Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Şərur Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Şərur rayonunun Tumaslı kənd tam orta məktəbində “Kurikulumun öyrənilməsi, tətbiqi və məktəbdə psixoloji xidmətin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransın plenar iclasında çıxış edən Şərur Rayon Təhsil Şöbəsinin müdiri Yaqub Tağıyev bildirmişdir ki, ötən dörd ildə rayonun ümumtəhsil məktəblərində kurikulum üsulunun tətbiqi ilə əlaqədar müəyyən tədbirlər həyata keçirilmişdir. “Kurikulum üsulu ilə dərslərin tədrisi və əldə olunan nailiyyətlər məktəb rəhbərləri, fənn müəllimləri ilə yanaşı, muxtar respublika Təhsil Nazirliyi və rayon Təhsil Şöbəsi əməkdaşlarının birgə əməyinin nəticəsidir”, – deyən şöbə müdiri əlavə etmişdir ki, müasir tədris üsullarının tətbiqi istiqamətində pedaqoji kadrların hazırlanmasında Naxçıvan Müəllimlər İnstitutunun da müstəsna rolu vardır. Müəllimlərimizin təşkil olunmuş pedaqoji sahələr üzrə kurslara cəlb edilməsi, onlarla aparılan praktik işlər həmin müəllimlərin işlərini tələb olunan səviyyədə qurmalarına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Ümumiyyətlə, belə tədbirlərin keçirilməsi, qarşılıqlı fikir mübadilələrinin aparılması üçün yerlərdə görüşlərin təşkil olunması məktəb işinin düzgün qurulmasına xidmət edir.
“Məktəbdə psixoloji xidmətin aktual problemləri” mövzusunda məruzə edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli bildirmişdir ki, bu gün yetişməkdə olan nəslin inkişafını, tərbiyəsini düzgün təşkil etmək, sürətlə artan elmi-texniki yeniliklərin əsaslarını onlara mənimsətmək müasir təhsil prinsiplərinin əsas vəzifələrindəndir. Bunun üçün uşaqların dərketmə imkanlarının, idrak proseslərinin inkişaf qanunauyğunluqlarının və bu prosesin necə aşılanmasının yeni metodlarının müəllimlər tərəfindən öyrənilməsi vacibdir.

Hər bir psixoloq bilməlidir ki, o, ölkədə, dünyada gedən proseslərin uşaqlar tərəfindən düzgün başa düşülməsinə və nizamlanmasına istiqamət verən şəxsdir. Buna görə də yeni təhsil islahatının həyata keçiril­məsində psixoloq müəllimlərin də üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Əsl vətəndaş yetişdirmək, cəmiyyətimizin gələcək qurucularını düzgün formalaşdırmaq üçün Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları məktəblərimizə, müəllimlərimizə, eləcə də psixoloq müəllimlərimizə müvafiq mövzular üzrə hərtərəfli kömək göstərilməsini davam etdirəcək.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Rəşad Əlizadə çıxışında məktəblərdə psixoloji xidmət işinin təşkili və tətbiqi ilə bağlı görulməsi vacib olan işlərdən, qarşıda duran vəzifələrdən danışmışdır.
Sonra elmi-praktik konfrans öz işini iki bölmədə davam etdirmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlı, institutun metodisti Məsim Tarverdiyev, Kurikulum Mərkəzinin müdiri Rafiq Hüseynov və Şərur Rayon Təhsil Şöbəsinin metodisti Çinarə Məmmədova bölmə iclaslarında məruzələrlə çıxış etmişlər.
Sonda elmi-praktik konfrans iştirakçılarına kurikulumun öyrənilməsi, tətbiqi və məktəbdə psixoloji xidmətin təşkili ilə bağlı yazılı materiallar və kompakt disklər verilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti