12 Dekabr 2019, Cümə axşamı

Dünən Naxçıvan Dövlət Texniki Kollecində Boloniya təhsil sisteminə uyğun orta ixtisas təhsili müəssisələrində kredit sisteminə keçidlə əlaqədar seminar keçirilib. Seminarı Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Məhəmməd Qəribov açıb. Bildirilib ki, son dövrlərdə ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısı nəticəsində təhsildə dünya standartlarına uyğun yeni metod və qaydaların tətbiqi uğurla icra olunur. Bu metodlardan biri də Boloniya təhsil sisteminə uyğun ali və orta ixtisas təhsili müəssisələrində yeni kredit sisteminin tətbiq olunmasıdır. Qeyd olunub ki, muxtar respublikada təhsil müəssisələrinin hərtərəfli inkişafı bu yeni metodların da tətbiqində mühüm rol oynayacaq.

Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid çıxış edərək bildirib ki, yeni qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsilinin standartı və proqramı”na, 2011-ci il 14 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə və Avropa kredit-transfer sisteminə uyğun olaraq hazırlanıb. Vurğulanıb ki, kredit sistemi əsasında təşkil olunmuş tədris prosesi hər bir tələbənin fərdi tədris planının olmasını və onların bu planın tərtibində iştirakını, tələbənin fənn və müəllim seçimində müstəqilliyini, təhsil prosesinə akademik məsləhətçilərin cəlb olunmasını, tələbəyə sərbəst iş üçün şəraitin yaradılmasını, biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiqini, hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşmasını, hər bir fənn üzrə ayrıca jurnalın tərtibini, tələbə və müəllimlərin mobilliyinin təmin olunmasını və nəhayət, fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin, tələbələrin kodlaşdırılmasını nəzərdə tutur.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xətti ilə keçirilən seminara videobağlantı ilə Naxçıvan Musiqi Kollecinin müəllimləri də qoşulublar.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR