07 Mart 2021, Bazar

AMEA Naxçıvan Bölməsində Azərbaycan elminin görkəmli nümayəndəsi, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə “İsmayıl Hacıyev alim və ictimai xadim kimi” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli akademik İsmayıl Hacıyevin həyat yolu və zəngin elmi fəaliyyətindən bəhs edib. Bildirib ki, İsmayıl Hacıyev 1951-ci il yanvarın 21-də Culfa rayonunun Xanəgah kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Orta təhsilini uğurla başa vurmuş, 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, 1974-1977-ci illərdə Xanağa və Xoşkeşin kənd məktəblərində müəllim, 1978-ci ildən indiki Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərmişdir. Burada müəllim, baş müəllim, dosent, dekan müavini, dekan, elmi işlər üzrə prorektor və tədris işləri üzrə prorektor vəzifələrini uğurla icra etmişdir. 1992-ci ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli “Akademik İsmayıl Hacıyevin ictimai fəaliyyəti” mövzusunda məruzə edib. Vurğulanıb ki, tanınmış ziyalı, təcrübəli tədqiqatçı alim İsmayıl Hacıyev ölkə və muxtar respublika mühitində ictimai-siyasi baxımdan fəallığı ilə seçilən şəxsiyyətdir. O, aydın siyasi mövqeyi olan, qətiyyətli, dönməz əqidəli ictimai xadimdir. Dövlətimizin elm siyasətində özünə­məxsus yer tutan alim AMEA-nın Naxçıvan Bölməsinə rəhbərlik etdiyi 18 il ərzində həm nümunəvi elmi-təşkilati bacarıq nümayiş etdirmiş, həm də Azərbaycan elmi-ictimai mühitinin tanınmış siması kimi bu siyasətin həyata keçirilməsinə özünün real və sanballı töhfəsini vermişdir. Yüksək əxlaqi keyfiyyətləri, sadəliyi, təvazökarlığı, məsuliyyətliliyi, əsl vətənpərvər mövqeyi ilə seçilən bu Azərbaycan ziyalısı ömrünü Azərbaycan dövlətçiliyinin, Naxçıvanşünaslığın tədqiqinə həsr etmiş və bu gün də bu ali missiyanı uğurla davam etdirməkdədir.
Daha sonra Naxçıvan Dövlət Universitetinin əməkdaşı, tarix elmləri doktoru Sevinc Abbasovanın, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin və həmin institutun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin məruzələri dinlənilib.
Bildirilib ki, İsmayıl Hacıyev Naxçıvanşünaslığın tədqiqi sahəsində xüsusi yer tutan alimlərdəndir. Ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, Heydər Əliyev siyasəti və Azərbaycan tarixi məsələləri, Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvanın yeri və digər məsələlər alimin elmi fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
Sonda yubilyar çıxış edərək əməyinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR