Bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək universitetin Cənubi Koreyanın ali təhsil ocaqları ilə əməkdaşlığının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Cənubi Koreyanın Kimçonq və Busan Kyumqsunq universitetləri ilə hərtərəfli əməkdaşlığa malikdir. Bu əməkdaşlıq Boloniya sisteminin prinsiplərinə uyğun Cənubi Koreyanın Kimçonq Universiteti ilə tələbə mübadiləsinə başlanılmasında da özünü göstərməkdədir. Koreyanın qrant yardımı və texniki əməkdaşlıq proqramlarını həyata keçirən KOICA dövlət agentliyi ilə birgə reallaşdırılan layihə haqqında da məlumat verən rektor hazırda universitetdə 10 nəfərə yaxın Koreya vətəndaşının bakalavr, magistratura, doktorantura təhsil pillələri üzrə təhsil aldıqlarını bildirib. Qeyd olunub ki, universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində “Koreyaşünaslıq” seçmə fənni tədris olunur. Buradakı Cənubi Koreya Mərkəzi uğurla fəaliyyət göstərir. Mərkəzdə Koreya dili üzrə hazırlıq kurslarının fəaliyyət göstərməsi isə Koreya dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyətinin öyrənilməsi baxımından böyük önəm daşıyır. Tələbə mübadiləsi məqsədilə Naxçıvan Dövlət Universitetindən 3 nəfər tələbə – tərcümə (ingilis dili-Azərbaycan dili), hüquqşünaslıq və stomatologiya ixtisasları üzrə I kurs tələbələri Nəsir Neymətli, Əkbər Həsənli və Şahin Tağıyev Cənubi Koreyanın Kimçonq Universitetində 6 ay müddətində təhsillərini davam etdirəcəklər. Həmçinin Kimçonq Universitetindən gələn 2 tələbə Lee Sumi və Jeonq Seok bakalavr pilləsində təhsillərini bir il müddətində Naxçıvan Dövlət Universitetində davam etdirəcəklər.

Koreya dili hazırlıq kurslarının müəllimi, Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlərin tarixi və nəzəriyyəsi” ixtisaslaşması üzrə magistrantı, Cənubi Koreya vətəndaşı Çanq Se Cunq Cənubi Koreyaya göndərilən tələbələrin bu kurslarda fəal iştirak etdiklərini və bir neçə tələbənin arasından seçildiklərini bildirib. 
Kimçonq Universitetinin tələbəsi Jeonq Seok çıxış edərək Naxçıvan Dövlət Universiteti haqqında Cənubi Koreyada müsbət fikirlərin olduğunu və təhsilini bir il müddətində davam etdirmək üçün məhz bu universiteti seçməsindən məmnunluq duyduğunu qeyd edib.
Stomatologiya ixtisası üzrə birinci kurs tələbəsi Şahin Tağıyev çıxış edərək ölkəmizi və universitetimizi Cənubi Koreyada layiqincə təmsil edəcəklərini, təhsil müddətini müvəffəqiyyətlə başa vuracaqlarını bildirib.

Mina QASIMOVA