01 Noyabr 2020, Bazar

Yüz illərdir, Azərbaycan elminə, mədəniyyətinə dahilər ərməğan edən Naxçıvanımız bu gün də öz təhsil ənənələrini uğurla davam etdirir. Yurdumuzda təhsilin inkişafının diqqət mərkəzində saxlanılmasının nəticələri isə göz qabağındadır. Muxtar respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlər intellekt və qabiliyyətləri ilə doğma diyarımızın adını yüksəklərə qaldırır, təhsil tariximizə yeni uğurlu səhifələr yazırlar. Hər il olduğu kimi, bu il də hər bir şagirdin qazandığı müvəffəqiyyətə görə müəllimlər də, valideynlər də sevindir, çünki onların da etimadları doğruldu, çəkdikləri zəhmət hədər getmədi. Tələbə adını qazananlar isə özlərini çox xoşbəxt hesab edir, bir sözlə, ümidləri doğrultduqları üçün sevinirlər. Həm də yuxusuz, gərgin gecə və gündüzlərin, stress və narahatlıqların artıq arxada qalması onları fərəhləndirir. Yeni dərs ilinin ilk günləri bütün məktəblərdə sevinc yaşanır. Builki məzunların tələbə adını qazanması şagirdlərə böyük stimul olub. Belə məktəblərdən biri də Bilik Günündə qonağı olduğumuz Naxçıvan şəhər Cəmşid Naxçıvanski adına 11 nömrəli tam orta məktəbdir.

İlk həmsöhbətimiz Göyərçin Əliyeva ibtidai sinif müəllimidir. O, 37 ildir ki, körpə fidanların məktəbə qədəm qoyduğu ilk gündən onların orta təhsili başa vurana qədər həm müəllimləri, həm də ən yaxın dostları olub. Bu gün fəxrlə vaxtilə əlindən tutub “Ana”, “Vətən” kəlmələrini yazdırdığı, hərf, rəqəm öyrətdiyi şagirdlərindən danışır. İftixar hissi ilə deyir ki, onlar indi dövlətinə, Vətəninə xeyirli övladlar, ziyalılardır. Biri universitet rektoru, digəri hakim, bir başqası həkim, müəllimdir. O deyir: “Sevinirəm ki, ölkəmizdə istedadlı yeniyetmə və gənclərin aşkara çıxarılmasına diqqət yetirilir və bu istiqamətdə dövlət səviyyəsində tədbirlər həyata keçirilir. Məktəbimizdə bu gün də öz elmi, təhsili, təlim-tərbiyəsi ilə seçilən belə şagirdlərimiz çoxdur. Onların uğurları bizim də nailiyyətimizdir”.

Məktəbin biologiya müəllimi Aytəkin Qasımova bu məktəbin məzunu olduğunu deyir. O bildirir ki, burada dərs demək mənə ikiqat qürur verir. Qəbul imtahanlarında yüksək bal toplayan məzunlar valideynlərinə, müəllimlərinə hədsiz sevinc yaşatdılar. İnanırıq ki, həmin məzunlar yaxşı kadr kimi yetişəcək, harada olmalarından, hansı ixtisasa yiyələnmələrindən asılı olmayaraq, Vətəninə, millətinə sadiq olacaqlar. 

Qədim yurdumuzun köklü təhsil ənənələrini davam etdirərək təhsil tariximizə yeni uğurlar yazan məzunlardan bir neçəsi ilə də həmsöhbət olduq.
Həsən Cahangirli imtahanlarda birinci ixtisas qrupunda 641 bal toplayaraq həm öz arzusuna çatıb, həm də müəllim və valideynlərini sevindirib. Onunla söhbətimiz müəllimləri ilə görüşə gəldiyi doğma məktəbdə oldu:

– İbtidai sinifdən başlayaraq riyaziyyat fənninə marağım çox olub. Yuxarı siniflərdə oxuyanda muxtar respublikada keçirilən bilik yarışlarında, fənn olimpiadalarında dəfələrlə yer qazanmışam. 2017-ci ilin fevral ayında fizika fənni üzrə keçirilən fənn olimpiadasının respublika mərhələsində VIII sinif şagirdləri arasında II, yenə həmin ilin dekabrında keçirilən olimpiadada doqquzuncu siniflər arasında II, X sinifdə təhsil alanda riyaziyyat fənni üzrə III yerə layiq görülmüşəm. 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin keçirdiyi məktəblilərin muxtar respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə XI sinif şagirdləri arasında I yerə layiq görülmüş, diplomla təltif olunmuşam. Bu ilin iyun ayında respublika fənn olimpiadasının final mərhələsində riyaziyyat fənni üzrə I yerin sahibi olub “Qızıl” nişanla təltif edilmişəm. Şahmat üzrə Naxçıvan şəhər birinciliyində I-II yerlərə layiq görülüb, diplomlarla təltif olunmuşam. 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən muxtar respublikanın IX-XI sinif şagirdləri arasında keçirilən “İnteqrasiya” inteqrativ-intellektual oyunu üzrə “Muxtariyyət kuboku” uğrunda yarışda III yerə layiq görülmüşəm. Həmin ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə “Muxtariyyət kuboku” uğrunda Naxçıvan şəhər məktəbliləri arasında keçirilən seçimdə I yeri tutmuşam. Həmçinin bu ilin fevral ayında Naxçıvan şəhərində yeniyetmələr arasında təşkil olunan “İntellektual oyunlar olimpiadası”nın şəhər birinciliyində “Poliqon” strateji intellektual oyunu üzrə III yeri qazanmışam.
Müsahibim onu da deyir ki, ingilis və rus dillərinə xüsusi marağı var. 2016-2017-ci illərdə keçirilən olimpiadada sertifikata layiq görülüb. İxtisas seçimi kompüter mühəndisliyi olub.
Səkinə Rəsulova da öz arzusuna çatan məzunlardandır:

– Təhsil aldığım dövrdə bir sıra bilik yarışlarında, intellektual oyunlarda uğurla iştirak etməklə yanaşı, keçirilən sınaq imtahanlarında hər zaman yüksək nəticə əldə etmişəm. Coğrafiya fənninə və mütaliəyə böyük marağım vardır. Muxtar respublika fənn olimpiadalarında müxtəlif siniflərdə oxuduğum dövrdə coğrafiya, tarix, riyaziyyat fənləri üzrə uğurlu nəticələrim olub. Məktəbi “Gümüş” nişanla bitirmişəm. 582 bal toplamaqla İqtisadiyyat fakültəsini seçmişəm. İnkişaf edən, müasir, güclü bir dövlətin vətəndaşı olmağımız bizə gələcəyə daha böyük ümidlə baxmağa sövq edir. Universitetdə təhsil alacağım illərdə də məktəbdə qazandığım bilikləri təkmilləşdirəcək, dövlətimizin bizə yaratdığı şəraitdən istifadə edib gələcəkdə Vətənimizə fayda verə biləcək savadlı bir iqtisadçı olmağa çalışacağam.

Əjdər Rzalı məktəbi fərqlənmə attestatı ilə bitirib. O deyir: – Ətrafımdakı insanların təhsilə olan sevgisi məni də məktəbə ilk qədəm qoyduğum gündən oxumağa, biliklərə yiyələnməyə sövq edib.
Müsahibim məktəb illərində qazandığı uğurlardan da söhbət açır:
– 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən muxtar respublikanın IX-XI sinif şagirdləri arasında keçirilən “İnteqrasiya” inteqrativ-intellektual oyunu üzrə “Muxtariyyət kuboku” uğrunda yarışda, 2020-ci ilin fevral ayında Naxçıvan şəhərində yeniyetmələr arasında keçirilən “İntellektual oyunlar olimpiadası”nın şəhər birinciliyində “Poliqon” strateji intellektual oyununda uğurlar qazanmışam. 2020-ci ildə keçirilən respublika fənn olimpiadasında coğrafiya fənni üzrə final mərhələsinə yüksəlmişəm.
İmtahanlarda 537 bal toplayan Əjdər İqtisadiyyat ixtisası üzrə ali təhsil almaq və peşəkar iqtisadçı olmaq niyyətindədir. Bu gün yaşadığım sevinci sözlə ifadə etmək çox çətindir. Mən öz adımdan mənə və mənim kimi yüzlərlə şagirdə göstərilən qayğıya görə dövlətimizə minnətdaram. Təhsildə göstərdiyim uğurlarla yanaşı, həm də Vətənimizə layiqli vətəndaş olmağa çalışacağam.

Nərmin Həsənova İngilis dili fənninə böyük marağı olduğunu deyir. Bildirir ki, o, III ixtisas qrupu üzrə 548 bal toplamağa nail olub. İngilis dili fənnini sevdiyi üçün gələcəkdə peşəkar tərcüməçi kimi fəaliyyət göstərmək istəyir. Məktəbdə oxuduğu dövrlərdə bir çox intellektual yarışlarda iştirak edib. “Oxunması zəruri olan kitabların Siyahısı” ilə bağlı keçirilən bilik yarışında muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında I yerə layiq görülüb. Nərmin onu da deyir ki, hər il yüksək nəticə göstərən məzunların Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşlərini izləyəndə onlara həsəd aparır və bir gün bu arzuya çatmağa çalışırdım. Tələbə adını qazanmaqdan daha çox bizə gənc nəslə örnək olan, ümumilli liderimizin yolunu uğurla davam etdirən rəhbərlə görüşdüyüm üçün çox xoşbəxtəm.
Məktəbin uğurları barədə müəllimlər və məzunlarla söhbətimizi yekunlaşdırıb təhsil ocağını gəzir, burada yaradılan şəraitlə tanış olduğum zaman çox yox, 30 il öncəyə qayıdır, məktəb illərimi xatırlayıram. Bizim təhsil aldığımız illərdə Vətənimizin başının üstünü qara buludlar almışdı. Müharibə, blokada, aclıq, elektrik enerjisinin tez-tez kəsilməsi üzündən işığa həsrət qalmağımız, mavi yanacağın olmaması bizi də, valideynlərimizi də sınağa çəkirdi. Gecələr çıraq işığında dərs oxuyur, qışın şaxtalı günlərində məktəbə gəlir, soyuq sinif otaqlarında əllərimiz donur, qələm tuta bilmirdik. Ölkəmiz yenicə müstəqillik əldə etdiyi üçün bir çox çətinliklərə tab gətirməli olurduq. Uşaq olsaq da, bütün bu çətinliklərə dözür, gələcəyə inamla baxırdıq. Ümidimiz çox keçmədən doğruldu, ulu öndər Heydər Əliyevin qayıdışı bütün naxçıvanlılara, Azərbaycana yeni bir həyat bəxş etdi. Artıq universitetdə təhsil alanda müasir təhsil ocaqlarının inşa edildiyinə, yenidən qurulduğuna şahid olduq. Bu gün çox sevinclə deyirəm ki, övladlarımız müasir, geniş, hər bir şəraiti olan məktəblərdə təhsil alırlar. Növbəti məqaləni hazırlamaq məqsədilə ətraflı tanış olduğum 11 nömrəli tam orta məktəbdəki kimi bütün təhsil müəssisələrimizdə müasir fənn kabinələri, laboratoriyalar, elektron lövhəli siniflər yaradılıb. Onlara düşən isə yaxşı oxuyub, Vətənimizə layiqli kadrlar olmaqdır. Dövlətimizin təhsil siyasətinin əsasını da gənc nəsli xoşbəxt, hərtərəfli dünyagörüşünə malik, layiqli mütəxəssis, ən əsası isə əsl vətəndaş, əsl azərbaycanlı kimi yetişdirmək təşkil edir.

- Ramiyyə ƏKBƏROVA

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR