10 Avqust 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Dövlət Universitetinin tələbələri üçün növbəti açıq dərs keçilib.
Əvvəlcə mərkəzin elmi katibi Emin Məmmədov tələbələrə mərkəz haqqında məlumat verərək bildirib ki, 90 il bundan əvvəl yaradılan Naxçıvan Muxtar Respublikası çətin, mürəkkəb, eyni zamanda şərəfli inkişaf yolu keçib, milli istiqlaliyyət yolunda Naxçıvanda cəsarətli addımlar atılıb. Bu gün də Naxçıvan Muxtar Respublikası milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olmaqla ölkəmizin iqtisadi qüdrətinin artırılmasına, tarixinin öyrənilməsinə və elmi potensialının gücləndirilməsinə dəyərli töhfələr verir. Muxtar respublikada inkişaf və tərəqqi dövrü kimi səciyyələnən son illərdə Naxçıvan tarixinin öyrənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Emin Məmmədov qeyd edib ki, Azərbaycanşünaslığın üzvi tərkib hissəsi olan Naxçıvanşünaslığa dair irsin, xüsusilə Naxçıvan Muxtar Respublikasının tarixinin, elminin, ədəbi mühitinin, incəsənətinin, təbii sərvətləri və mədəniyyətinin, habelə Naxçıvanın görkəmli şəxsiyyətlərinin həyatı və fəaliyyətinin öyrənilməsi, təbliğ olunması Naxçıvanşünaslıq Mərkəzinin əsas fəaliyyət istiqamətidir. Naxçıvanşünaslıq Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 17 fevral tarixli Sərəncamı ilə yaradılıb. Mərkəz, onun kitabxanası və arxivi ən müasir informasiya avadanlıq və daşıyıcıları ilə təmin olunub, elektron kitabxana və elektron arxiv yaradılıb.
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid universitetdə “tarix” ixtisasının tədris planına “Naxçıvanşünaslıq” fənninin də əlavə olunduğunu qeyd edib. Prorektor bildirib ki, burada yaradılan şərait Naxçıvanşünaslıq Mərkəzi ilə elm, tədqiqat və təhsil müəssisələri arasında səmərəli əməkdaşlığın qurulmasında, elmi-tədqiqat işlərinin aparılmasında, yeni elmi istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.
Açıq dərsdə Surə Seyid “Naxçıvanda mətbuatın inkişaf tarixi” mövzusunda məruzə edib.
Açıq dərsin sonunda tələbələr Naxçıvanşünaslıq Mərkəzi ilə tanış olublar, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin tələbələri üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində açıq dərslər həftədə iki dəfə keçiləcək və bu ilin dekabr ayında başa çatacaq.

Mina QASIMOVA

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR