24 Oktyabr 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunan qədim əlyazma və çap kitablarının təqdimatı keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq muxtar respublika ərazisindən toplanılan əlyazma və qədim çap kitablarının tariximizin və mədəniyyətimizin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını söyləyib və bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. Ötən illərdə də Mədəniyyət Nazirliyi tərəfindən bir çox qədim əlyazma və çap kitabının Əlyazmalar Fonduna hədiyyə edildiyini bildirən akademik vurğulayıb ki, müxtəlif tarixi qaynaqları əhatə edən bu nadir sənət əsərləri bir çox sahələrin öyrənilməsində yeni mənbə rolunu oynayır.

Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, hər bir xalqın qədimliyi onun mədəniyyətinin zənginliyi ilə dəyərləndirilir. Dünya mədəniyyəti xəzinəsinə görkəmli tarixi şəxsiyyətlər – şair, filosof, elm və sənət adamları bəxş etmiş Azərbaycan xalqı da əvəzsiz yazı sənəti, əlyazma sərvəti ilə dünya mədəniyyətində özünə layiq yer tutur.
Qeyd olunub ki, tarixi və mədəni əhəmiyyət kəsb edən eksponatların, həmçinin qədim əlyazma və kitab nümunələrinin profil istiqamətləri üzrə muzeylərə və elmi-tədqiqat müəssisələrinə hədiyyə edilməsi artıq ənənə halını alıb, bu isə muxtar respublikada qədim tariximizə, zəngin mədəniyyətimizə göstərilən yüksək diqqət və qayğının əməli nəticəsi kimi fondlarımızın zənginləşməsinə töhfələr verməkdədir. Nazirlik tərəfindən bu ilin fevral ayında da AMEA Naxçıvan Bölməsinə hədiyyə edilmiş qədim əlyazma və kitabların təqdimat mərasimi keçirilib.

Bildirilib ki, nazirliyin tabeliyindəki muzeylərə bu il 787 yeni eksponat daxil olub. Təqdimat mərasimində AMEA Naxçıvan Bölməsinə hədiyyə edilən 39 sayda kitab, jurnal və dərsliklər əski əlifba ilə olmaqla, Azərbaycan, ərəb və fars dillərindədir. Bu kitablar içərisində nəsrlə yanaşı, nəzmlə yazılanlar da mövcuddur. Hədiyyə edilən kitablar arasında ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən, eləcə də tarixi hadisələrin təsvir və şərhlərinin verildiyi nümunələr də mövcuddur.
Natəvan Qədimova təqdimat mərasimindəki roluna görə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyevə təşəkkür edib.
Nazir çıxışının sonunda mədəniyyətimizin, tariximizin elmi əsaslarla əhatəli şəkildə tədqiqinə və təbliğinə göstərdiyi böyük diqqət və qayğıya görə Mədəniyyət Nazirliyi adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev çıxış edərək tarixi əhəmiyyət kəsb edən maddi mədəniyyət və nadir sənət nümunələrinin toplanılması, öyrənilməsi və təbliğinin zəruriliyini qeyd edib.
Sonra AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmlər doktoru Fərman Xəlilov diqqətə çatdırıb ki, qədim əlyazma və kitabları tədqiq etmək, bu dəyərli əsərləri mühafizə edib gələcək nəsillərə çatdırmaq xalqımızın tarixinin və keçmişinin gələcəyə çatdırılması deməkdir. O hədiyyə olunan kitablar haqqında ətraflı məlumat verməklə yanaşı, minnətdarlığını da bildirib.
Sonda AMEA Naxçıvan Bölməsinə hədiyyə edilən kitablara baxış olub.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR