30 Noyabr 2021, Çərşənbə axşamı

AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, Xalq rəssamı Kamil Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə elmi konfrans keçirilib.


Konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycan Respublikası Prezidentinin “Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2021-ci il 12 oktyabr tarixli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2021-ci il 16 oktyabr tarixli sərəncamlarının əhəmiyyətini vurğulayıb, qeyd olunan dövlət sənədlərinin elm və mədəniyyət xadimlərinə göstərilən qayğının təzahürü olduğunu bildirib.
Vurğulanıb ki, Kamil Əliyev tarixi qədim köklərə dayanan xalçaçılıq sənətinin yaşadılmasında, onun milli elementlərlə zənginləşdirilməsində müstəsna rol oynamış, nəinki ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda Azərbaycan xalçalarını təbliğ etmişdir. Dekorativ-tətbiqi sənət növlərində xüsusi dəstxəti ilə seçilən rəssamın müəllifi olduğu şah əsərlər bu gün rəssamlıq sənətinə yiyələnmək istəyən gənc mütəxəssislər üçün zəngin yaradıcılıq məktəbidir. Kamil Əliyev yaradıcılığında rəssamlıq sənətinə məhəbbət xüsusilə diqqət çəkir, onun müəllifi olduğu portret xalçalarda dahi şəxsiyyətlərin əks olunması rəssamın tariximizə, mənəvi dəyərlərimizə bağlılığının təzahürüdür.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konfransda “Xalq rəssamı Kamil Əliyevin təşkilati fəaliyyəti” mövzusunda məruzə edib. Kamil Əliyevin müəllifi olduğu eskizlər gözoxşayan yaradıcılıq nümunələrində əksini tapmışdır. Məruzədə rəssamın fəaliyyəti, rəngarəng yaradıcılıq üslubu haqqında ətraflı məlumat verilib, diqqətə çatdırılıb ki, “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin uğurlu inkişafı da məhz Kamil Əliyevin yorulmaz və səmərəli fəaliyyətinin nəticəsidir.
Elbrus İsayev məruzə əsnasında Naxçıvan Dövlət Universitetində xalçaçılıq sənətinin öyrənilməsi və gənclərə təbliği istiqamətində görülən işlər haqqında konfrans iştirakçılarını məlumatlandırıb, yaradılan dərnəklərin fəaliyyətindən, əldə olunan uğurlu nəticələrdən söz açıb.
Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevanın, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Allahverdiyevanın və Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Qənbərovanın müxtəlif mövzularda məruzələri maraqla dinlənilib.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR