14 Dekabr 2019, Şənbə

Konqresdə Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin bir sıra ali məktəbləri arasında əməkdaşlıq protokolu imzalanmışdır

Ankarada “Qafqazın gələcəyində enerjinin rolu: Region ölkə­lərinin həmrəyliyi” mövzusun­da Qafqaz Universitetləri Birliyi­nin (QUB) ənənəvi IV konqresi keçiril­mişdir.Tədbir Türk Əməkdaş­­lıq və Koordinasiya Agentliyi (TİKA), Xəzər Forumu, Ankara Siyasi və İqtisadi Araşdırmalar Mərkəzi, Türkiyə İş Bankı və Ərdahan Universiteti tərəfindən təşkil olunmuşdur.
Konqresdə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, bölgə ölkələrinin energetika nazirləri, Türkiyə Prezidenti Administrasiyasının rəhbəri, professor Mustafa İsen, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Qafqaz Universitetləri Birliyinin sədri – Ərdahan Universitetinin rektoru, professor Ramazan Qorxmaz, ümumilikdə, 67 universitetin rektorları iştirak etmişdir. Konqresdə Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov da iştirak etmişdir.

S.Məhərrəmov konqresdə çıxış edərək qardaş ölkələrimiz arasında əlaqələrin inkişafında elm, təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən, Naxçıvan Dövlət Universitetinin Türkiyənin əksər universitetləri ilə çoxillik səmərəli tərəfdaşlığından danışmışdır. Qeyd edilmişdir ki, Naxçıvan Dövlət Universiteti ötən ilin mayından Türkiyənin universitetləri ilə digər ölkələrin ali təhsil ocaqları arasında tələbə və müəllim mübadiləsini nəzərdə tutan Mövlana Mübadilə Proqramında da uğurla təmsil olunur.
Rektor vurğulamışdır ki, 2009-cu ildə yaradılan və 60 universiteti özündə birləşdirən QUB Qafqazda yaşayan və ortaq mədəniyyətləri paylaşan Azərbaycan, türk, gürcü xalqlarının elmi-intellektual inkişafında, tələbə-gənclər arasında elmi-mədəni tərəfdaşlığın möhkəmlənməsində, təcrübə mübadiləsinin genişləndirilməsində mühüm rol oynayır. Universitet muxtar respublika rəhbərliyinin tövsiyə və qayğısı ilə Türkiyənin ali məktəbləri ilə əlaqələrini bundan sonra daha da genişləndirməyə çalışacaqdır.
Konqresdə 13 universitet Qafqaz Universitetləri Birliyinin tərkibinə daxil edilmişdir. Həmçinin Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Kastamonu, Cümhuriyyət, Yakın Doğu, Çankaya, Ərzurum Texniki və sair universitetləri arasında Mövlana Mübadilə Proqramı ilə bağlı protokol imzalanmışdır.
Tədbirdə çıxış edən Taner Yıldız dünyada enerji böhranından, ölkəsinin enerji ehtiyatlarından danışmış, bu sahədə əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.
Mövzu ətrafında aparılan müzakirələrdən sonra Qafqaz Universitetləri Birliyinin “Ədəbiyyat- 2014” mükafatlarının təqdim edilməsi mərasimi olmuşdur. Professor Saleh Məhərrəmov bu tədbirdə də iştirak etmişdir.
Qafqaz Universitetləri Birliyinin növbəti konqresi İran İslam Respublikasının Təbriz Universitetində keçiriləcəkdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR