Naxçıvan Özəl Universitetində 2012-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açmışdır.
“Universitetdə tədrisin və elmi-metodik işlərin yekunları, qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edən ali təhsil ocağının tədris və elmi işlər üzrə prorektoru, dosent İbrahim Kazımbəyli bildirmişdir ki, tədris planları Azərbaycan Respublikası Təhsil Nazirliyinin baza tədris proqramları əsasında tərtib olunmuş və universitet Elmi Şurasının qərarı ilə təsdiq edilmişdir. Bundan əlavə, ayrı-ayrı ixtisaslar üzrə tədris olunan fənlərə aid yeni proqramlar əldə edilmiş, pro­qramlar tam tədris olunmuşdur. Müəllimlərin və tələbələrin kredit təhsil sistemini yüksək səviyyədə mənimsəmələri üçün kompleks tədbirlər həyata keçirilir.
“Kredit sistemi ilə təhsilin yüksək tələblərini həyata keçirmək üçün universitet kifayət qədər yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuşdur”, – deyən İbrahim Kazımbəyli vurğulamışdır ki, universitetdə 4 elektron lövhə quraşdırılmış, I kurs tələbələri üçün ingilis dili və kompyuter kursları təşkil edilmişdir.
İqtisadiyyat və Pedaqoji fakültələr olmaqla, iki fakültənin və altı kafedranın fəaliyyət göstərdiyi universitetdə tədris intizamı daim diqqət mərkəzində saxlanılmışdır. Müəllimlərin və tələbələrin dərsə davamiyyətinə ciddi yanaşılmış, dərsburaxma hallarının aradan qaldırılması üçün lazımi tədbirlər görülmüşdür.

Ali məktəbdə yerinə yetirilən elmi-tədqiqat işlərindən də danışan məruzəçi bildirmişdir ki, ötən il universitet üzrə Tələbə Elmi Cəmiyyəti xətti ilə 90 elmi-tədqiqat işi yerinə yetirilmişdir və bu sahədə fərdi işlər davam etdirilməkdədir. 2012-ci ildə Naxçıvan Özəl Universitetinin professor-müəllim heyətinin sayı 75 nəfər olmuşdur. Onlardan 4 nəfər elmlər doktoru, professor (1 nəfər AMEA-nın müxbir üzvü), 26 nəfər fəlsəfə doktoru, dosentdir. Ötən il universitet əməkdaşlarından 1 nəfəri dosentlik diplomu almış, 1 nəfəri isə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 
Hesabat ilində universitet əməkdaşlarının 1 monoqrafiyası, 8 metodik vəsaiti, 9 dərs vəsaiti, 105 elmi məqalə və tezisi dərc olunmuşdur. Məqalələrdən 18-i xaricdə, 87-si respublikada nəşr edilmişdir.
Yığıncaqda hesabat ilində yol verilmiş bir sıra nöqsanlara və çatışmazlıqlara da toxunulmuş, 2013-cü ildə bu nöqsanların aradan qaldırılması üçün əməkdaşların səylərini artırmaları vurğulanmışdır.
Sonra universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülşən Orucovanın “Universitetin beynəlxalq əlaqələrinin vəziyyəti, qarşıda duran vəzifələr” və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnarə Əziz­əliyevanın “Universitetin ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyəti” mövzularında məruzələri dinlənilmişdir.
Yığıncağa universitetin rektoru, professor İsmayıl Əliyev yekun vurmuşdur.

Xəbərlər şöbəsi