19 Oktyabr 2019, Şənbə

May ayının 11-i 2014/2015-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunlarının II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. Muxtar respublikada Naxçıvan şəhər 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda 896 abituriyent iştirak edib. İmtahana 87 nəzarətçi-müəllim, 9 imtahan rəhbəri cəlb olunub.
İmtahan başlanmazdan əvvəl imtahan keçiriləcək məktəblərin önündə həyəcanlı görünən abituriyentlər, onların valideynləri ilə görüşüb həmsöhbət olduq. Şərur rayon Danyeri kənd tam orta məktəbinin məzunu olmuş Gülsadə Məmmədova dedi:
– Ötən il qəbul imtahanında iştirak etdim. 400-ə yaxın bal topladım. Topladığım bal bir çox ixtisaslara uyğun gəlirdi. Ancaq mənim arzum jurnalist olmaqdır. Buna görə də istəmədiyim ixtisasda təhsil almaq istəmədim. Bu il yenidən hazır­laşdım. İnanıram ki, öz arzuma çatacağam.

Həmin gün valideynlər abituriyentlərdən daha həyəcanlı idilər. Babək rayonunun Nehrəm kəndindən olan İsmayıl Sadiqov deyir:
– Oğlum bu gün imtahan verir. Ona mənəvi dəstək olmağa gəlmişik. Çox həyəcanlıyıq. Ona inanıram. Övladlarına dəstək olmaq üçün burada gözləyənlərə nümunəvi iaşə xidmətinin yaradılmasından çox razıyam və bu şəraiti yaradanlara minnətdarlığımı bildirirəm.
İmtahan başa çatdıqdan sonra imtahanların gedişinə nəzarət edən müəllim Məlahət Seyidova bildirdi ki, abituriyentlərin öz bilik və bacarıqlarını göstərmək üçün ayrılan 3 saat ərzində imtahan otağında onların yüksək fəallığını müşahidə edib. Belə ki, həmin müddət ərzində abituriyentlər heç bir qayda pozuntusuna yol verməyərək diqqətlərini ancaq test tapşırıqlarına yönəldiblər. Bir sözlə, imtahan əsl bilik sınağı ab-havasında keçib.
İmtahandan yenicə çıxmış Kəngərli rayonunun Xok kəndindən olan Mədinə Abdullayeva dedi ki, imtahan zalına daxil olanda bir az həyəcanlı olsam da, özümə tam əmin idim. Sualları cavablandırmağım da bir o qədər çətin olmadı. Suallara doğru cavab verdiyimə əminəm. Tələbə adını qazanmaq ən böyük arzumdur. İnanıram ki, bu adı qazanacağam. Yalnız bununla bizim üçün yaxşı təhsil şəraiti yaradan dövlətimizə, biz gənclərin savadlı olması üçün zəhmət çəkən müəllimlərimizin əməyinə layiqli cavab verə bilərik. Daha bir abituriyent Aynur Kərimova bildirdi ki, imtahanda əsas amil olan sakitlik tam təmin edilmişdi. Bu da onun sualları dəqiq cavablandırmasına imkan verib.
Qeyd edək ki, imtahanda təqdim olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında yerləşdirilib.

Sara ƏZİMOVA

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR