21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Dilim zəngin xəzinəmdir” mövzusunda II muxtar respublika şeir müsabiqəsi keçirilmişdir.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Rasim Rüstəmov açaraq müsabiqənin şərtləri barədə iştirakçılara məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Zeynal Hümbət­ov, Yazıçılar Birliyinin sədri Asim Yadigar dilimizin bugünkü inkişafı, dövlət statusu almasında ümummilli liderimiz Heydər Əliyevin xidmətlərindən danışmışlar.
Sonra müsabiqədə iştirak edən ümumtəhsil məktəblərinin şagirdləri dilimizə həsr olunmuş şeirləri bədii qiraət etmişlər. Münsiflər heyətinin rəyinə əsasən, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Mirqabil Əkbərov birinci yerin qalibi olmuşdur. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Heydər Əliyev adına Hərbi Liseyin şagirdi İbrahim İbrahimli və Babək rayon Qoşadizə kənd tam orta məktəbinin şagirdi Gülənbər Nuriyeva tutmuşlar. Qaliblərə və həvəsləndirici yerləri tutanlara təşkilatçılar tərəfindən diplom və hədiyyələr verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti