20 Aprel 2021, Çərşənbə axşamı

Naxçıvan Müəllimlər İnstitutunda ali təhsil ocağının professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi əməkdaşlarının və ümumtəhsil məktəblərinin psixoloqlarının iştirakı ilə “Məktəbdə psixoloji xidmətin müasir tələblər baxımından təşkili” adlı elmi-praktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov açaraq qeyd edib ki, institutda 15 bakalavriat, 5 magistratura və 5 doktorantura ixtisaslarında kadr hazırlığı ilə yanaşı, diplomdan sonrakı təhsilin həyata keçirilməsi işi də aparılır. Müəllimlərin ilkin hazırlığı, ixtisasartırma və təkmilləşdirilməsi prosesləri bir-biri ilə əlaqəli, kompleks şəkildə həyata keçirilir.
Diqqətə çatdırılıb ki, məktəbdə psixoloji xidmətin başlıca məqsədi uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılmasıdır. Məktəb psixoloqlarının işinin təkmilləşdirilməsinə yönəlmiş bu konfrans da məktəb psixoloqlarının işinin qurulmasına müasir baxışı özündə ehtiva edir.
Konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək muxtar respublikanın bütün ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili, ümumtəhsil məktəblərinin ixtisaslı psixoloq kadrlar ilə təmin olunması istiqamətində görülən işlərdən danışıb.
Qeyd edilib ki, hazırda ümumtəhsil müəssisələrində 200-ə yaxın psixoloq fəaliyyət göstərir ki, onun da 46-sı müsabiqə yolu ilə işə qəbul olunmuşdur. Psixoloq vəzifələrini tutanların əksəriyyəti uzun illərin təcrübəsinə malik olan müəllimlərdir ki, onların da Naxçıvan Müəllimlər İnstitutunda təşkil edilən psixoloq kurslarına cəlbi diqqətdə saxlanılmışdır.
Təhsil naziri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 iyun tarixli Qərarı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları” haqqında geniş məlumat verib.
Sonra istitutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyevin, Pedaqogika və psixologiya kafedrasının müəllimi, dosent Salatın Hacıyevanın məruzələri dinlənilib və mövzu ətrafında müzakirələr aparılıb.


Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR