Müstəqil ali təhsil ocağı kimi fəaliyyətinin onuncu ilinə qədəm qoyan Naxçıvan Müəllimlər İnstitutunun Azərbaycanın, eləcə də qardaş Türkiyə Respublikasında fəaliyyət göstərən bir çox ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri mövcuddur.
Bu günlərdə Şimali Kipr Türk Respublikasının Şərqi Ağdəniz Universiteti ilə Naxçıvan Müəllimlər İnstitutu arasında müəllim və tələbə mübadiləsi, elmi araşdırmaların aparılması və bir çox məsələlər üzrə qarşılıqlı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, hər iki ali təhsil müəssisəsi arasında qarşılıqlı təcrübə mübadiləsi aparılacaq. Bundan başqa, yeni pedaqoji üsulların və elmi axtarışların təqdimi istiqamətində müştərək tədbirlərin keçirilməsi və qarşılıqlı əməkdaşlıq nəzərdə tutulur. Naxçıvan Müəllimlər İnstitutu Şərqi Ağdəniz Universitetində əldə edilən qabaqcıl təcrübədən faydalanmaqla cəmiyyət üçün yararlı, bilikli pedaqoji kadrların hazırlanması məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasını da planlaşdırır.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti