20 Aprel 2021, Çərşənbə axşamı

Bu gün müasir texnologiyalar bütün dünyada inkişafı, uğuru təmin edən əsas vasitələrdən biridir. Texnoloji mübarizə əsri kimi tanınan XXI əsr bütün sahələrdə inkişafı təmin edə biləcək kadr potensialı, hansı ki müasir texnologiyaların dilini bilən, yeni elmi yanaşmaları mənimsəyən, ixtiralar edən, əmək bazarında özünü doğruldan şəxslər axtarışındadır. Bu da müasir təhsil metodlarının tətbiqini ön plana çıxarır. Dünya təhsil sistemində özünə yer alan belə metodlardan biri də STEAM-dır. Qısa zamanda aktuallıq qazanan bu təhsil metodu peşəkar səriştələrə malik mütəxəssis hazırlığında mühüm istiqamət kəsb etməkdədir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini, bir sözlə XXI əsr bacarıqlarından istifadə olunmaqla yaradıcı öyrənməni təmin edir.

STEAM nədir və necə yaranıb?

STEAM təhsil məsləhətçisi Vivet Pitelon Sparkes “STEAM nədir?” kitabında göstərir ki, STEAM beş fəndən – Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyat (Math) ibarət olan və fənlər arasında keçidi təmin edən bir modeldir. Uşaqları XXI əsrə hazırlayan təhsil sisteminin mahiyyəti qısaca budur: düşün, gör, toxun, et. STEAM dərsləri zamanı uşaqlar bir-biri ilə ünsiyyətdə olur, xəyal qurur, komanda şəklində istehsal etməyi, problemlərə fərqli həll yolları tapmağı öyrənirlər. STEAM-ın sonunda texnoloji bir məhsul ortaya çıxır.
STEAM ad olaraq yeni olsa da, təhsil sahəsində yeni bir yanaşma deyil. XX əsrin 80-ci illərində qabaqcıl ölkələrdə inteqrasiyalı təhsil tətbiq edilməyə başlandı. 2009-cu ildə ABŞ STEM təhsil formasını strategiya kimi qəbul edib bu sahəyə böyük investisiya qoydu. Vaxt keçdikcə bu modelin çatışmazlığı ortaya çıxdı və burada sənətə də yer verilməli olduğu anlaşıldı. Məsələn, Leonardo da Vinçi bir sənətkar olsa da, peşəsi mühəndis idi. Dahi alman fiziki Albert Eynşteyn mühəndislik və yaradıcılıq işində sənətin vacibliyini vurğulayırdı. Beləliklə, STEM modelinə sənət (Art) əlavə olunaraq inkişaf etdirildi. Hazırda bu model Almaniya, Belçika, İngiltərə, İsrail və Hollandiyada tətbiq edilib. ABŞ-da bu proqram uşaq bağçalarında 3 yaşından etibarən öyrədilir. Bundan əlavə, bir sıra ölkələrdə (ABŞ, Sinqapur, İsrail, Türkiyə və sair) xüsusi STEAM məktəbləri və mərkəzləri fəaliyyət göstərir.

STEAM təhsil metodunun müsbət yönləri

STEAM yanaşmasının məqsədi aktiv, məhsuldar, tənqidi düşünməyi bacaran, bildiklərini ortaq bir istiqamətə yönəldən, məhsulu ilə ölkəsinin iqtisadiyyatına dəstək olan, bir sözlə, dünyaya fayda verə biləcək insanlar yetişdirməkdir. STEAM-ın müsbət tərəfləri olduqca çoxdur. Onun tədrisi düşünmə, əməkdaşlıq, ünsiyyət, yaradıcılıq və yenilikçilik, informasiya və kommunikasiya bacarıqlarını inkişaf etdirir. Bu bacarıqlar şagirdlərin mürəkkəb problemləri təhlil edə bilməsi, dəqiq cavabları olmayan sualları araşdırması, məlumat mənbələrini fərqli baxışlardan qiymətləndirməsi və dəlillərə əsaslanaraq müvafiq nəticələr çıxara bilməsinə yardımçı olur. Komandalar halında səmərəli işlə ortaq bir hədəfə çatmağa, uyğun informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək məhsul istehsal edə bilməyə, bir sözlə, hərtərəfli inkişafa kömək edir və şagirdləri gələcəkdə səmərəli insan resursu olaraq tutacaqları mövqelərə hazırlayır. Ekspertlərin fikrincə, STEAM ixtisasları üzrə iş yerlərinin sayı 2022-ci ilin sonlarına kimi 9 milyon artacaq. Elmin nüfuzunun və əhəmiyyətinin artdığı, davamlı inkişaf prinsipləri əsasında texnologiyaların mühüm əhəmiyyət kəsb etdiyi bir vaxtda STEAM təhsil metodunun tətbiqinin vacibliyi bir daha ön plana çıxır.

STEAM Azərbaycanda

Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” qənaəti bir daha göstərir ki, bütün dövrlərdə xalqların və dövlətlərin sürətli inkişaf yolu təhsildən keçir. Ulu öndərin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident cənab İlham Əliyev təhsilə “Azərbaycanın gələcəyini müəyyən edən prioritet sahə” kimi yüksək dəyər verir. Dövlət başçısının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı 2021-ci il 2 fevral tarixli Sərəncamında qeyd edilir ki, dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Erkən və məktəbəqədər təhsilin əhatə dairəsi genişlənməli və mərhələlərlə müvafiq yaşda olan bütün uşaqları əhatə etməlidir. Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsinin inkişafı diqqətdə saxlanılmalıdır. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır. Təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir. İnsanların yüksəkkeyfiyyətli təhsil almaq imkanları genişləndirilməli, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmalıdır, peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanmalıdır. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalıdır...
Doğma Vətənimiz Azərbaycan yüksək texnologiyaları inkişaf etdirən ölkələrdən biri kimi bu texnologiyaların təhsil sahəsinə tətbiqinə, eləcə də dünyada qəbul edilmiş yeni təhsil metodlarının ölkəmizin təhsil sisteminə inteqrasiyasına böyük önəm verir. Bunun nəticəsidir ki, ötən tədris ilindən başlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən bir çox ümumi təhsil müəssisələrində STEAM layihəsinin tətbiqinə başlanılıb. Nazirliyin “STEAM Azerbaijan” layihəsi VI sinifdən başlayaraq məktəblərdə tədris olunur. Bu layihənin uğur qazanması üçün STEAM-ın tədrisinə mütəxəssislər cəlb olunur, müəllimlər üçün təlimlər təkmilləşdirilir, mövcud metodik vəsaitlərin məzmunu genişlənir. Bu da onu deməyə əsas verir ki, adıçəkilən layihə müstəqil düşünə bilən, karyera seçimini şüurlu şəkildə edən, gələcəkdə öz bacarıqlarını əmtəəyə, dəyərə çevirə bilən, sahibkarlıq ruhu olan gənclərin yetişdirilməsində mühüm rol oynayacaq.
Prezident cənab İlham Əliyevin: “Elə peşələr var ki, 5 ildən sonra sıradan çıxacaq, yeni peşələr meydana çıxacaq. Kadr potensialımız imkan verməlidir ki, dünyada gedən sənayeləşmə, Dördüncü Sənaye İnqilabı ilə bağlı proseslər daim Azərbaycanın inkişafını təmin etsin” müdrik fikirləri də bir daha təsdiq edir ki, STEAM təhsil sisteminin ölkəmizin iqtisadi inkişafına verəcəyi töhfələr böyük əhəmiyyət kəsb edir.

STEAM Naxçıvanda

Naxçıvanda dövlət qayğısı hesabına təhsilin bütün pillələri üçün şərait yaradılıb, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı təhsilin inkişafında yeni mərhələnin əsasını qoymaqla təhsil müəssisələrində yaradıcı düşüncə və inkişafa xidmət edən layihələrin hazırlanmasına və tətbiqinə geniş imkanlar açıb. Bunun nəticəsidir ki, muxtar respublikada təhsilin inkişafı, innovativ təhsil üsullarının tətbiqi istiqamətində “İnnovativ dərnəklər”, “Sabahın tədqiqatçıları”, “Sabahın müəllimi”, “İnteraktiv dərs”, “Nümunəvi dərs”, “Distant təhsil” layihələri tətbiq edilir. Dünya təhsil sistemində mütəxəssis hazırlığının mühüm istiqaməti kimi götürülən STEAM metodlarının Naxçıvan şəhərində tətbiqinə ötən ildən başlanılıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata əsasən deyə bilərik ki, 2020-2021-ci tədris ilindən etibarən isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə start verilib. Şərur rayonunun Qarabürc, Şəhriyar, Ordubad rayonunun Nüsnüs kənd tam orta məktəblərində, Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzinin nəzdində STEAM kabinələri yaradılıb, həmin kabinələr elektron lövhə, kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təmin olunub. Görülən işlərin davamı olaraq STEAM metodları ilə bağlı xarici ədəbiyyatlar Azərbaycan dilinə tərcümə edilib, müvafiq tədris proqramları və müəllimlər üçün metodik vəsaitlər hazırlanıb. Müəllim hazırlığı istiqamətində müvafiq təlimlərin təşkili diqqətdə saxlanılıb. Təlimlər zamanı müəllimlərə STEAM metodologiyaları, Robotexnika, 3D CAD Modelləşdirmə və Çap, Proqramlaşdırma, mikrobit və arduino texnologiyaları, mühəndislik modulları ilə yanaşı, nəzərdə tutulan proqram əsasında STEAM tədrisi üçün istifadə olunan www.tinkercad.com səhifəsindən onlayn istifadə bacarıqları da mənimsədilir. Müəllimlər www.tinkercad.com səhifəsində müəllim və şagird qeydiyyatının aparılması, müxtəlif obyektlərin informasiya modellərinin yaradılması və 3D çap modulundan istifadə qaydaları haqqında geniş məlumatlar əldə edirlər. Təlimləri uğurla başa vuran müəllimlərə Təhsil Nazirliyi tərəfindən STEAM dərslərini aparmaq üçün sertifikat verilir. Gələcəkdə beynəlxalq təlimçilərin Naxçıvana dəvət olunması, həmçinin fərqlənən müəllimlərin beynəlxalq təlimlərə cəlb edilməsi istiqamətində işlər görüləcək.

Təhsilə, onun inkişafına xüsusi əhəmiyyət verən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov təhsilin əhəmiyyətini vurğulayaraq deyib: “Təhsil elə səviyyədə olmalıdır ki, o, insanlara yeni texnologiyaları çevik mənimsəmək, əmək bazarında və şəxsi həyatda layiqli yer tutmaq, sağlam həyat tərzi, ətraf mühitə və cəmiyyətdə gedən proseslərə münasibətdə düzgün mövqe seçmək imkanı yaratsın”. Təhsil sahəsində həyata keçirilən genişmiqyaslı tədbirləri nəzərə alaraq deyə bilərik ki, istedadlı uşaqların aşkarlanması və düzgün istiqamətdə yetişdirilməsində mühüm rol oynayan STEAM-ın diyarımızda tətbiqi gələcəyin peşəkar gənclərinin yetişməsinə öz töhfəsini verəcəkdir.

STEAM-ın gələcəyi

Dünya dəyişir. Rəqəmsal texnologiyalar həyatımızın bir hissəsinə çevrilməklə təhsil sisteminə həm struktur, həm də güc dəyişikliyi gətirir. Görkəmli iqtisadçı alim Tomas Stevart deyir ki, nə təbii resurslar, nə istehsal edilən məhsulun sonsuz ehtiyatları, nə də ki, bank hesabları – bunlar şirkətin sərvətləri sayıla bilməz. Daim artmaqda olan informasiyalar əsrində hər hansı bir şirkətin sərvəti onun əldə etdiyi biliklər toplusu, bir sözlə, intellekt kapitalıdır. Bu gün bütün sahələrdə güclü intizam biliyinə, analitik, yaradıcı və tənqidi düşünmə bacarıqlarına sahib insanlar tələb olunur. Son illərdə təhsil sahəsində yeni trendlərdən biri sayılan STEAM-ın tətbiqi qloballaşan dünyada iqtisadi inkişafdan geri qalmamaq üçün vacib hesab edilir. Bu təhsil metodu üzrə ixtisaslaşmaq üçün istər orta, istərsə də ali təhsil məktəblərində STEAM mövzularına yaxşı yiyələnmək vacibdir. Çünki STEAM-ın təhsil alanlara qazandırdığı bilik və bacarıqların onların peşəkar inkişafına, gələcək həyatına təsiri qaçılmaz olacaq.
İnanırıq ki, bugünkü STEAM bilikli şagirdlərimiz gələcəyin xüsusi qabiliyyət və istedada malik, yaradıcı, yenilikçi və təşəbbüskar şəxsiyyətləri kimi formalaşmaqla ölkəmizin ­inkişafına töhfə verəcəklər.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR