20 Sentyabr 2020, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin keçirdiyi müşavirədə ümumtəhsil məktəblərinin kitabxanalarında görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Mövzu ilə bağlı məruzə edən təhsil naziri Piri Nağıyev bildirib ki, bu gün muxtar respublikamızda kitabxana şəbəkələrinin genişləndirilməsi, kitabxanaların yeni ədəbiyyatlarla, informasiya texnologiyaları ilə zənginləşdirilməsi daim diqqətdə saxlanılan məsələlərdəndir. Belə ki, 2005-ci ildən etibarən ümumtəhsil məktəblərinə 2 milyon 7 min 482 nüsxə dərslik verilib. Onların 254 min nüsxəsi 2014-cü ilin avqust-sentyabr aylarında gətirilib. Bununla yanaşı, ümumtəhsil məktəblərinin kitabxanalarına 620 min 117 nüsxə latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyatlar verilib.
Nazir bildirib ki, xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual mənəvi potensialının artırılmasında kitabxanaların üzərinə mühüm vəzifələr düşür. Qeyd olunan vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinin təmin olunması üçün muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində ümumtəhsil məktəblərinin kitabxanalarında lazımi şərait yaradılıb, məktəb kitabxanaları kompüterlər, hər cür maddi-texniki baza və əyani vəsaitlərlə təmin olunublar.­

Qeyd olunub ki, öz işini günün tələbləri səviyyəsində qura bilən ümumtəhsil məktəblərinin kitabxanaları şagirdlər arasında mütaliə vərdişləri aşılayır, məktəbin pedaqoji kollektivinə elmi, pedaqoji, ictimai, publisist və metodik təcrübə sahəsində xidmətlər göstərirlər. Bunun üçün, ilk növbədə, kitabxanaya daxil olan bütün dərslik, elmi-metodik, pedaqoji, psixoloji, ictimai-siyasi və tədrisə aid digər ədəbiyyatları fondun qeydiyyatına alır və komplektləşdirirlər.
“Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, heç də bütün kitabxanalarda ədəbiyyatların uçota alınması və qorunmasına lazımi diqqət yetirilmir”, – deyən təhsil naziri tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, əvvəlki tədris illərində aparılmış monitorinqlər nəticəsində bəzi tədris müəssisələrində ədəbiyyatların dəqiq uçotunun aparılmaması, yararsız hala düşmüş dərslik və bədii ədəbiyyatların bərpası qayğısına qalınmaması hallarına rast gəlinib.
Vurğulanıb ki, insanın kamilləşməsində, yüksək keyfiyyətlərə yiyələnməsində mütaliənin böyük rolu vardır. Müasir dövrün məktəblisinin maraq dairəsi əvvəlki dövrlərə nisbətən daha sürətlə dəyişir və inkişaf edir. Bugünkü elmi-texniki inkişaf şagirdlərə əsas verir ki, onlar kompüterlərdən, elektron lövhələrdən və sairdən istifadə etsinlər. Bu yeniləşmə şagirdləri televiziya verilişlərinə, videofilmlərə baxmağa və kompüter oyunları ilə məşğul olmağa sövq edir. Lakin mütaliənin uşaqlarda hafizə və diqqəti inkişaf etdirdiyini, onlara baş verən hadisələrə düşüncə ilə yanaşmağı öyrətdiyini bilən kitabxanaçılar bütün imkanlardan istifadə edərək şagirdlərdə mütaliə mədəniyyətini formalaşdırmağa çalışırlar.
Diqqətə çatdırılıb ki, hər ayın sonuncu həftəsinin cümə günü ümumtəhsil məktəblərində “Kitabxana günü” elan olunub. Qabaqcıl kitabxana işçiləri ay ərzində həmin günün qeyd olunması üçün hazırlıq işləri həyata keçirir və məktəbdə müəyyən kitabların müzakirəsini, görkəmli dövlət xadimlərinin həyatına həsr edilmiş ədəbi-bədii gecələrin və viktorinaların keçirilməsini təşkil edirlər. Əfsuslar olsun ki, bəzi məktəblərimizdə bu prosesə laqeyd münasibət bəslənilir, həmin gün üçün heç bir tədbir keçirilmir və ya sadəcə, iş planları tərtib edilir. Şəhər və rayon Təhsil şöbələri qeyd olunan məsələlərə diqqəti artırmalı, sinif rəhbərləri, ədəbiyyat müəllimləri və məktəb rəhbərlərinin kitabxana ilə əlaqələrinin gücləndirilməsinə çalışmalıdırlar.
Məruzə ətrafında müzakirələrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin direktoru Şahin Əliyarovun, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Elmi Kitabxanasının direktoru Nuridə Kəngərlinin, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbud­ovanın çıxışları olub.

 Muxtar MƏMMƏDOV

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR