15 Noyabr 2019, Cümə

Təlim-tərbiyəsi ilə məşğul olduğumuz şagirdlərin düzgün formalaşmasında müəllim əməyinin rolu əvəzsizdir. Məktəbə gedən hər bir şagirdin həyat yolunu müəllim ziyası məşəl kimi işıqlandırır. İllər keçir, bu məşəl sönmür, şagird sadə, təvazökar, ağıllı, vicdanlı bir şəxs kimi boya-başa çatır. O, həyatda müstəqil, xoşbəxt yaşadıqca, onu tərbiyə edən, bu yolda minbir əziyyət çəkən, gözlərinin nurunu, ürəyinin hərarətini onun səadəti üçün əsirgəməyən müəllimini heç vaxt unutmur, uzaqda yaşasa da, imkan tapıb ona baş çəkir, minnətdarlıq məktubları göndərir. Müəllim isə bu və ya digər sahələrdə ad-san qazanan keçmiş şagirdləri ilə fəxr edir, qəlbində hədsiz sevinc hissi keçirir. Saçlarının ağarmasına, gözlərinin işıqdan düşməsinə təəssüflənmir, parta arxasında oturan şagirdlərinin təlim-tərbiyəsi üçün var qüvvəsini sərf edir, öz işinin öhdəsindən ləyaqətlə, vicdanla gəlməyə çalışır. Belə müəllimlərin şagirdləri həyatda onlara oxşamaq istəyir, onların etimadını, etibarını doğrultmaq üçün hər cür zəhmətə qatlaşır, yaxşı oxuyur, müəllimlərinin tapşırıqlarını layiqincə yerinə yetirir, məktəbdə, ailədə və ictimai yerlərdə özlərini intizamlı şagird kimi təqdim etməyi bacarır, böyüklərin hörmətini saxlayır, kiçiklərə isə qayğı göstərirlər. Bütün bunlar qabaqcıl müəllim əməyinin dəyəriölçülməz bəhrəsidir.

Bu müvəffəqiyyət, bilavasitə, müəllim-şagird münasibətilə bağlıdır. Əgər müəllimlə şagird arasında mehriban, səmimi, xeyirxah münasibət yoxdursa, onda onların müvəffəqiyyət qazanması da çətindir.

Ardını oxu...

Naxçıvan Özəl Universitetinin üç əməkdaşı Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərinə səfər etmişdir. Budapeşt şəhərinin Korvinus Universiteti ilə Naxçıvan Özəl Universiteti arasında qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi, digər universitetlərdə tətbiq edilən yenilikləri öyrənmək məqsədilə protokol imzalanmışdır. Səfər zamanı həmin universitetin rektoru Zolt Rostovanyi, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Erzebet Veres və Xarici dil tədrisi və araşdırma mərkəzinin rəhbəri Aqota Dobos, Sosial elmlər fakültəsinin dekanı Krismann Laszlo, Biznes idarəçiliyi fakültəsi daxilində fəaliyyət göstərən Beynəlxalq araşdırmalar mərkəzinin direktoru Zita Zoltay Paprika, Beynəlxalq araşdırmalar proqramının rəhbəri Doris Kesteli və Test mərkəzinin direktoru Josef Pine ilə görüş keçirilmişdir. Səfər zamanı müəllim mübadiləsi, iqtisadiyyat və ingilis dili ixtisasları üzrə tələbə mübadiləsi, Beynəlxalq əlaqələr şöbəsi ilə ortaq layihələrin həyata keçirilməsi, beynəlxalq pro­qramlarda birgə fəaliyyət kimi məsələlər, ortaq və ikili diplom layihələri, eləcə də Korvinus dil tədrisi və araşdırma mərkəzinin rəhbəri Aqota Dobos ilə ESP (xüsusi məqsədlər üçün ingilis dili) layihəsi müzakirə edilmişdir. Qərara alınmışdır ki, həm ixtisas biliklərinin möhkəmlənməsi, həm də ixtisaslarına uyğun mükəmməl xarici dil biliklərinə yiyələnmək məqsədilə 2014-cü ildən etibarən Naxçıvan Özəl Universiteti əməkdaşlarından ibarət qrup Korvinus Universitetinə göndəriləcəkdir. Hər iki universitetin rektorları arasında “Qarşılıqlı əməkdaşlıq” haqqında protokol imzalanmışdır.

Nuray ƏSGƏROVA

(Oçerk)

10-cu sinifdə oxuyanda müəllimimiz bizimlə kimin hansı ixtisası seçəcəyi barədə tez-tez söhbətlər aparırdı. Sinif yoldaşlarımdan biri fizika ixtisasını seçmək arzusunda olduğunu söyləyəndə digər sinif yoldaşlarımdan biri: heç indiyə qədər görmüsən ki, qadından fizik ola,– deyə dilləndi. İlk olaraq mən də bu qənaətlə razılaşdım. Ancaq sonralar başa düşdüm ki, qənaətimdə yanılmışam. Bir neçə gün sonra müəllimimiz “Şərq qapısı” qəzetinin 2000-ci ildə çıxmış saylarından birini sinfə gətirdi. Qəzetdə dərc olunmuş bir yazını bizə oxudu. Həmin yazıda naxçıvanlı fizika-riyaziyyat elmləri doktoru Zərifə Əliyarovadan söhbət gedirdi. Orta məktəbi başa vurduq. Sinif yoldaşlarımın hərəsi bir peşəni seçdi. Mənə isə qəzetdə işləmək nəsib oldu. Bu günlərdə redaksiyamızın arxivində orta məktəbdə oxuyarkən müəllimimizin sinfə gətirdiyi qəzetin həmin nömrəsinə rast gəldim. Maraq məni bir daha üstələdi. Yazını yenidən oxudum. Müəllif Zərifə Əliyarova haqqında çox qısa məlumat verdiyindən jurnalist marağı ilə naxçıvanlı alim haqqında araşdırma aparmağı qarşıma məqsəd qoydum.

Kimdir Zərifə Əliyarova? Azərbaycan elmi üçün nələr edib? İnternet saytlarında Zərifə xanım haqqında heç bir məlumata rast gəlmədim. Düzünü deyim ki, belə biganəlik bir qədər də qəlbimi sıxdı. Necə ola bilər ki, naxçıvanlı ilk fizik-alim qadın haqqında saytlarda heç bir məlumat olmasın. Ertəsi gün, necə deyərlər, üzüm gülürdü. Öyrənmişdim ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Zərifə xanım haqqında kifayət qədər material var. Azərbaycan və rus mətbuatında onun haqqında yazılan məqalələri oxuduqca bir daha əmin oldum ki, Zərifə Əliyarovanın Azərbaycanda fizika elminin inkişafında xidmətləri böyükdür.

Ardını oxu...

SİFE (Students İn Free Enter­prise – Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində) beynəlxalq tələbə proqramı üzrə Bakı şəhərində keçirilən VIII respublika çempionatında Naxçıvan Dövlət Universiteti də uğurla təmsil olunmuşdur.
Naxçıvan Dövlət Universitetində bu münasibətlə keçirilən tədbiri universitetin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov açaraq universitetin SİFE komandasını yüksək peşəkarlıq nümayiş etdirərək VIII respublika çempionatında 12 komanda arasında III yerə layiq görülməsi münasibətilə təbrik etmiş, bu uğuru muxtar respublikada elm və təhsilin inkişafına, istedadlı gənc­lərə göstərilən dövlət qayğısının nəticəsi kimi dəyərləndirmişdir.
Universitetin SİFE komandasının rəhbəri, İqtisad fakültəsinin dekan müavini, dosent Müslüm Cabbarzadə çıxış edərək 2008-ci ildə yaradılan komandanın elə həmin ildən Azərbaycan ali məktəblərinin birinciliklərində iştirak etməsi, 2010-cu ildə ölkə çempionu adını qazanaraq ABŞ-ın Los-Angeles şəhərində keçirilən dünya çempionatında Azərbaycanı layiqincə təmsil etməsi, 2011-ci ildə yenidən ölkə çempionu kimi Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən dünya çempionatında uğurlu nəticə qazanması barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Dövlət Universitetinin adıçəkilən komandasının builki çempionatdakı çıxışları, təqdim etdikləri layihələr böyük tamaşaçı rəğbəti qazanmışdır. 12 komandanın qatıldığı çempionatda komanda 3 layihə ilə – “Enac tut”, “Örtülü bazar”, “Unudulmuş dəyər” layihələri ilə çıxış etmişdir. “Enac tut” layihəsi çempionatda ən yaxşı biznes layihəsi nominasiyasının qalibi olmuş, komandanın rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadə “İl ərzində ən fəal komanda məsləhətçisi” diplomu ilə təltif olunmuşdur.
Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov “SİFE”-ın rəhbəri, İqtisad fakültəsinin dekan müavini Müslüm Cabbarzadəyə, komandanın kapitanı Nərmin İsmayılovaya və komanda üzvlərinə kubok, diplom və sertifikatları təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Komandanın kapitanı və komanda üzvləri qazandıqları uğurlara görə onlara hər zaman dəstək olanlara minnətdarlıqlarını bildirmişlər.

Mehriban SULTAN

“Dünyanın ən sanballı universitetlərindən biri olan M.Lomonos­ov adına Moskva Dövlət Universitetini bitirdikdən sonra taleyini doğma diyarda elmin inkişafına həsr etmək, həqiqi mənada, vətənpərvərliyin və Naxçıvana böyük sevginin göstəricisidir. AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Zöhrab Əhməd oğlu Vəliyev məhz belə bir insan idi. O həm yaxşı elm adamı, həm yaxşı pedaqoq, həm də yaxşı insan kimi yaddaşlarda qalıb”. AMEA-nın müxbir üzvü Zöhrab Vəliyevin 60 illik yubileyinə həsr olunmuş konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bu fikirləri səsləndirib. Qeyd edilib ki, Zöhrab Vəliyev 1977-ci ildə universiteti bitirdikdən sonra təyinatla AMEA-nın Fizika İnstitutuna göndərilib. 1986-cı ilə qədər burada elmi tədqiqatlar aparan Zöhrab Vəliyev yarımkeçiricilər fizikası üzrə namizədlik dissertasiyası müdafiə edib. 1986-cı ildən isə fəaliyyətini Naxçıvan Dövlət Universitetində davam etdirən Zöhrab Vəliyev doktorluq dissertasiyasını bu təhsil ocağının əməkdaşı olduğu dövrdə müdafiə edib. Zöhrab Vəliyev bacarıqlı bir elm adamı olmaqla yanaşı, həm də bacarıqlı təşkilatçı idi. O, Naxçıvan Dövlət Universitetində dekan müavini, elmi katib, dekan, prorektor vəzifələrində çalışıb. 10-dan çox kitabın, 70-dən artıq elmi məqalənin müəllifi olan alim 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2003-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.
Sonra konfrans məruzələrlə davam etdirilib. AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayevin “Zöhrab Vəliyevin həyat yolu”, həmin institutun böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Məftun Əliyevin “Zöhrab Vəliyevin elmi, pedaqoji və təşkilati fəaliyyəti”, Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbovun “Görkəmli alim, xeyirxah insan”, Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri, fizika üzrə fəlsəfə doktoru Məmməd Hüseynəliyevin “Şərəfli yaşanmış alim ömrü” mövzularında məruzələri dinlənilib.
Konfransa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.

Elnur KƏLBİZADƏ

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR