26 Oktyabr 2021, Çərşənbə axşamı

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında rabitə və internet xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi, internet verilişində qırılmaların qarşısının alınmasına dair qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı 23 avqustdan etibarən Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada monitorinqlərin keçirilməsinə başlanılmışdır. Monitorinqlər hazırda Şərur rayonunun kəndlərində davam etdirilir.

Monitorinqlər zamanı abonentlərlə görüşlər keçirilir, mövcud olan internet xətlərinə və avadanlıqlara baxış aparılır. Aparılan təhlillər onu göstərir ki, bir sıra mənzillərdə internet verilişində fasilələrin yaranmasının, internetin keyfiyyətinin aşağı olmasının əsas səbəblərindən biri abonentlərin mənzillərindəki ADSL-splitter qurğusundan (yüksəktezlikli kanalları bir-birindən ayıran və onların eyni anda bir xətdə işləməsini təmin edən qurğu) və ya RJ-11 telefon bağlayıcısının qoşulduğu nasaz şəbəkə qutusundan qaynaqlanır. Bir telefon xəttində modem və danışıq kanalının eyni anda işləməsini təmin edən ADSL-splitter vasitəsilə istifadəçi bir abonent xəttində iki funksiyadan istifadə edə bilir. Qurğu nasaz olduqda isə kanallar işləyərkən bir-birinə maneə törədir və internetin verilişində qırılmalara səbəb olur. Belə ki, telefon xəttindən istifadə edən zaman internet xətti işləmir və qısa fasilələr yaranır. Monitorinqlər zamanı internet qırılmalarına səbəb olan hallar aradan qaldırılmaqla internetin verilməsi bərpa olunur. Bunlarla yanaşı, yararsız kabellər aşkar edildiyi təqdirdə rayon rabitə idarələrinin əməkdaşları tərəfindən yeni kabellərlə əvəz edilməsi məqsədilə zəruri tədbirlər görülür, internet xətlərində yaranmış nasazlıqlar qısa zamanda aradan qaldırılır.
Nazirliyin mütəxəssisləri istifadəçilərin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədilə profilaktik tədbirlər həyata keçirirlər. Görülən işlər, həyata keçirilən tədbirlər sakinlərin rahatlıqla internet xidmətlərindən istifadəsinə şərait yaradır.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR