18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Məlum olduğu kimi, XI əsrin ikinci yarısından başlayaraq Azərbaycan və Anadoluda səlcuq türkləri fəthlərini genişləndirmiş, beləliklə, Ön Asiyada böyük Səlcuq dövləti qurulmuşdur. Məhz səlcuqlar dövründə Orta Asiya, Anadolu, Azərbaycan və Xorasanda xeyli sayda saray, məscid, mədrəsə, hamam, türbə, imarət, zaviyə, körpü, karvansara, xəstəxana inşa edilmiş və bunlar o dövrün memarlıq abidələri kimi özünəməxsus ortaq üsluba malik olmuşlar.
Türkiyə Cümhuriyyətinin qədim Konya şəhəri uzun müddət Anadolu səlcuqlularının paytaxtı olmuşdur. Səlcuq hökmdar­larından xüsusilə I Əlaəddin Keyqubad zamanında Anadoluya, əsasən, İran, Azərbaycan və Orta Asiyadan elm və sənət adamları gəlib yerləşmişlər. Bu dövrdə Cəlaləddin Ruminin atası şeyx Bahaəddin Vələdin Karamandan hökmdarın dəvəti ilə Konyaya gətirilməsi də təsadüfi olmamışdır. Həmin dəvət məktubunun arxiv materialları içərisindən aşkara çıxarılması dediklərimizi təsdiq edir. Həmçinin qaynaqlarda bu dövrdə digər türk ölkələrindən gəlib Anadoluda yaşayıb-yaratmış Hübeyş Tiflisi, Nəcməddin Naxçıvani, Əkmələddin Naxçıvani, Qəzənfər Təbrizi, Şəms Təbrizi, Hüsaməddin Çələbi kimi elm və mədəniyyət adamlarının adına tez-tez rast gəlirik. Bunlardan Nəcməddin Naxçıvani Konya Səlcuqlu dövlətində hökmdarın vəziri mərtəbəsinə qədər yüksəlmişdir.

Həmin dövrdə Azərbaycandan, xüsusilə Naxçıvandan çıxmış bir sıra alim və sənətkarlar Təbriz və Anadoluda xidmət etmiş, parlaq şəxsiyyət kimi yetişmişlər. Belə şəxsiyyətlərdən biri də dövrün mütəfəkkir şair-filosofu, sufi şeyxi olan Mövlana Cəlaləddin Rumi ilə yaxın elmi-mədəni əlaqələri olmuş həkim Əkmələddin Naxçıvanidir (Səlcuqlu dövrünün əlyazmalarında “Naxcuvani” şəklində işlənmişdir – Ə.Q).
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan dilinə tərcümə etdiyimiz Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”sinin nəşrindən sonra Türkiyədə hər il böyük təntənə ilə keçirilən ongünlük Mövlana mərasimlərinə dəvət aldım və 2012-ci ilin dekabr ayında Mövlana günləri ilə əlaqədar Konya şəhərində oldum. Açıq səma altında muzey təsiri bağışlayan Konya şəhəri ilə tanışlıq zamanı əslən naxçıvanlı olmuş görkəmli tarixi şəxsiyyət Əkmələddin Naxçıvani haqqında rəvayətlər eşitdim və onun adı ilə bağlı yerləri, tarixi-memarlıq abidələrini ziyarət etdim. Səlcuq, eləcə də Mövlana universitetlərinin kitabxana və əlyazmalar fondunda araşdırmalar apardım. Məlum oldu ki, Əkmələddin Naxçıvaninin nisbəsi qaynaqlarda tam şəkildə aşağıdakı kimi işlənir: Əkmələddun Müəyyəd bin Əbubəkr bin İbrahim əl Naxçıvani ət-Təbib. Xalq arasında “Bəy həkim” təxəllüsü ilə tanınan Əkmələddin Naxçıvaninin tikdirdiyi məscid və dəfn olunduğu məzar-türbə səlcuqlar dövrünün qiymətli abidələrindən biri kimi qorunub saxlanmaqdadır. Eyni zamanda Konya şəhərinin qədim şəhər mərkəzində Əlaəddin təpəsi (bu təpə üzərində vaxtilə Səlcuq dövlətinin hökmdarı I Əlaəddin Keyqubadın sarayı mövcud olmuşdur – Ə.Q.) yaxınlığındakı “Bəy həkim” məhəlləsində oldum, Əkmələddin Naxçıvani məscidini ziyarət etdim. Hələ Fateh Sultan Məhməd zamanı vəqfnamələrində bu ibadətxananın adı “Bey hekim mescidi” şəklində qeyd olunmuşdur (vəqfi-məscide-Begi həkim dər məhəlleyi-Dövlətxan – tərcüməsi: “Dövlətxan” məhəlləsində Bəy həkim məscidinin vəqfi – Ə.Q).
Bəy həkim məscidi XIII əsrdə inşa edilmişdir və tipik səlcuq memarlığı elementlərini əks etdirir. Məscid bir neçə dəfə təmir və bərpa olunaraq hazırda məhəllə məscidi statusunda möminlərə xidmət göstərməkdədir. Məscidin orijinal qapı və pəncərə tağları nadir səlcuqlar dövrü memarlıq əsərləri kimi artıq uzun illərdir ki, Konya İncə Minarə Daş və Ağac Əsərlər Muzeyində mühafizə edilməkdədir. Məsciddəki orijinal mehrab 1899-cu ildə qaçaqmalçılar tərəfindən Almaniyanın Berlin şəhərindəki muzeyə aparılmışdır. Doğum tarixi və Anadoluya gəlib yerləşməyi dəqiq bilinməyən, amma Cəlaləddin Rumidən gənc olduğu ehtimal edilən Əkmələddin Naxçıvaninin Azərbaycanın qədim diyarı Naxçıvandan olduğu bir çox tədqiqatçılar tərəfindən dönə-dönə qeyd olunmuşdur.
Sənədlərdən bəlli olduğuna görə, saraya gəlməmişdən əvvəl Əkmələddin Naxçıvani Kayseri daruşşifasında çalışmışdır. Bunu onun yetirməsi, Səlcuq dövlətinin münşilərindən olan Əbubəkrin məktublarından da görürük. Mövləviliklə bağlı əlyazmalarda Əkmələddin Naxçıvani Səlcuq hökmdarı Qiyasəddin Keyxosrovun hakimiyyəti dövründə (1264-1283) Konyadakı sultan sarayında baş həkim olmuşdur. Sənədlərdə onun ailəsi, varisləri haqqında məlumata rast gəlməsək də, bir oğlu olduğuna dair işarələr vardır. Əkmələddin Naxçıvani dövrünün tanınmış təbibi idi. Təsadüfi deyil ki, səlcuqlar dövrünün təzkirəçilərindən Əhməd Əflaki Əkmələddin Naxçıvani və onun Mövlana ilə görüşləri haqqında bəhs edərkən yazır ki, zamanının Hippokratı mövlana Əkmələddin Təbib Mövlana Cəlaləddin Rumiyə mürid olmadan öncə Rum ölkəsi təbiblərinin böyüklərindən idi. O, sarayın baş həkimi vəzifəsində çalışmaqla yanaşı, həm də I Əlaəddin Keyqubad daruşşifasında tibbi kadrların yetişməsində əmək sərf etmişdir. Bu kadrlar məhz Əkmələddin Naxçıvaninin verdiyi sənəd əsasında ölkənin tibb müəssisələrində həkim işləyə bilərdilər. Mənbələrin verdiyi məlumata görə, kiçik Karatay mədrəsəsi bu böyük həkimə məxsus olmuşdur.
Əkmələddin Naxçıvani dövrünün ən böyük təbibi kimi İbn Sina dühasının heyranı idi. Elə buna görə də o, İbn Sinanın məşhur “Qanuni-fit-tibb” əsərinə 1302-ci ildə təfsir, şərh yazmışdır. Müəllifin əlyazısı ilə qələmə alınmış və görkəmli türkoloq Fuad Köprülü kitabxanasında saxlanılan bu əlyazma nüsxəsinə əsaslanaraq ehtimal etmək olar ki, Əkmələddin Naxçıvaninin ölüm tarixi 1302-ci ildən sonraya təsadüf edir.
Mövlana Cəlaləddin Ruminin dostları, həmsöhbətləri, müridləri çox olmuşdur. Ona hətta Səlcuq sultanlarından Müinəddin Pərvanə də ehtiram göstərirdi. Sufi şeyxinin sadiq və mötəbər dostlarından biri də Əkmələddin Naxçıvani idi. Alim böyük Mövlanaya övliya kimi etiqad göstərir, onun müridi olmaqdan fəxr duyurdu. Elə buna görə onlar arasında yaxın münasibət yaranmışdı, bir-birinin evinə gedir, məktublaşırdılar. Günümüzə qədər Mövlananın Əkmələddin Naxçıvaniyə yazdığı üç məktub, Ruminin oğlu Sultan Vələdin Əkmələddin Naxçıvani haqqında qəsidəsi, habelə Əkmələddin Naxçıvaninin tələbələrindən olduğu ehtimal edilən Əbubəkr ibn əl-Zakinin üç məktubu gəlib çatmışdır.
Mövlananın birinci məktubu Əkmələddin Naxçıvaninin ona yazdığı məktuba cavab xarakteri daşıyır.
İkinci məktubda Karatay mədrəsəsində boşalacaq vəzifəyə Əfsəhəddinin təyin olunmasına Əkmələddin Naxçıvaninin kömək etməsi xahiş edilir.
Üçüncü məktubu Mövlana övladı Əmir Alimin maddi vəziyyətini yaxşılaşdırmaq üçün Əkmələddin Naxçıvaninin hökmdardan xahiş etməsi ilə əlaqədar yazmışdır.
Bu məktublarda Mövlana Əkmələddin Naxçıvaniyə “həkimlərin böyüyü, həyat cövhərinin ən arınmışı, bəlaların və zəhərlərin dərmanı, ağıl ağaclarının meyvəsi, bədxah adamların meydana gətirmək istədikləri pislikləri yox edən, mərifət dəryasının cövhəri, hünərlər və gözəl iman sahibi, özü doğru oğlumuz, həkimlərin iftixarı, dinin və dövlətin Əkməli”, – deyə müraciət etmişdir.
Mövlana ilə Əkmələddin Naxçıvani arasındakı dostluq münasibətləri haqqında nisbətən ətraflı məlumatlara, əsasən, o dövrün təzkirəçiləri Ə.Əflaki və Sipehsaların, bu böyük Səlcuq həkiminin tələbəsi olduğu ehtimal edilən Əbubəkr Zakinin əsərlərində təsadüf edirik. Bu mənbələrdə göstərilir ki, Əkmələddin Naxçıvani Mövlanaya yüksək ehtiram və hörmətinin ifadəsi olaraq onun Rum rəssamları tərəfindən çəkilmiş portretlərini böyük məbləğdə pul ödəyərək alırdı. Əkmələddin Naxçıvani dəfələrlə Mövlananı müalicə etmiş və vəfatı zamanı Qəzənfər Təbrizli adlı digər bir saray həkimi ilə birlikdə onun yanında olmuşdur.
Əkmələddin Naxçıvani tez-tez Mövlananın böyük oğlu, atasından sonra mövləvilik təriqətinin şeyxi olmuş Bahaəddin Sultan Vələdlə (1226-1312) görüşər, onunla ədəbi və fəlsəfi söhbətlər edərdi. S.Vələd böyük təbibə ehtiramını “sən bu dövrdə tibb, hikmət və mərifətdə bir Əflatunsan, Yer üzünü dolanan alimlər sultanısan. Elə bir Bağdad xurmasısan ki, aləmə fəzilət meyvəsi verdin. Bu aləmdə birinin nəsibi tiryək, digərinin nəsibi zəhər olduqca ömrün dövlət, bəxt və səadətlə baqi olsun” cümlələri ilə ifadə etmişdir. Sultan Vələdin əsərində böyük həkimə 41 beytlik bir qəsidə həsr olunmuşdur. Bu qəsidənin ilk iyirmi iki beytinin baş hərflərindən “Ekmeleddin Müeyyed el-Nahcuvani” adı oxunur.
Naxçıvan diyarının tarixini öyrənmək baxımından bu torpağın layiqli övladı olan həkimlər həkimi Əkmələddin Naxçıvaninin həyat və elmi fəaliyyətinin daha dərindən tədqiq olunmasına ehtiyac vardır.

Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3285675
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
523
3637
23444
70321
3285675

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter