AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Tariyel Talıbovla birlikdə həmin institutun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının müdiri, aqrar elmləri doktoru Varis Quliyevin 30 illik elmi-tədqiqat işlərinin nəticələri əsasında hazırladıqları “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” adlı monoqrafiya geniş oxucu kütləsinə təqdim olunmuşdur. Kitabda muxtar respublika ərazisindəki üzüm genefonduna aid müxtəlif növ sortların biomüxtəlifliyi barədə ətraflı məlumatlar öz əksini tapmışdır. Nəşrdə Naxçıvan Muxtar Respublikasında üzümçülüyün inkişaf tarixi, müasir vəziyyətindən bəhs olunmuş, bu sahənin inkişafı üçün yararlı torpaq sahələrinin xəritəsi verilmiş, üzüm tənəyinə təsir edən ekoloji amillər tədqiq edilmiş, genefondun tərkibi, ərazidə yayılan yabanı üzüm biotipləri haqqında məlumatlar öz əksini tapmışdır. Həmçinin monoqrafiyada 93 aborigen, 14 introduksiya olunmuş və seleksiya yolu ilə alınmış yeni üzüm sortlarının morfoloji xüsusiyyətləri və irsi əlamətləri, əsas fenoloji fazaların gedişi, biomorfoloji və aqrobioloji göstəriciləri, xəstəliklərə və şaxtalara dözümlülüyü, habelə istifadə edilən məhsulun xüsusiyyətləri araşdırılmış, becərilən perspektivli sortların iqtisadi qiymətləndirilməsi aparılmış, onların ampeloqrafik təsvirləri verilmişdir.

Üzümçülük Naxçıvan diyarında tarixən kənd təsərrüfatının əsas sahələrindən biri olmuşdur. Əlverişli torpaq-iqlim şəraiti bu ərazidə xalq seleksiyası yolu ilə 120-dən çox aborigen üzüm sortunun becərilməsinə imkan vermişdir. Azərbaycanın üzüm genefondunda Naxçıvan regionunda yayılan üzüm sortları yüksək şəkərliliyi, keyfiyyət göstəriciləri və təsərrüfat-texnoloji irsi əlamətləri ilə səciyyələnirlər.
Azərbaycanda üzümçülüyün yeni bazar iqtisadiyyatı şəraitində inkişaf etdirilməsi, bu inkişafın hüquqi bazasının yaradılması məqsədilə Azərbaycan Respublikasının Milli Məclisində 29 yanvar 2002-ci ildə “Üzümçülük və Şərabçılıq haqqında” Qanunun qəbul edilməsinin mühüm əhəmiyyəti olmuşdur. Respublikada üzümçülüyün yenidən inkişaf etdirilməsinə ildən-ilə diqqət artmaqdadır.
Naxçıvan Muxtar Respublikasında üzümçülüyün inkişafının yaxın keçmişinə nəzər salsaq, görərik ki, 1979-cu ildə “Azərbaycan SSR-də kənd təsərrüfatını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” Qərardan sonra o dövrdə əkinəyararlı sahələrin 66-72 faizini yeni salınan üzüm plantasiyaları təşkil etmişdir. Muxtar respublikada üzümçülük 1979-1987-ci illərdə ən yüksək inkişaf mərhələsinə çatmışdır. Belə ki, 1982-ci ildə  66 min ton, 1986-cı ildə 88,1 min ton üzüm istehsal edilmişdir.
Azərbaycanda müstəqil dövlət quruculuğunun ilk illərində bütün sahələrdə olduğu kimi, muxtar respublikanın aqrar sektorunda, həmçinin üzümçülükdə də bir sıra çətinliklər yaranmışdı. Kollektiv mülkiyyətin ləğv olunması, özəl qurumların isə gec formalaşmasının obyektiv səbəbləri, blokada vəziyyəti ilə əlaqədar şərab məhsullarının satışa çıxarılması çətinlikləri üzüm plantasiyalarının kütləvi məhv edilməsinə gətirib çıxardı.
Hazırda əhalinin üzüm və ondan hazır­lanan müxtəlif məhsullara olan tələbatı ildən-ilə artmaqdadır. Muxtar respublikada müxtəlif irsi əlamətlərə malik olan üzümün genefondunun qorunması və tədqiqi, morfoloji və aqrobioloji xüsusiyyətlərinin öyrənilməsi, yeni sort və formaların alınması üçün məqsədyönlü seleksiya işlərinin aparılması, sort tərkibinin iqtisadi baxımdan daha səmərəli sortlarla zənginləşdirilməsi, xüsusilə müxtəlif vaxtlarda yetişən, rentabelliliyi yüksək olan, şaxtalara, xəstəlik və ziyanvericilərə dözümlü yeni sortların genefonda əlavə edilməsi, perspektivli sortların istehsalata yönəldilməsi və istifadəsi üçün səmərəli təkliflərin hazırlanması aqrar sektorda aktual problemlərdən biridir. Üzüm genefondunda müxtəlif genetik irsi əlamətlərə malik genotiplərin araşdırılması, müsbət irsi əlamətli donorların müəyyənləşdirilməsi, seleksiya yolu ilə yeni sortların yaradılması, onların istehsalata yönəldilməsi mühüm elmi-praktik əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikasında əhalinin müxtəlif meyvə, təzə üzüm və ondan hazırlanan məhsullarla etibarlı təminatına dair elmi əsasların yaradılması, elmi konsepsiyaların işlənilməsi dövrün tələbinə çevrilmişdir. “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” kitabı bu məqsədlə yazılmış fundamental əsərdir. Monoqrafiya “Giriş”, “Ümumi ampelo­qrafiya”, “Xüsusi ampeloqrafiya” və “Perspektivli üzüm sortlarının iqtisadi qiymətləndirilməsi” bölmələrindən ibarətdir. Nəşrdə ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründən üzümçülüyün bu günədək olan inkişaf yolu işıqlandırılır, keçmiş Sovet İttifaqı rəhbərliyinin üzümçülüyə dair qəbul etdiyi qərarın mənfi nəticələri təhlil edilir, müasir dövrdə bu sahənin inkişafı istiqamətində görülən sistemli işlərdən söz açılır.
Kitabın “Giriş” hissəsində dünya miqyasında  üzümçülük istiqamətində aparılan elmi-tədqiqat işlərinin və bir elm sahəsi kimi ampeloqrafiyanın şöbələrinin (ümumi ampeloqrafiya, xüsusi ampeloqrafiya, interaktiv ampeloqrafiya) izahı öz əksini tapmışdır.
“Ümumi ampeloqrafiya” bölməsində Naxçıvanda üzümün becərilməsi və inkişaf yolundan, bu istiqamətdə aparılan ampeloqrafik tədqiqatların müasir vəziyyətindən, Naxçıvan Muxtar Respublikasında  üzümçülüyün inkişaf tarixi, təbii şəraiti və  müasir vəziyyətindən danışılır.
Kitabın “Xüsusi ampeloqrafiya” bölməsində 93 aborigen (9 kişmişi, 29 süfrə, 19 universal, 36 texniki), 9 introduksiya olunmuş və 5 seleksiya yolu ilə alınmış yeni üzüm sortlarının tam ampeloqrafik təsvirləri verilmişdir.
“Perspektivli üzüm sortlarının iqtisadi qiymətləndirilməsi” bölməsində isə 41 aborigen, 17 introduksiya edilmiş üzüm sortlarının iqtisadi səmərəliliyi haqqında ətraflı məlumat işıqlandırılmışdır.
Kitabda qədim aborigen üzüm sortlarının Azərbaycan dilindəki doğma adları bərpa edilməklə yanaşı, muxtar respublika ərazisinin üzüm genefonduna daxil olan növ və sortlarının ayrı-ayrılıqda tanıdılması məqsədilə təbiətdə çəkilmiş rəngli, orijinal fotoşəkilləri verilmişdir. Nəşrin üzümçülüklə məşğul olan mütəxəssislər üçün elmi-metodik baxımdan faydalı olacağına inanırıq.
Qeyd edək ki, regionda yayılan üzüm növ və sortlarının elmi əsaslarla öyrənilməsi, bu növ və sortların qorunub saxlanılması baxımından elmi-praktik əhəmiyyəti olan “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, şübhə yoxdur ki, kənd təsərrüfatı ilə məşğul elmi işçilərin və üzümçülərin stolüstü kitabına çevriləcəkdir.

Əliyar İBRAHİMOV
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun şöbə müdiri,
biologiya elmləri doktoru