Naxçıvan Dövlət Universitetində Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf  Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində növbəti təlim kursuna  başlanılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Allianz Consult” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Azərbaycan Ornitoloji Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə hüquqi biliklərin, eləcə də peşə vərdişlərinin yüksəldilməsinin təmin edilməsi və ətraf mühit təhlükəsizliyi, ətraf mühit idarəçiliyi planı üzrə biliklərin tətbiqi mövzularına həsr olunmuş beşgünlük təlim kurslarının açılış mərasimi keçirilmişdir. Mərasimdə universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov çıxış edərək qeyd etmişdir ki, layihə çərçivəsində keçirilən və müxtəlif mövzulara həsr olunan təlim kursları muxtar respublikada yüksək ixtisaslı kadr potensialının gücləndirilməsi, dünyəvi bilik və təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir. Müxtəlif dövlət strukturlarının, AMEA Naxçıvan Bölməsinin nümayəndələrinin, universitetin müvafiq ixtisaslar üzrə müəllim və tələbələrinin təlim kurslarında iştirakı mütəxəssis hazırlığı baxımından faydalı olacaq.

    Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru Elçin Sultanov ətraf mühit təhlükəsizliyi və ətraf mühit idarəçiliyi planı üzrə keçirilən təlim kursunun məqsəd və vəzifələri barədə məlumat verərək bildirmişdir ki, əsas məqsəd Azərbaycanda, o cümlədən Naxçıvanda ətraf mühit təhlükəsizliyi və ekoloji problemlərin həlli üzrə biliklərin tətbiqidir.  “CLC Law Firm” şirkətinin hüquqi konsultantı, əmək qanunve­riciliyi üzrə təlimçi Qorxmaz Ağayev çıxış edərək kursun dövlət investisiyaları üzrə kadr potensialının  hazırlanması baxımından əhəmiyyətindən danışmışdır.

            Qeyd edək ki, beş gün davam edəcək təlim kursunun iştirakçılarına sonda sertifikatlar təqdim olunacaq.

Mina QASIMOVA