmadan bədii əsərləri tərcümə edib yaymaq mümkün deyil. Muxtar respublikamızda elmi və publisistik əsərlərin, tarixi mövzuda yazılmış kitabların tərcüməsi sahəsində müəyyən təcrübə vardır. Lakin istər klassik, istərsə də müasir bədii əsərlərin tərcüməsi sahəsində boşluq qalmaqdadır. Muxtar respublikada xarici dillərdən birbaşa tərcümə ilə məşğul olan yazıçı və şairlərin olmasını əsas götürərək Yazıçılar Birliyi nəzdində bədii tərcümə mərkəzi yaratmaq mümkündür”. Konfransdan sonra Yazıçılar Birliyinin nəzdində bədii tərcümə mərkəzi yaradılmış, filologiya üzrə fəlsəfə doktoru,  şair, tərcüməçi Şirməmməd Qüdrətoğlu bədii tərcümə mərkəzinə rəhbər təyin edilmişdir. Eyni zamanda bədii tərcümə ilə məşğul olan şair və yazıçılarımıza tövsiyyə olunmuşdur ki, xarici dillərdən bir sıra maraqlı əsərləri dilimizə tərcümə etsinlər. Qeyd edək ki, bu sahədə artiq müəyyən təcrübə əldə olunmuşdur. Belə ki, şair və yazıçılarımızdan Həmid Arzulunun, Şirməmməd Qüdrətoğlunun alman və ingilis dillərindən etdiyi tərcümələr kitab şəklində oxuculara çatdırılmış və əsərlər mətbuatda çap olunmuşdur. Yeri gəlmişkən xatırladım ki, mərhum şairimiz Vaqif Məmmədovun, istedadlı şair Elxan Yurdoğlunun türk poeziyasından çevirdiyi tərcümələr ayrıca kitab şəklində oxuculara təqdim olunmuşdur. Son illərdə isə AMEA-nın müxbir üzvü, Əbülfəz Amanoğlunun dünya ədəbiyyatının korifeylərindən sayılan Cəlaləddin Ruminin “Məsnəvi”sini ilk dəfə olaraq dilimizə çevirməsi müsbət ədəbi hadisə kimi dəyərləndirilir. Qeyd edək ki, üç kitabdan ibarət olan “Məsnəvi” Ali Məclis Sədrinin xüsusi qayğısı ilə çap olunaraq oxucuların ixtiyarına verilmişdir. Bir məsələni də diqqətə çatdırmaq lazımdır ki, müxtar respublikamızda yaşayıb-yaradan şair və yazıçılarımız əsərlərin böyük bir qismini orijinaldan tərcümə etmişlər. Əvvəllər, xüsusilə keçmiş sovetlər birliyi dövründə əsasən dilimizə olan tərcümələr rus dili vasitəsilə aparılmışdır. Bu da təbii ki, bəzi söz və ifadələrin dilimizə doğru-düzgün şəkildə tərcüməsinə müəyyən mənada təsir göstərmişdir. Ancaq respublikamız müstəqillik əldə etdikdən sonra orijinaldan tərcüməyə xüsusi əhəmiyyət verilmiş, tərcümə işləri bu istiqamətdə artmışdır. Qeyd edim ki, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Tərcümə Mərkəzi tərəfindən üç kitabdan ibarət olan “Dünyaya pəncərə” adlı almanax yüksək səviyyədə işlənərək oxucuların ixtiyarına verilmişdir. Bu kitablara daxil olan əsərlərin böyük bir qismi orijinaldan edilən tərcümələrdir. Üç hissədən ibarət olan almanaxa xarici müəlliflərin yaradıcılığından şeirlər, hekayələr və dram əsərləri daxildir. Şeirlər toplanan hissəyə  türk, rus, ingilis, fransız dilindən olan tərcümələr daxildir. Kitabın ingilis dilindən tərcümələr yer alan hissəsi demək olar ki, tamamilə filologiya üzrə fəlsəfə doktoru Şirməmməd Qulubəyliyə məxsusdur.  Tərcüməçi burada Vilyam Şekspir, Tomas Mur, Corc Qordon Bayron, Lənqston Hyuz, Stivenson, Persi Bişi Şelli, Robert Berns, Koleric, Çarlz Makkey, Lonqfellou, Tomas Hud kimi məşhur ədibləri şeirlərindən bədii tərcümələr təqdim etmişdir. Qeyd etmək lazımdlr ki, çevirmələr orijinal mahiyyətini saxlamaqla yüksək səviyyəli bədii tərcümə keyfiyyətini özündə etiva etmiş nümunələrdir.

Məlumdur ki, geniş elmi-ədəbi ictimaiyyət arasında Şamil Zaman bir ədəbiyyatşünas, istedadlı şair və nasir, eyni zamanda bacarıqlı bir tərcüməçi kimi tanınır. Onun fransızcadan Azərbaycan dilinə tərcümə etdiyi görkəmli fransız yazıçısı Prosper Merimenin “Məhəbbət ilahəsi”, Qəzənfər Paşayevin tərtib etdiyi “Nostradamusun möcuzəli aləmi” kitabları Şamil Zamanın tərcüməçilik sahəsindəki uğurlu addımlarındandır. Ümumiyyətlə, ədib Prosper Merimedən başqa Viktor Hüqo, Onore dö Balzak, Aleksandr Dümanın əsərlərindən Azərbaycan dilinə etdiyi tərcümələrlə yüksək istedadlı və zəhmətkeş bir tərcüməçi olduğunu isbat etmişdir. Qədim Naxçıvan diyarında dünyaya göz açan Şamil Zamanı digər tərcüməçilərdən fərqləndirən cəhətlərdən biri onun həmçinin doğma Azərbaycan ədəbiyyatından nümunələri birbaşa fransız dilinə yü ksək bədiiliklətərcümə etməsidir. Şamil Zaman fransız dilinə onlarla tərcümələr etmişdir. O, həmçinin Məmməd Arazın “Dünya sənin, dünya mənim”, Elmira Qasımovanın “Xatirə”, Vaqif Məmmədovun “Zirvədən baxanda” kitablarını fransızcaya tərcümə etmiş və bu iş ölkəmizdə və Fransada rəğbətlə qarşılanmışdır. Görkəmli akademikimiz İsa Həbibbəylinin ön sözü ilə işıq üzü görən, içərisində Şamil Zamanın tərcümələrinin yer aldığı “Naxçıvanın şeir çələngi” antologiyasında Azərbaycan ədəbiyyatının böyük bir qolunu təşkil edən Naxçıvanda yaşayıb-yaradan hər şairdən beş şeir təqdim edilmişdir. Qeyd edək ki, bu şeir toplusu Naxçıvan Muxtar Respublikasında yaşayan şairlərin əksəriyyətinin yaradıcılığını əhatə edir.  Bir faktı da nəzərə çatdırmaq lazımdır ki, Şamil Zaman fransız ədəbiyyatının görkəmli nümayəndəsi Qustav Floberin “Salambo” romanını dilimizə tərcümə etmişdir və bu kitab Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Tərcümə Mərkəzi tərəfindən 2020-ci ildə yenicə nəşr olunmuşdur. Ədəbiyyata xüsusi yanaşma üsulu ilə yaxınlaşan, “Madam Bovari”, “Salambo”, “Hissi tərbiyə” romanları ilə dünya oxucularının diqqətini cəlb edən görkəmli fransız yazıçısı Qustav Floberin bu romanı Şamil Zaman tərcüməsində öz üslubu, dil keyfiyyəti  və orijinallığını qoruyub saxlamışdır.

Qeyd etmək lazımdır ki, ədəbiyyata əvvəlcə şeirlə gələn, daha sonra həm nəsr, həm də alman dilindən bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərən, geniş oxucu kütləsinin rəğbətini qazanmış, filologiya elmləri doktoru Həmid Arzulunun Efraim Lessinqdən “Əsgər səadəti”, Bertold Brextdən “Üçüncü imperiya”, “Cuhud arvad”, “Ədalət məhkəməsi” kimi dram əsərlərinin sanballı tərcüməsi Naxçıvan Muxtar Respublikası Tərcümə Mərkəzi tərəfindən hazırlanan “Dünyaya pəncərə” adlı kitabda öz əksini tapmışdır.

Naxçıvan ədəbi mühitində bədii tərcümə işi ilə məşğıul olan görkəmli tərcüməçilərimizdən biri də Şirməmməd Qüdrətoğludur. O, ingilis müəllifləri ilə yanaşı Amerika müəlliflərinin də yaradıcılığına müraciət edərək onların əsərəlindən bəzilərini dilimizə tərc etmişdir. Eyni zamanda Şirməmməd Qüdrətoğlu məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin bir neçə hekayəsini də dilimizə tərcümə etmişdir. Qeyd edim ki, görkəmli yazıçının Ali Məclisin Sədri cənab Vasif Talıbov sərəncamı ilə oxunması zəruri olan kitablar siyahısına daxil edilən “Qoca və dəniz” əsəri, “Əcəl zəngi”, “Əlvida silah” kimi romanları Azərbaycan oxucularına yaxşı tanışdır. Şirməmməd Qüdrətoğlunun tərcüməsində məşhur yazıçı E. Heminqueyin hekayələri də rəğbətlə qarşılanmış, tərcüməçinin özünəməxsus sənətkarlıqla dilimizə çevirdiyi əsərlər oxucu arenasında yüksək səviyyəli bədii zövqü özündə etiva edə bilmişdir. Onun tərcümə etdiyi hekayələr “Dünyaya pəncərə” kitabında oxucuların ixtiyarına verilmişdir. Burada Ernest Heminqueyin “Frənsis Makomberin qısa xoşbəxt həyatı”, “Qatillər”, “Yağış altında pişik”, “Hindu qəsəbəsi”, “İspaniyada şəhid olmuş amerikalıların xatirəsinə”, “Bir gün çəkən intizar”, “Təmiz, işıqlı olan yerdə” kimi hekayələri Şirməmməd Qüdrətoğlunun  tərcüməsində yüksək səviyyədə işlənərək oxuculara təqdim olunmuşdur. Qeyd edim ki, Şirməmməd Qulubəyli eyni zamanda tərcümə yaradıcılığında qədim ingilis ədəbiyyatının ən qədim və həcm etibarilə ən böyük nümunəsi olan “Beəvulf” eposundan da tərcümələr etmiş və bu tərcümə də digər nümunələrlə yanaşı tərcüməçinin “Ürəkdən ürəyə” kitabı adı altında oxuculara təqdim olunan ingilisdilli poeziya nümunələrinin orijinaldan tərcüməsi toplusunda (kitabında) nəşr edilmişdir. 

Qeyd edək ki, oxucular şeirlərdən ibarət “Dünyaya pəncərə” kitabında Kəmalə Ağayevanın, Hüseyn Razinin, İsa Həbibbəylinin, Müxtar Qasımzadənin, Şamil Zamanın tərcüməsində Aqniya Barto, Aleksandr Blok, Boris Pasternak, Rəsul Həmzətov, Rimma Kazakova, Vladimir Basin, Rəmz Babacan, Əhməd Sövqi, Klod Jozef Ruqe Dö Lil, Pyer Jand dö Beranje, Viktor Hüqo, Şarl Zasayi kimi məşhur şairlərin yaradıcılığı ilə tanış olmaq imkanı qazanıblar. Bir faktı da diqqətə çatdırmaq lazımdır ki, kitabda Şirməmməd Qüdrətoğlu ilə yanaşı, Ələddin Abbasovun, Hüseyn Əsgərovun, Bağır Qədimin tərcümələrində də bir sıra xarici ölkə yazıçılarının maraqlı hekayələri işıq üzü görmüşdür. Ələddin Abbasovun Xorxe Luis Borxesdən tərcümə etdiyi “Pedro Salvadores”, Bağır Qədimovun Əli Çapar Nailpurdan tərcümə etdiyi “Küləkli gecə” hekayələri ifadə səlisliyi və orijinallığı ilə diqqəti cəlb edir.

Naxçıvan ədəbi mühitində tərcüməçilik fəaliyyəti ilə məşğul olan, bədii tərcümə sahəsində öz dəsti-xətti ilə tanınan müəlliflərdən biri də əməkdar jurnalist publisistik yazıları ilə daim diqqət mərkəzində olan Hüseyn Əsgərovdur.  Onun 2017-ci ildə “Əcəmi” nəşriyyatında çap olunan “Gülüşlərin cingildəsin saz kimi” kitabında publisistik yazıları ilə yanaşı, rus və türk müəlliflərindən çevirdiyi, eləcə də rus dili vasitəsilə Avropa və Amerika müəlliflərindən etdiyi tərcümələr Naxçıvan ədəbi mühitində bədii tərcümə sahəsinə olan töhfədir. Huseyn Əsgərov Əziz Nesinin “Şərməndi nə vaxt doğulub”, “Xəzinədəki paslı tənəkə” Anton Çexovun “Hiylə”, Yordan Popovun “Duel”, İqor Danilov İvuşkinin “Təbiətin möcuzəsi”, “Reanimasiya”,  Mixail Zoşşenkonun “1 aprel zarafatı” və sairə əsərləri uğurla dilimizə tərcümə edilmişdir. Qeyd etdiyimiz kimi Hüseyn Əsgərov eyni zamanda rus dili vasitəsilə də tərcümələr etmişdir. Bunlardan Mark Tvenin “Həzrəti Adəmin gündəliyindən səhifələr”, Robert Tompkisin “Həqiqət sorağında”, Dariuş Bitnerin “Fərasətli cilingər” kimi hekayələri yüksək bədiiliklə təqdim edilərək Nxçıvan, eləcə də Azərbaycan oxucuların rəğbətini qazanmışdır. Qeyd edək ki, Hüseyn Əsgərovun tərcümələri eyni zamanda “Dünyaya pəncərə” adlı kitabın hekayələr toplanan hissəsində də yer almışdır. Burada müəllifin Əziz Nesindən “Yağış yağanda”, “Karın könlündəki”, “Unikal mikrob”, Avtandil Adeaşvilidən “Sizin işiniz deyil”, Aleksandr Matyuşkindən “Elmə əsasən”, Arkadi İnindən “Maraqlı iş”, Xosrov Şahanidən “Plastik əməliyyat” kimi tərcümələri təqdirəlayiqdir.

Mərhum şairimiz Vaqif Məmmədov da bədii tərcümə sahəsində uğurlu addımlar atmış, həm nəzm, həm də nəsr sahəsində qələmini sınamışdır. Onun Naxçıvan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Tərcümə Mərkəzi tərəfindən nəşr olunan “Dünyaya pəncərə” kitabına daxil olan tərcümələrindən İslam Beytullah Erdidən “Yaşamaq haqqı”, İmdad Avşardan “Həmdi kirvə” hekayələri, eləcə də Yəhya Akengin, Ataol Bəhramoğlu, Səbri İbrahim Alagöz, Osman Baymak, Niyazi Hüseyn Bəxtiyar, ömər Osman Erendoruk, İlhami Emin, Necati Zekeriye və başqa Türkiyə müəlliflərindən tərcümə etdiyi şeirlər tarix üzrə fəlsəfə doktoru, şair Vaqif Məmmədovun bədii tərcümə sahəsində apardığı mühüm, bir o qədər də məsuliyyətli işdən xəbər verir. Şeirlərin çevirmələrində istifadə olunan bədii təsvir və ifadə vasitələrindən yüksək sənətkarlıqla, yerli-yerində istifadə edən Vaqif Məmmədov bədii tərcümə sahəsində istedadlı bir müəllif kimi formalaşmasını sübuta yetirmişdir.

Qeyd edək ki, bədii tərcümə sahəsində maraqlı məqamlardan biri Naxçıvan ədəbi mühitində yazıb-yaradan müəlliflərin başqa dillərə tərcümə olunması, bu yolla da bədii ədəbiyyatımızın dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu sahədə Həmid Arzulu, Şamil Zamanın adlarını xüsusilə qeyd etmək yerinə düşər.

Bu baxımdan şair və yazıçılarımızın qardaş Türkiyədə tanıdılması sahəsində də uğurlu addımlar atılmaqdadır. 2016-cı ildə Ankarada çap olunan şair Elxan Yurdoğlunun çevirməsi ilə “Naxçıvan konulu şeirlər” kitabı da bu səmərəli və mühüm işin bariz nümunəsidir. Kitab demək olar ki, Naxçıvan ədəbi mühitinə məxsus müəlliflərin yaradıcılığı ilə tanış olmaq baxımından ensiklopedik səciyyə daşıyır. Burada Naxçıvan torpağının yetirməsi olan şairlərimizdən Asim Yadigar, Elman Həbib, Vaqif Məmmədov, Xanəli Kərimli, Əbülfəz Muxtaroğlu, Validə Hüseynova, İlyas Fərəməzoğlu, Lütfiyyə Əsgərzadə, Zeynəb Naxçıvanlı, Həsənəli Eyvazlı və digər coxlu sayda müəllifin adını cəkmək olar ki, onların yaradıcılığına məxsus şeirlər kitabda şair Elxan Yurdoğlunun tərcüməsində təqdim olunmuşdur. Qeyd etmək lazımdır ki, istedadlı şair Elxan Yurdoğlu həmçinin türk şairlərindən də dilimizə tərcümələr etmişdir ki, bu tərcümələr “Dünyaya pəncərə” kitabının şeirlər toplanan hissəsində dərc edilmişdir. Onun Atilla İlhan, Xeyrəddin İvgin, Hüseyn Nihal Atsız, Yavuz Bülent Bakiler və digər müəlliflərdən etdiyi tərcümələr Elxan Yurdoğlunun təkcə istedadlı şair kimi deyil, eyni zamanda mükəmməl qabiliyyətə malik bir tərcüməçi kimi formalaşdığını da sübut edir. 

Diqqətə çatdırmaq istərdim ki, xarici dil bilən bədii yaradıcılıqla məşğul olan gənc şair və yazıçılarımızın öz qələmlərini  bədii tərcümə sahəsində sinamaları bu sahənin daha da inkişaf etdirilməsinə səbəb olar. Gənc şair və yazıçılarımız bədii tərcümə sahəsinə ciddi fikir verməli, özlərində tərcüməçilik vərdişi yaratmalıdırlar. Bu baxımdan dövlətimiz tərəfindən bu günkü gəncliyimizin qarşısında böyük imkanlar açılıb.

Qeyd etmək lazımdır ki, Naxçıvan Dövlət Universitetində 30 aprel, 2020-ci ildə “Azərbaycan bədii tərcümə sənətinin inkişafında naxçıvanlı ziyalıların rolu” mövzusunda keçirilən onlayn konfrans dövlətimiz tərəfindən ədəbiyyatımıza, eləcə də Naxçıvan ədəbi mühitinə və bədii tərcümə sahəsinə göstərilən yüksək diqqət və qayğıdan xəbər verir.

Ümumiyyətlə, müstəqillik dövründə Naxçıvan ədəbi mühitində bədii tərcümə sahəsindən çox danışmaq olar. Bədii tərcümə sahəsində  fəaliyyət göstərən aparıcı müəlliflərin tərcüməçilik fəaliyyətinə nəzər salınması bu sahədə görüləcək işlərin daha da inkişafına şərait yaradacaq. 

                                                                         Xumar Məmmədova

                                                                                                                                                Naxçıvan Dövlət Universitetinin  dosenti

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR