Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin gənclərə öyrədilməsi məqsədilə Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə açıq dərs keçilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin böyük məsləhətçisi Tural Rzayev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi dövlət qurulmasından ibarət olub. Bu məram partiya sıralarının qısa müddətdə vətənpərvər gənclərin hesabına genişlənməsinə səbəbiyyət verib.