30 Oktyabr 2014, Cümə axşamı

ARXİV

Oktyabr 2014
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

LİNKLƏR

 

 

Naxçıvan Türk Liseyində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutu “Məktəbdə psixoloji xidmətin aktual problemləri və müasir fənn kurikulumlarının tətbiqi” mövzusunda birgə elmi-praktik konfrans keçirib.
Tədbiri giriş sözü ilə Naxçıvan Türk Liseylərinin baş direktoru Həsən Avcı açaraq konfransda məruzə olunacaq mövzular və müzakirə ediləcək məsələlər haqqında məlumat verib, bu təhsil ocağında psixoloji xidmətin təşkili və fənn kurikulumlarının tətbiqi barədə danışıb.

Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli “Məktəbdə psixoloji xidmətin aktual problemləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki,  ümumtəhsil məktəblərinin vəzifəsi və məqsədi təhsil alanların ayrı-ayrı fənlər üzrə bilik və bacarıqlarının formalaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını təmin etməkdən, onları psixoloji baxımdan gələcəyin əsl vətəndaşı kimi hazırlamaqdan ibarətdir. Bu gün yetişməkdə olan nəslin inkişafını, tərbiyəsini düzgün təşkil etmək, sürətlə artan elmi-texniki yeniliklərin əsaslarını onlara mənimsətmək üçün uşaqların dərketmə imkanlarını, idrak proseslərinin inkişaf qanunauyğunluqlarını və bu prosesin necə aşılanması və tərbiyə edilməsini bilmək zəruridir.
Məruzədə qeyd edilib ki, günün aktual mövzularından biri də məktəbdə psixoloji xidmətin səviyyəsidir. Hər bir məktəbdə psixoloji xidmətin olması mütləqdir. Çünki  insanın inkişaf dövrünün bəzi böhranlı mərhələləri var ki, bunlar məhz məktəb illərinə təsadüf edir. Odur ki, şagirdlərin qarşısına çıxan problemlərin məktəb psixoloqunun köməyilə düzgün diaqnostika və korreksiya edilməsinə böyük ehtiyac duyulur. Məktəb psixoloqunun ən çox problemlə qarşılaşdığı yaş dövrü yeniyetməlik yaş dövrüdür. Bu dövr 11-15 yaşlarını əhatə edir. Bu dövrdə şagirdlərdə yeni xüsusiyyətlər formalaşır, onlar baş verən proseslərə daha aqressiv reaksiya göstərirlər. Şagirdlərin bu aqressiv davranış reaksiyaları psixoloqlar tərəfindən korreksiya olunmalıdır. Əgər onlarla düzgün iş aparılarsa, bu xüsusiyyətlər tədricən aradan qalxar. Əks halda, aqressiv davranış reaksiyaları xarakter xüsusiyyəti kimi formalaşa bilər.
Bundan başqa, məktəb psixoloqu həmçinin təlimdə geri qalan və intizamsız şagirdlərlə diaqnostik-korreksiya işi aparılmasında, şagirdlərin təlim-tərbiyə prosesinin normal gedişinə mane olan intellektual, şəxsi və emosional-iradi xüsusiyyətlərinin diaqnostika edilməsində, uşaqların təlim-tərbiyəsinin psixoloji problemləri, hafizəsinin, təfəkkürünün, xarakterinin inkişafı sahəsində ciddi işlər aparılmasında yaxından iştirak edir. Bütün bunları nəzərə aldıqda bəlli olur ki, məktəblərdə psixoloq fəaliyyətinə böyük ehtiyac var. Şagirdlərin təlim-tərbiyəsində məktəb rəhbərliyi, müəllimlər və valideynlərlə birgə psixoloqların da iştirakı mühüm şərtdir.
“Fərdi pedaqoji sahədən fərqli olaraq, təhsilin təşkili sahəsində praktik psixologiyadan istifadə daha mühümdür”,– deyən Oruc Həsənli vurğulayıb ki, bunun üçün hər bir müəllim öz işini psixoloqun dəstəyilə qurmalıdır. Məktəb psixoloqunun işinin əsas qayəsi fərdi yanaşma əsasında problemin həllinə nail olmaq üçün yaxşı müşahidəçi olmaq, psixoloji üsul və vasitələri sərbəst həyata keçirməyi bacarmaqdır.
Elmi-praktik konfransda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Firudin Zamanovun,  Naxçıvan Müəllimlər İnstitutunun Kurikulum Mərkəzinin metodisti  Rafiq Hüseynovun, Naxçıvan Türk Liseyinin direktoru Məhəmməd Dabançalının, Ordubad Qız Liseyinin direktoru Saleh Sezerin, Şərur Türk Liseyinin direktor müavini Ərdal Üzelin, Naxçıvan Müəllimlər İnstitutunun metodisti Tamara Baxşəliyevanın məruzələri də dinlənilib. Məruzələrdə kurikulumun öyrənilməsi və tətbiqi, yuxarı sinif şagirdlərində tolerantlıq şüurunun formalaşdırılması, elektron lövhənin və yeni pedaqoji texnologiyaların təlim prosesində rolu, müasir fənn kurikulumları və onların tətbiqinin şagirdlərin psixoloji inkişafına təsiri haqqında söhbət açılıb.
Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Səbuhi HÜSEYNOV