Daha böyük uğurlar naminə

Ümummilli lider Heydər Əliyevin ölkənin təhsil sisteminə böyük diqqət və qayğısı nəticəsində əldə olunan nailiyyətlər günümüzün danılmaz həqiqətidir. Ulu öndər    tərəfindən müəyyənləşdirilmiş strateji siyasi kursu uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev milli intibaha və yüksəlişə hesablanmış fəal maarifçilik missiyası həyata keçirməkdədir. Naxçıvan Muxtar Respublikasında da təhsil ciddi diqqət yetirilən sahələrdəndir. Şərur rayonunda da təhsil infrastrukturu müasirləşir, yeni məktəblər tikilir, mövcud məktəb binaları əsaslı təmir olunur, müasir avadanlıqlarla, elektron lövhələrlə təchiz edilir, kompyuterləşdirilir, hər il yeni dərsliklər alınıb şagirdlərə pulsuz paylanılır. 

Təhsil Şöbəsindən aldığımız məlumata görə, rayonda 58 ümumtəhsil məktəbi, o cümlədən 4 ümumi orta, 54 tam orta məktəb, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Cari dərs ilində ümumtəhsil məktəblərində 9789 şagird təhsil alır. Məktəbdənkənar təhsil müəssisələrində isə yaradılmış 278 qrupa 4104 şagird cəlb edilmişdir.

Məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün mütərəqqi təlim metodlarından istifadəyə, qabaqcıl təcrübənin tətbiqinə üstünlük verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (milli kurikulumu)”na uyğun olaraq, ibtidai təhsil pilləsində kurikulumun yerinə yetirilməsi vəziyyəti testlər vasitəsilə yoxlanılır və nəticələr təhsil şurasında müzakirə edilir. Ötən dərs ilində və bu dərs ilinin birinci yarısında iş planına uyğun olaraq, V-VIII və IX-XI siniflər üzrə müntəzəm keçirilən bilik yarışları davam etdirilmişdir. Sınaq-test imtahanlarının zonalar üzrə yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılmış, imtahanların nəticələri müzakirə edilmiş, şagirdləri zəif nəticə göstərən məktəblərdə mövcud nöqsanların aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirilmişdir.
“Azərbaycan dili və ədəbiyyat”, “fizika”, “riyaziyyat”, “informatika”, “tarix”, “coğrafiya”, “fiziki tərbiyə”, “gənclərin çağırışaqədərki hazırlığı”, “kimya”, “biologiya”, “xarici dil” və digər fənlər üzrə yeniliklərin tətbiqi, nöqsanların aradan qaldırılması yolları müəllimlərin müzakirə mövzusu olmuşdur.
Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinin qarşıya qoyulan səviyyədə qurulması üçün ixtisaslı mütəxəssislərin iştirakı ilə reydlər keçirilir, təhsil şurasının iclaslarında bu məsələ məktəb rəhbərlərinin iştirakı ilə müzakirə edilir.
Xüsusi istedada malik uşaqların (gənc­lərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi sahəsində görülən işlərin nəticəsidir ki, rayonun məktəbliləri şeir və inşa yazı müsabiqələrində, rəsm sərgilərində yaxşı nəticələr əldə edirlər. Məktəblilərin fənn olimpiadalarının 2012-ci il üzrə respublika mərhələsində də yüksək göstəricilər əldə olunmuş, iki nəfər birinci, 5 nəfər ikinci, 5 nəfər üçüncü, 1 nəfər isə dördüncü yerə layiq görülərək respublika mərhələsinin qalibləri sırasında yer tutmuşlar.
Şərurda məktəb tikintisi diqqət mərkəzində saxlanılır. Ötən il Danyeri və Aralıq kəndlərinin hər birində 414, Dərəkənddə 216 şagird yerlik yeni məktəb binaları tikilmiş, 504 şagird yerlik Qarxun, 198 şagird yerlik Qorçulu kənd tam orta məktəblərinin binaları əsaslı şəkildə yenidən qurulduqdan sonra öz qapılarını müəllim və şagirdlərin üzünə açmışdır. Yeni istifadəyə verilən məktəblərdə lazımi avadanlıqlarla təmin olunmuş laboratoriyalar fəaliyyət göstərir, kompyuter otaqları və elektron lövhəli siniflər, kifayət qədər dərslik və bədii ədəbiyyatları olan kitabxanalar, idman zalları və sair müəllim və şagirdlərin ixtiyarındadır.
Son illər gənc kadrlara göstərilən dövlət qayğısının nəticəsidir ki, onlarla ali məktəb məzunu ixtisaslarından asılı olaraq, Şahbulaq, Gümüşlü, Yuxarı Yaycı, Tənənəm, Havuş kimi ucqar dağ və sərhəd kəndlərindəki məktəblərdə pedaqoji fəaliyyətə başlamışdır. Onların həm dərs yükləri çox olur, həm də dövlət tərəfindən verilən imtiyazlardan istifadə edirlər. Təkcə ötən ilin sentyabr ayında muxtar respublika Təhsil Nazirliyinin keçirdiyi təhsil yarmarkasında 50 nəfər gənc müəllim ucqar dağ və sərhəd kəndlərinə göndəriş almışdır.
Müəllimlərin nəzəri və təcrübi biliklərini artırmaq məqsədilə keçirilən seminarların, təlim kurslarının da əhəmiyyəti böyükdür. 2012-2013-cü dərs ilində rayonun ümumtəhsil məktəblərinin V siniflərində dərs deyəcək 20 müəllim kurikulum təliminə hazır­lıqla bağlı seminara, 500-dən çox müxtəlif ixtisaslı müəllim Təhsil Şöbəsinin xətti ilə keçirilən təlim kurslarına cəlb edilmiş, onlara yeni təlim metodlarından istifadə yolları aşılanmışdır.
Bəs ötən il Şərurda ali məktəblərə qəbulun nəticəsi necə olmuşdur? Sualımızı rayon Təhsil Şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Yaqub Tağıyev belə cavablandırdı:
– Ötən dərs ilində rayonumuzun ümumtəhsil məktəblərinin XI siniflərini 822, IX siniflərini isə 1113 nəfər bitirmişdir. 598 nəfər orta məktəb məzunu ali məktəblərə sənəd vermişdir. Bu, ümumi məzunların 72,74 faizini təşkil edir. Onlardan 291 nəfəri (48,6 faizi) müxtəlif ali məktəblərə qəbul olunmuşdur. 33 nəfər abituriyent daha yüksək nəticə göstərmişdir. Onlardan 10 nəfər 600-dən, 7 nəfər isə 650-dən çox bal toplamış­dır. Sevindirici haldır ki, Şərur şəhərindəki 1 nömrəli tam orta məktəbin məzunu Ruhəngiz Hüseynova, şəhərdəki 2 nömrəli tam orta məktəbin məzunu Ayxan Axundov və Ərəbyengicə kənd tam orta məktəbinin məzunu Rza Rəhimov Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşlər. Orta ixtisas məktəblərinə on bir illik təhsil bazasından 50, doqquz illik təhsil bazasından isə 32 məzunumuz qəbul olunmuşdur.
Bu gün məktəblərimizdə kifayət qədər kompyuter dəsti vardır ki, onların da əksəriyyəti internetə qoşulmuşdur. Şagirdlərimiz 105 elektron lövhəli sinifdən istifadə edirlər.
Təhsil Şöbəsinin müdiri onu da xüsusi vurğuladı ki, qış aylarının sərt və şaxtalı olmasına baxmayaraq, məktəblərdə və məktəbdənkənar tərbiyə müəssisələrində işin ahəngi bir an da pozulmur. Bu da əvvəlcədən görülən hazırlıq tədbirlərinin nəticəsidir. Ötən dərs ilində 29 məktəb istilik sistemi ilə qızdırılırdısa, bu dərs ilində onların sayı 34-ə çatdırılmışdır.
Bu il də rayonun bir neçə yaşayış məntəqəsində yeni məktəb binalarının tikilməsi, yaxud yenidən qurulması nəzərdə tutulmuşdur. Göstərilən diqqət və qayğıya cavab olaraq rayon Təhsil Şöbəsi bundan sonra da gənc nəslin milli ruhda tərbiyələnməsi və biliklərə dərindən yiyələnməsi na­minə əzmlə çalışmağı qarşısına məqsəd qoymuşdur.

Cəfər ƏLİYEV