18 Sentyabr 2019, Çərşənbə

Naxçıvan Muxtar Respublikasında təhsil sahəsindəki səmərəli fəaliyyətlərinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 14 iyun tarixli Sərəncamı ilə Heydər Əliyev adına Hərbi Liseyin iki müəllimi “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, bir nəfər isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilmişdir. Həmin müəllimləri oxucularımızla daha yaxından tanış etmək üçün onları redaksiyamıza dəvət edib sevinclərini bölüşdük:
Zərifə SEYİDOVA – Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi: – Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbi qızıl medalla bitirmişəm. Kimya ixtisası üzrə ali təhsil almışam. İlk müəllimlik fəaliyyətinə məzun olduğum orta məktəbdən başlamışam. 2006-cı ildən Heydər Əliyev adına Hərbi Liseydə müəllimlik peşəmi davam etdirirəm. Heydər Əliyev adına Hərbi Lisey! Bu ad insanda necə də qürur və fəxr hissi yaradır! Burada işləmək çox məsuliyyətli və şərəflidir. Hər bir qüdrətli dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün təminatçısı onun güclü ordusudur. Bu gün Azərbaycan Respublikasının güclü ordusu var. Heydər Əliyev adına Hərbi Lisey Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ixtisaslı və peşəkar kadr təminatı istiqamətində fəaliyyətini uğurla davam etdirir. Bir müəllim kimi bununla fəxr edirəm.

Qeyd edim ki, liseydə kursantların yüksək təhsil almaları üçün hər cür şərait yaradılıb. Müxtəlif fənlərin tədrisində yararlı olan kabinələr, laboratoriyalar yüksək səviyyədə dərs keçməyimizə imkan verir. Mütəmadi tədbirlərin, yarışların, gecələrin keçirilməsi kursantların bilik və bacarıqlarını, onların istedadlarını üzə çıxarır. Kursantlar boş vaxtlarında müxtəlif dərnəklərdə iştirak edir, liseyimizin zəngin kitabxanalarında mütaliə ilə məşğul olurlar. Hərbi Liseydə kursantların Vətənimizə bağlılıqları və məhəbbəti gün keçdikcə daha çox artır.
İndiyə qədər müxtəlif mükafatlar almışam. Sonuncu mükafatımı əməyimə verilən yüksək qiymətin zirvəsi hesab edirəm. Pedaqoji fəaliyyətimin yüksək qiymətləndirildiyinə görə, doğma, əziz liseyimizə xüsusi diqqət və qayğı göstərdiyinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığımı bildirirəm. Bu yüksək qiymət məni daha böyük məsuliyyətlə çalışmağa və yüksək nailiyyətlər əldə etməyə sövq edir.
Mirismayıl SEYİDOV – “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunan: – 1975-ci ildə Şahbuz rayonunun Biçənək kəndində anadan olmuşam. 1992-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Türkiyə Respublikasına oxumağa göndərilən gənclərdən biriyəm. Qardaş ölkədə təhsilimi başa vurduqdan sonra Naxçıvan Dövlət Universitetinin magistratura təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. 2003-cü ildən isə Heydər Əliyev adına Hərbi Liseydə tarix müəllimi kimi fəaliyyətə başlamışam. Ümummilli lider Heydər Əliyevin adını daşıyan liseyin müəllimi olmaqdan qürur duyuram. Heydər Əliyev adına Hərbi Liseyin yaradılmasının 10 illiyinin qeyd edildiyi ərəfədə bu ada layiq görülməyim mənim üçün ayrı bir sevincdir.
Bütün peşə sahiblərini yetişdirən müəllimdir. Bu səbəbdən müəllim peşəsi daha məsuliyyətlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin yaratdığı, hər Naxçıvana gəlişində dahi rəhbərin baş çəkdiyi, bu gün isə Onun adını daşıyan Hərbi Liseydə çalışmaq ikiqat məsuliyyətdir. Ulu öndər Heydər Əliyev Naxçıvanda Hərbi Liseyi yaradarkən əmin idi ki, bu məktəb heç vaxt diqqətdən kənarda qalmayacaq. Biz Ali Məclis Sədrinin diqqət və qayğısını daim öz üzərimizdə hiss edirik. Ali Məclis Sədrinin hər il liseyin buraxılış tədbirlərində iştirak etməsi, məsləhət və tövsiyələr verməsi bizi daha yaxşı işləməyə sövq edir.
Ali Məclisin Sədri bu il iyunun 17-də Hərbi Lisey kursantlarının buraxılış mərasimindəki çıxışında demişdir ki, “Biz bu gün Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına baxarkən, bu məktəbin məzunlarının hərbi xidmətdəki fəaliyyətlərini izləyərkən möhkəm iradəyə malik vətənpərvər gəncliyi görür, istər-istəməz doğma Azərbaycanımızın gələcəyini düşünür və bununla iftixar hissi keçiririk. Heydər Əliyev adına Hərbi Liseyin kursantı olmaq böyük məsuliyyət və şərəf işidir”. Biz müəllimlərin də bu kursantların yetişməsində üzərinə böyük vəzifələr düşür. Mənə göstərilən bu etimad və əməyimə verilən bu yüksək qiymət üçün dərin min­nətdarlığımı bildirirəm. Əmin edirəm ki, göstərilən bu etimadı doğruldacaq, əməyimə verilən bu yüksək qiymətə işimlə cavab verməyə çalışacağam.
Abdulla HƏSƏNOV – Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi: – Heydər Əliyev adına Hərbi Liseydə riyaziyyat fənnini tədris edirəm. Qeyd edim ki, silahlı qüvvələrimiz üçün gənc zabitlər yetişdirmək liseyimizin müəllim və zabitləri üçün şərəfli, müqəddəs və məsuliyyətli bir işdir. Bizim ən başlıca məqsədimiz kursantlara Vətənə məhəbbət, torpağa sevgi, xalqına və millətinə sədaqət hissləri aşılamaq, müstəqil Azərbaycanımız üçün əsl zabit yetişdirməkdir. Bu gün məqsəd təkcə fiziki cəhətdən sağlam, savadlı, yetkin gənclər deyil, həm də Vətənə, dövlətə, milli dəyərlərə, ən əsası isə ümummilli lider Heydər Əliyevin ideyalarına və Ali Baş Komandana sədaqətli gənclər yetişdirməkdir. Hərbi Liseydə kursantlarla aparılan iş də ümummilli liderimizin irsini, onun ideyalarını dərindən öyrənmək və gələcək xidmətdə tətbiq etmək prinsipi üzərində qurulmuşdur.
Mənim pedaqoji fəaliyyətimin belə yüksək səviyyədə qiymətləndirilməsinə görə dərin minnətdarlığımı bildirirəm. Söz verirəm ki, fəaliyyət göstərdiyim Heydər Əliyev adına Hərbi Liseydə kursantların əsl vətənpərvər, dövlətini, xalqını, torpağını sevən, savadlı, intellektli bir vətəndaş, Azərbaycan Silahlı Qüvvələrinə yararlı zabit kimi yetişməsində savadımı, bacarığımı və var qüvvəmi əsirgəməyəcəyəm.

Müsahibəni apardı: Sara ƏZİMOVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR