22 Sentyabr 2020, Çərşənbə axşamı

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı görülən tədbirlər nəticəsində virusun geniş yayılmasının qarşısını almaq mümkün olmuş və son günlər yoluxmaların sayında azalma müşahidə edilir. Bu dinamikanın qorunub saxlanılması məqsədilə 2020-ci il avqustun 31-dək ölkə ərazisində xüsusi, o cümlədən bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində müəyyən məhdudiyyətlər qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı və UNESCO dünyadakı mövcud pandemiya şəraitində qeyd ediblər ki, təhsil sistemləri epidemioloji vəziyyətə uyğun çevik yanaşmalar tətbiq etməli və yeni prosedurların hazırlanmasına ciddi önəm verməli, lakin COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ləğvi məsələsinə həddən artıq ehtiyatla yanaşılmalıdır. Hazırda Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci tədris ilinə hazırlıq məqsədilə sistemli tədbirlər həyata keçirilir. Ümumtəhsil müəssisələrinin I siniflərinə şagirdlərin qəbulu prosesi aparılır, müəllimlərin işə qəbulu imtahanının növbəti həftədən başlanması nəzərdə tutulur, təhsil müəssisələrinin tikintisi və təmiri, tədris resurslarının hazırlanması və digər sahələr üzrə işlər isə davam etdirilir. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə müzakirələr aparılır.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkədəki sanitar-epidemioloji şəraitdən asılı olmayaraq, 2020-2021-ci tədris ilində bütün təhsilalanların müvafiq hüququnun təmin edilməsi məqsədilə tədbirlər görülməkdədir. Bunun üçün ənənəvi təhsil forması ilə yanaşı, müxtəlif təhsil pillələri üçün bir sıra modellər artıq formalaşdırılıb. Bu istiqamətdə mövcud resurslardan istifadə edilməklə, eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlıq həyata keçirilməkdədir. Tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınır. Bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.

 

 

 

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR