14 Dekabr 2019, Şənbə

Mayın 30-da Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunun iştirakçıları Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşlar.
Forum çərçivəsində keçirilmiş səkkiz paralel sessiyadan biri olan “Texniki elmlər” sessiyasının 80 nəfərədək iştirakçısının Naxçıvana səfəri Batabat Astrofizika Rəsədxanasından başlanmışdır.
Rəsədxanada qonaqlara bildirilmişdir ki, dəniz səviyyəsindən 2050 metr yüksəklikdə yerləşən rəsədxana binasının günbəzində “SEYYS-600” tipli teleskop quraşdırılmışdır. Almaniya istehsalı olan teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun fənn laboratoriyasının əməkdaşları da iştirak etmişlər. Muxtar respublika ərazisinin astronomik şəraiti normal, səması təmiz və şəffaf olduğundan digər rəsədxanalardan fərqli olaraq, bu stansiyada Günəşdən başqa, bütün göy cisimlərini – planetləri, kometaları, asteroidləri, ulduzları və yaxın qalaktikaları müşahidə və tədqiq etmək mümkündür. Alimlər Batabat Astrofizika Rəsədxanasında səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar barədə verilən ətraflı məlumatları maraqla dinləmişlər.

Qonaqlar Batabat yaylağının füsunkar gözəlliyini də seyr etmişlər. Müxtəlif torpaq tiplərinin inkişaf tapdığı ərazidə 2899 bitki növünün yayılması, geniş ərazidə 285 növ faunanın məskunlaşması barədə məlumatları dinləyən qonaqlar Naxçıvanın ecazkar təbiətinə heyranlıqlarını gizlətməmişlər.
Naxçıvan Dövlət Universiteti ilə tanış olan alimlərə bildirilmişdir ki, hazırda NDU-da 11 fakültədə 47 ixtisas üzrə 5 min nəfərədək tələbə təhsil alır. Universitetdə ali təhsilin bakalavr, magistratura və doktorantura səviyyələri üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Bu ali təhsil ocağında 10 ölkədən 200 nəfərdən çox xarici tələbə təhsil alır. NDU ABŞ, İngiltərə, Çin, Rusiya, Fransa, Almaniya, İspaniya, Türkiyə və digər ölkələrin universitetləri ilə geniş əlaqələrə malikdir.
Alimlər Naxçıvan şəhərindən 14 kilometr aralıda yerləşən Duzdağ Fizioterapiya Mərkəzində də olmuşlar. Qonaqlara bildirilmişdir ki, burada duz layları arasında oksigen 20 faiz təşkil edir. Həmçinin duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir.
Qeyd edilmişdir ki, Duzdağ Fizioterapiya Mərkəzində, əsasən, allergik xəstəliklərdən, xüsusilə də bronxial-astmadan əziyyət çəkənlər müalicə olunurlar. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70 faiz, uşaqlarda isə 80-85 faiz yaxşılaşma qeydə alınır.
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində də olan qonaqlar burada naxçıvanlı gənc alimlərlə görüş keçirmiş, diskussiyalar aparmışlar. Onlara Naxçıvan Muxtar Respublikasının tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verilmişdir.
Daha sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olan alimlərə bildirilmişdir ki, XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala müharibələr nəticəsində dağıdılmış və əvvəlki möhtəşəmliyini itirmişdir. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanmış, tarixi ərazidə yenidənqurma işləri aparılmış, qalanın əvvəlki görkəmi özünə qaytarılmışdır. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılmışdır.
Kompleksin ətrafında və daxilində geniş abadlıq-quruculuq işləri aparılmış, işıqlandırma sistemi quraşdırılmış və yaşıllıq zolaqları salınmışdır.
Kompleksin muzeyindəki eksponatlarla maraqlanan alimlərə məlumat verilmişdir ki, orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülmüşdür. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur.
Naxçıvan Muxtar Respublikasının ərazisindəki abidələrin 600-ə yaxınının dünya və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi olması faktı alimlərin böyük marağına səbəb olmuşdur. Qeyd edilmişdir ki, buranın tarixi əhəmiyyətini artıran mühüm amillərdən biri də qala divarları yaxınlığında Nuh Peyğəmbərin məzarüstü türbəsinin olmasıdır.
Mayın 30-da Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunun iştirakçılarının Naxçıvana səfəri başa çatmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR