Təhsil və elm sahələrinin yüksək inkişafı sahəsində planetimizdə həlledici iqtisadi və mədəni yüksəlişə malik olan ölkələr dünyada qloballaşma siyasətinin əsas tərəfdarıdırlar. Bu dövlətlərin başbilənləri digər inkişaf etmiş, inkişaf etməkdə olan və ya dünyanın iqtisadi və mədəni inkişafından geridə qalan üçüncü növ ölkələri qloballaşma siyasəti adı altında “bərabər iqtisadi və mədəni inkişafa cəlb etmək” vədləri ilə onları öz inhisarları altına salmaq istəyirlər. Bu cür təhlükəli siyasətin qurbanı olmamaq üçün, ilk növbədə, təhsil və elmin dərin sirlərinə yiyələnmək, qabaqcıl texnologiyaya sahib olmaq, təbii sərvətlərdən qənaətlə istifadə etmək, xalq təsərrüfatının müxtəlif sahələrinə investisiya yatırılmasına nail olmaq, tarixin sınaqlarından çıxıb bu günümüzə qədər gəlib çatan bəşəri nailiyyətlərdən bəhrələnməklə öz keçmişinə, soykökünə bağlılıqla yanası, milli dəyərləri qoruyub inkişaf etdirmək olduqca zəruri məsələlərdəndir. Bunun üçün yüksək elmi, intellektual biliyə, hərtərəfli dünyagörüşə sahib olmaq əsas şərtlərdən biridir. Bu isə yüksək ixtisaslı, milli ruhlu kadrlar yetişdirməklə mümkündür. Belə mütəxəssislər mənsub olduğu xalqın tarixini, onun ədəbiyyatını, folklorunu, arxeologiya və etnoqrafiyasını dərindən öyrənib gələcəkdə Vətənimizə layiq vətəndaşlar formalaşdırmaq üçün bu sahələrə dair doğru-düzgün mənbə və faktlara söykənən, Vətən yanğısı ilə köklənmiş elmi əsər, kitab, monoqrafiya, ən nəhayət, umumiləşdirilmiş dərsliklər, çoxcildliklər yazmağa borcludurlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan tarixi” çoxcildliyinin hazır­lanması və nəşr olunması barədə 2012-ci il 6 avqust tarixli Sərəncamından və bununla əlaqədar AMEA Naxçıvan Bölməsində, Naxçıvan Dövlət Universitetində aparılan müzakirələrdə iştirak etdikdən sonra Azərbaycan tarixinə dair çoxcildlikləri bir daha vərəqləyib elmi süzgəcdən keçirdim. Belə bir sual yarandı ki, Naxçıvan tarixi mövcud cildlərdə necə tədqiq edilib, əvvəlki tədqiqatlar bugünkü tədqiqatçını və geniş oxucu kütləsini təmin edirmi, tariximizi saxtalaşdırmağa çalışanlara bu barədə lazımi, tutarlı elmi cavablar verilibmi? Bu cildlərin ayrı-ayrı fəsillərində Azərbaycanın dövlətçilik tarixində xüsusi rolu və yeri olan, bəşəriyyətə Vətənimizi tanıdan, müstəqil Azərbaycan Respublikasının yaranması, inkişafı və möhkəmlənməsində əvəzsiz xidmətləri olan bu qədim diyarın tarixi barədə hansı məlumatlar öz əksini tapıb?

Nəticədə, 43 il Azərbaycan tarixini tədris edən və Naxçıvan tarixinin XIX əsr və XX əsrin əvvəlləri problemlərinin tədqiqi ilə 38 il məşğul olan bir ziyalı kimi belə qənaətə gəldim ki, mövcud çoxcildliklərdə bəşəriyyətin ən qədim insan məskənlərindən sayılan, ilkin şəhərsalma mədəniyyətinin beşiklərindən biri olan Naxçıvanın tarixinə dair elmi məlumatlar həddən artıq azlıq təşkil edir, bu azlıq da səthi və yarımçıqdır.
Vətən tarixinin obyektiv və hərtərəfli tədqiq edilməsinin ən düzgün yolu, ilk növbədə, bu sahəyə dair tutarlı elmi mənbə bazası və düzgün faktlara söykənən tarixi materiallar hesab olunur. Bunları ümumiləşdirib dərin elmi təhlillər aparılmaqla yanaşı, işdə Azərbaycançılıq ideologiyasına necə istinad edilməsindən də çox şey asılıdır.
Bu ali məqsədə çatmaq üçün hər bir dövrün inzibati idarə sistemini nəzərə almaqla ölkənin bütün bölgələrinin tarixini tədqiq etdikdən sonra əsl Vətən tarixi barədə ümumiləşdirilmiş çoxcildlik tarixi əsərlər ərsəyə gətirmək olar. Təəssüf ki, çar müstəmləkəçiliyi dövründə Azərbaycan tarixinə dair belə əsərlərin yazılması üçün əlverişli mühit yox idi. Sovet hakimiyyəti illərində isə gələcəkdə belə əsərlərin meydana çıxması üçün müəyyən elmi baza yaradılmışdısa da, hakim ideoloji mərkəzin sərt və amansız nəzarəti ilə yenə də tam və dolğun, ümumiləşmiş Azərbaycan tarixinin yazılmasına imkan verilməmişdir. Düzdür, XX əsrin 70-ci illərindən başlayaraq milli tarixşünaslığa dair sərt maneələrin yumşaldılması sayəsində yeni tədqiqat əsərləri yazılmışdır. Lakin bu, ölkənin bütün regionlarını tam əhatə etmədiyindən onları Azərbaycan tarixinə dair yazılmış dolğun ümumiləşmiş çoxcildliklər kimi qəbul etmək olmaz.
Bu sahədə əsaslı dönüş yalnız Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra başlanmışdır. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıtması və bundan sonra müstəqil, hüquqi dövlətin qurulması üçün həlledici islahatların aparılması, ölkə daxilində sabitliyin əldə olunması, xalq təsərrüfatının bütün sahələrinə, eləcə də təhsil və elm sahəsinə yaradılan şərait Azərbaycan tarixinin obyektiv, hərtərəfli tədqiqinə təkan vermişdir.
Bu araşdırmalardan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşri barədə vaxtında verilən Sərəncamının tarixi əhəmiyyətinin xalqımız üçün nə dərəcədə böyük rol oynadığının şahidi olursan.
Bu bir elmi həqiqətdir ki, bütövlükdə Azərbaycan tarixi onun ayrı-ayrı bölgələrinin tarixinin obyektiv yazılması hesabına formalaşır. Odur ki, bütün bölgələrin, eləcə də Naxçıvanın tarixi hərtərəfli, faktlara əsaslanmaqla Azərbaycançılıq məfkurəsi əsasında yazılmalıdır. Belə olarsa, qarşıya qoyulan ali məqsədə çatmaq mümkündür.
Beləliklə, hörmətli oxucularımızı daha çox yormamaq üçün mövcud Azərbaycan tarixi üzrə çoxcildliklərdə Naxçıvan barədə olan məlumatları bölüşmək istəyirəm.
Vətən tarixinin öyrənilməsində ümumiləşdirilmiş tarixin, konkret halda Azərbaycan tarixinin yazılması böyük elmi əhəmiyyət kəsb edir. Lakin burada söhbət yalnız əldə olan fakt və materialların bir yerə toplanmasından getmir. Vətən tarixinin, demək olar ki, bütün başlıca məsələlərini özündə əks etdirən konsepsiya xüsusi əhəmiyyət daşıyır.
İlk ümumiləşdirilmiş Azərbaycan tarixi A.Bakıxanovun “Gülüstani-İrəm” əsəri (1841) hesab oluna bilər. Əsərin çap taleyini o qədər də uğurlu hesab etmək olmaz. “Gülüstani-İrəm” ilk dəfə Azərbaycanda 1926-cı ildə rus dilində, 1951-ci ildə isə Azərbaycan dilində çap olunmuşdur.
Maraqlıdır ki, “Gülüstani-İrəm” 1926-cı ildə məhz “Azərbaycan tarixi” adı ilə işıq üzü görmüşdü. Ümumiləşdirilmiş Azərbaycan tarixinin yazılması zərurəti Azərbaycan Xalq Cümhuriyyəti dövründə genişlənmişdir. Cümhuriyyətin qısa müddətdən sonra süqutu bu işi tam reallaşdırmağa imkan vermədi. Ona görə də belə əsərlərin çapı 1920-ci illərin əvvəllərinə, yəni Sovet hakimiyyəti qurulmasından sonrakı dövrə təsadüf etmişdir. Bu mərhələdə Rəşid bəy İsmayılovun “Azərbaycan tarixi” (1923), Cahangir Zeynaloğlunun “Müxtəsər Azərbaycan tarixi” (İstanbul, 1924), V.M.Sısoyevin “Azərbaycan (Şimal) tarixinin qısa oçerki” (1925) və başqa əsərlər çap olundu.
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra ziyalıların, tədqiqatçıların təşkilatlanması sahəsində müəyyən işlər görülür. Bu sahədə Azərbaycanı Tədqiq və Tətöbbə Cəmiyyəti (1923-1929), Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (1929-1931) mühüm yer tutur. SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi, sonra isə filialının, nəhayət, Azərbaycan SSR Elmlər Akademiyasının (1945) təşkil edilməsi ümumiləşdirilmiş Azərbaycan tarixinin akademik nəşrlərinin hazırlanmasına səbəb olmuşdur. 1930-cu illərin sonları, 1940-cı illərdə Azərbaycan tarixinə dair ümumiləşdirilmiş akademik nəşrlər çap edilmişdir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan tarixinin yeni akademik nəşrinin hazırlanması zərurəti ortaya çıxmış və bunun nəticəsi olaraq yeddicildlik “Azərbaycan tarixi” (1998-2003) nəşr edilmişdir. Hazırda həmin nəşrin latın qrafikası ilə yenidən çapı həyata keçirilir.
Azərbaycan tarixinin son akademik nəşrində, yeddicildlikdə Naxçıvan tarixinin əksi üzərində dayanmaq istərdik. Fikrimizcə, Azərbaycan tarixi konsepsiyasında ölkənin hər bir bölgəsinin, o cümlədən Naxçıvan diyarının həyatının əksi mühüm yer tutmalı, ümumi inkişafda yeri aydın görünməlidir. Bəs, əslində, vəziyyət necədir?
Yeddicildlik “Azərbaycan tarixi”nin birinci cildi xronoloji cəhətdən ən qədim dövrdən başlayaraq eramızın III əsrinə qədər olan dövrü əhatə edir. Bu cilddə Naxçıvan diyarı tarixinin əksi məsələsinə keçək. Burada və sonrakı cildlərdə əvvəlcə belə bir sadə üsul tətbiq edək: xronoloji göstərici və xülasədə (rus dilində) Naxçıvan haqqında nə dərəcədə informasiya olduğunu müəyyən edək. Xronoloji göstəricidən aydın olur ki, burada “Naxçıvan” adı yalnız bir dəfə verilmişdir: e.ə. II minillik – Naxçıvan mədəniyyəti (s.415). “Xülasə” (s.464-472) ilə diqqətli tanışlıq da “Azərbaycan tarixi”nin uzun bir xronoloji kəsimində (1,5 mln il əvvəl – e.III əsri) Naxçıvan kimi mühüm bir bölgənin vəziyyətini müəyyənləşdirməyə imkan vermir. Burada, sadəcə olaraq, I Kültəpənin (s.467) və Naxçıvan arxeoloji mədəniyyətinin (s.468) adı çəkilir. Birinci cild üzrə aparılan tekstoloji təhlil də qısa və səpələnmiş şəkildə olduğundan təqdim edilən xronoloji çərçivə ümumi Azərbaycan tarixində Naxçıvan bölgəsinin rolunu qismən də təsəvvür etməyə imkan vermir.
İkinci cild xronoloji cəhətdən III-XIII əsrin I rübünü əhatə edir. Birinci cilddə Azərbaycanın tarixi-coğrafi bölgələri, o cümlədən Naxçıvan diyarı haqqında aydın bir fikrin olmaması ikinci cilddəki dövrün şərhinə də öz təsirini göstərir. Xronoloji cədvəldə (bu cilddən başlayaraq xronologiya göstəricisi bu adla əvəz olunur) Naxçıvanla bağlı iki qeydə rast gəlirik: 1175 – Möminə xatının Naxçıvanda vəfatı; 1186 – Möminə xatın (Atabəy günbəzi) türbəsinin inşasının başa çatması (s. 511). “Xülasə”də (s. 539-542) Naxçıvanla bağlı olaraq Naxçıvan şəhərinin (s. 539) və Naxçıvan memarlıq məktəbinin adına (s. 542) təsadüf olunur. İkinci cild “Azərbaycanın III-VII əsrlərdə ərazisi və əhalisi” fəsli ilə (s.15-33) başlayır. Fəslin birinci paraqrafında Albaniyanın (s. 15-23), ikinci paraqrafında Adunbadaqanın (s. 23-25) siyasi-inzibati vahidləri və sərhədlərindən bəhs edilir. Burada Naxçıvan bölgəsinə dair məlumata təsadüf edilmir. 59-cu səhifədə Naxçıvan şəhərinə bir abzas ayrılmışdır. Lakin bu material elmi baxımdan ziddiyyətli və dolaşıqdır. Orada yazılır: “I əsrdən VI əsrədək Naxçıvan Albaniyada şəhər və vilayət olmuşdur. 591-ci il müqaviləsinə görə, Naxçıvan Sünik və Vaspurakan vilayətləri tərkibində bilavasitə İrana tabe edilmişdir. VI-VII əsrlərdə Naxçıvanda İran şahı I Xosrovun adından pulkəsən zərbxana var idi. İran-Bizans müharibələri zamanı Naxçıvan gah Sasani, gah da Bizans qoşunlarının basqınlarına məruz qalırdı”. Akademik nəşrdə verilmiş belə bir parça yalnız təəccüb doğurur. İlk cümlədə Naxçıvanın şəhər və vilayət olduğu qeyd edilir. Sonrakı cümlədə isə Naxçıvanın Sünik və Vaspurakan vilayətləri tərkibində İrana tabe edildiyi bildirilir. Belə bir sual ortaya çıxır: ayrı bir vilayət olan Naxçıvan Sünik və Vaspurakan vilayətlərinin tərkibinə necə və nə vaxt daxil oldu? I Xosrovun hakimiyyəti illəri 531-579-cu illəri əhatə edir. Bu, məlum olduğu halda “VI-VII əsrlərdə Naxçıvanda İran şahı I Xosrovun adından pulkəsən zərbxana var idi” cümləsi necə şərh oluna bilər? Deməli, I Xosrov hakimiyyətə gəlməmişdən qabaq və ya öləndən sonra da onun adından pul kəsilib? Nəhayət, sonuncu cümlə də tarixi baxımdan konkret heç nə demir, sadəcə, söz yığınıdır.
Naxçıvan şəhəri və ümumilikdə, regionun Azərbaycan tarixində rolunun xüsusi mərhələ təşkil etdiyi Atabəylər dövrü də ikinci cilddə kifayət qədər açılmamışdır (s. 421).
Üçüncü cild XIII-XVIII əsrlər tarixi­ni əhatə edir. Cildin xronoloji cədvəlində (s. 495-506) Naxçıvanla əlaqədar cəmi bir neçə hadisə öz əksini tapmışdır: 1293-1375 – görkəmli alim, dövlət xadimi Məhəmməd ibn Hinduşah Naxçıvani (s. 496); 1387, 1393, 1397, 1400 – Teymurun Əlincəqalaya hücumları; 1387-1401 – Əlincəqalanın qəhrəmancasına müdafiəsi (s. 497); 1501-ci ilin ortaları – Şərur düzündə İsmayılın Ağqoyunlu Əlvəndi məğlub etməsi (s. 499); 1677 – Çuxursəddə və Naxçıvanda üsyanlar (s. 503). “Xülasə”də (s. 525-530) Naxçıvanın adı Əlincənin müdafiəsi (s. 526), Əlincə üzərində körpü salınması (s. 528) və Naxçıvan xanlığının yaranması ilə əlaqədar (s. 529) çəkilir. Üçüncü cilddə Teymurun və Toxtamışın hücumlarına qarşı mübarizədə (s. 43-47) Naxçıvanda cərəyan edən hadisələrə də müəyyən yer ayrılmışdır.
Naxçıvan tarixinin mühüm hadisələrindən biri burada xanlığın meydana gəlməsi idi. Akademik nəşrdən başlıca gözləntilərdən biri Naxçıvanda xanlığın ölkə miqyasındakı oxşar və özünəməxsus cəhətlərinin obyektiv şəkildə müəyyənləşdirilməsi, bu xanlığın xanlıqlar sistemində mövqeyinin aşkarlanması idi. Naxçıvan xanlığının yaranması dövrü haqqında abzas (s. 413) bu ümidi doğrultmur. Orada yazılanları təkrar etmədən söyləyə bilərik ki, burada Naxçıvan xanlığının yaranması ərəfəsindəki vəziyyət və xanlığın meydana gəlməsi spesifikası aydınlaşdırılmamışdır. Xanlıqlar dövrü şəhərlərindən bəhs edilərkən (s. 446-450) Naxçıvan şəhəri digər şəhərlər kimi (Bakı, Quba və başqa) ayrılmamışdır.
Dördüncü cild xronoloji baxımdan XIX əsri əhatə edir. Xronoloji cədvəldə (s. 397-404) Naxçıvana dair cəmi beş hadisə verilmişdir: 1827-ci il, 26 may – Naxçıvanın tutulması (s. 398); 1837-ci il, 1 yanvar – Naxçıvanda qəza məktəbinin açılması (s. 399); 1864-cü il, 21 yanvar – Naxçıvanı İran sərhədindəki Culfa ilə birləşdirən və Tiflis-İrəvan-Naxçıvan-Culfa teleqraf xəttinin bir hissəsi olan ilk teleqraf xəttinin istifadəyə verilməsi (s. 400); 1875-ci il – Ordubadda iki ipəksarıma fabrikinin işə düşməsi (s.401); 1882-ci il – Ordubadda “Əxtər” (“Ulduzlar”) məktəbinin açılması (s. 402). “Xülasə”də (s. 389-397) Naxçıvan Gülüstan və Türkmənçay müqavilələri (s. 389), çarizmin inzibati ərazi bölgü siyasəti (s. 391) və sair məsələlərlə əlaqədar xatırlanır.
Cildin mətni üzərində aparılan təhlil üzrə deyə bilərik ki, Naxçıvan tarixi əvvəlki cildlərlə müqayisədə ümumazərbaycan prosesləri ilə nisbətən geniş əlaqələndirilmişdir. Bu hal beşinci (1900-27 aprel 1920), altıncı (aprel 1920-iyun 1941) və yeddinci cilddə də (iyun 1941-2002-ci il) müşahidə olunur. Lakin Naxçıvanla bağlı xronoloji fakt və xülasə materialları yenə kifayət qədər ardıcıl xarakter daşımır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan diyarının durumu (V c., s. 410-411) diqqəti az cəlb edir. Naxçıvanla bağlı yeganə başlıq VI cilddəki “Naxçıvan MSSR-in yaradılması”dır (s.177-182). Yeddinci cilddə ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə (1969-1982) Naxçıvanda həyata keçirdiyi sosial-iqtisadi və mədəni quruculuq fəaliyyətinə bəzi sətirlər (s.207 və digər) həsr edilmişdir. Sonrakı tarixi dövrdə ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı və burada həyata keçirdiyi tədbirlərdən (s. 303-306), Naxçıvana rəhbərliyindən (s. 312 və digər) bəhs olunmuşdur. Lakin bunların heç biri xüsusi başlıq kimi ayrılmadığından və pərakəndə şəkildə verildiyindən effektli görünmür. Müstəqil Azərbaycan Respublikasında muxtar respublika statusuna (1995) malik olan bölgə kimi Naxçıvanın sonrakı tarixi də ümumazərbaycan tarixi kontekstində dolğun şərhini tapmamışdır.
Yeddicildlik “Azərbaycan tarixi”nin nəşri Azərbaycanın tarix elminin həmin dövr üçün müəyyən nailiyyəti hesab oluna bilər. Lakin konkret bir motiv əsasında tarixi-coğrafi bölgələrin Naxçıvanın timsalında burada əksinin araşdırılması ciddi boşluqların olmasını da ortaya çıxarır.
Beləliklə, yuxarıda müəyyən etdiyimiz ümumi vəziyyətə uyğun olaraq, belə nəticəyə gələ bilərik ki, yeddicildlik “Azərbaycan tarixi”ndə tarixi-coğrafi bölgələrin ölkənin ümumi tarixi taleyində əksi problemi konseptual şəkildə irəli sürülməmiş, prinsipial elmi həllini tapmamışdır. Ona görə də gələcəkdə akademik nəşr səviyyəsində yeni nəşrlər hazırlanarkən bu, mütləq nəzərə alınmalıdır. Naxçıvan tarixinin ümumi Azərbaycan tarixində əksinə gəldikdə isə bu sahədə köklü dəyişikliklər edilməlidir. Bunun üçün:
– Azərbaycan tarixinin ümumi inkişaf xəttinə uyğun olaraq, onun hər bir bölgəsinin, o cümlədən Naxçıvanın tarixi inkişafı haqqında aydın təsəvvür formalaşdırılmalıdır;
– Naxçıvanın nüfuzlu elmi mərkəzlərində (AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti) aparılan elmi tədqiqatlar və onların nəticələri nəzərə alınmalı, Naxçıvanda çalışan alimlər ümumiləşdirici əsərlərin yazılmasına daha geniş cəlb edilməlidir;
– ümumiləşdirici “Azərbaycan tarixi” və bu tipli əsərlər (Azərbaycan ədəbiyyatı tarixi və sair) hazırlanarkən müvafiq məsələlərin Naxçıvanda aprobasiyasına diqqət verilməlidir.

Bütün bunlar ümumiləşdirici Azərbaycan tarixi kitablarında Naxçıvan diyarının düzgün və kompleks şəkildə əks etdirilməsinə imkan verəcək. Bu isə, öz növbəsində, həmin nəşrlərin səviyyəsinin yüksəlməsinə hərtərəfli təsir göstərməklə Azərbaycanın tarix elminin inkişafında yeni səhifə aça bilər. Eyni zamanda yuxarıda qeyd olunanlar Azərbaycan tarixinin tərkib hissəsi kimi Naxçıvan tarixinin yazılması zərurətini meydana çıxarır. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə Sərəncamı mühüm elmi əhəmiyyətə malikdir.

Zəhmət ŞAHVERDİYEV
tarix elmləri doktoru