18 Sentyabr 2019, Çərşənbə

Dünən bu mövzuda Naxçıvan Dövlət Universitetində (NDU) elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəm­ov çıxışına ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə başlayıb: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Müstəqilliyin ilk illərində Azərbaycanda ekoloji problemlərin həllinin diqqətdən kənarda qaldığını vurğulayan rek­tor ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində ardıcıl tədbirlər görüldüyünü, bu sahədə dövlət siyasətini tənzimləyən zəngin qanunvericilik bazası yaradıldığını qeyd edib. Bildirilib ki, dahi şəxsiyyətin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında təbii ehtiyatlardan səmərəli istifadə, hər kəsin sağlam ətraf mühitdə yaşamaq və ətraf mühiti qorumaq hüquqları haqqında maddələr öz əksini tapıb.

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubovun “Naxçıvan Muxtar Respublikasında dövlət ekoloji siyasəti” mövzusunda məruzəsi dinlənilib. Nazir ulu öndərin 2001-ci il 23 may tarixli Sərəncamı ilə ölkəmizdə ekoloji siyasəti həyata keçirən vahid dövlət idarəetmə strukturunun – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasını, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsini Azərbaycan ekologiyasına göstərilən dövlət qayğısı olduğunu bildirib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da əlverişli ekoloji mühitin yaradılması sahəsində ardıcıl tədbirlər görülür. “Əlverişli mühitin yaradılmasında ən mühüm amillərdən biri meşə ehtiyatlarının qorunması, bərpası və artırılmasıdır. Muxtar respublika təbiətinin zənginliyi həm də burada nadir bitki və heyvan növlərinin mövcudluğu ilə ölçülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı kitab” çap edilib. Bu da sayı azalmaqda olan flora və fauna növlərinin mühafizə edilməsi və artırılmasında mühüm əhəmiyyət kəsb edir”, – deyən məruzəçi bildirib ki, ətraf mühitdən istifadə etmək hər bir vətəndaşın hüququ olduğu kimi, onun qorunması da hər birimizin vətəndaşlıq borcudur.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbovun “Naxçıvan Muxtar Respublikasında biomüxtəlifliyin mühafizəsi problemləri”, NDU-nun Baytarlıq kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Əli Tahirovun “Naxçıvan Muxtar Respublikasında arıçılığın mövcud vəziyyəti və inkişaf perspektivləri”, Botanika kafedrasının dosenti Hilal Qasımovun “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, Zoologiya kafedrasının baş müəllimi Hüseyn Novruzovun “Naxçıvan Muxtar Respublikasında qışlayan quşlar” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu olduğu, buna görə də muxtar respublikada insanların ətraf mühit və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılmasının, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsinin və ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasının diqqət mərkəzində saxlanıldığı, bu məqsədlə ardıcıl tədbirlər görüldüyü bildirilib.
Konfransda məruzəçilər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Mina QASIMOVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR