02 İyul 2020, Cümə axşamı

Niyə də görünməsin? Ulu diyar Naxçıvanın möhtəşəm mənzərəsi gündüzü ilə bərabər, gecəni də heyran qoyur özünə. Təmiz küçələr, hamar yollar, bir-birindən yaraşıqlı binalar gecələr də gözəl görünür. Bu isə naxçıvanlıların arzuladığı günlər idi. İndi doğma diyarım qaranlıqdan azad olunmuş məmləkətdir. Bir zamanlar işığa həsrət qalmasına baxmayaraq, indi nura qərq olub. Parkların işıqlı görünüşü qoca Şərqin ulu torpağını daha  da ecazkar edir.  Əvvəllər şəhərdə “Böyük bağ”dan başqa, yaşıllığı olan istirahət guşəsi tapmaq olmurdu. Bu günsə, az qala, hər yaşayış binasının önündə bir park, istirahət guşəsi yaradılıb.  Ürək dağa dönür.

...Budur, Heydər Əliyev Mədəniyyət və İstirahət Parkındayıq. Bir anlıq buranın uzun illər bundan əvvəlki görkəmi yadıma düşdü. Yaxşı xatırlayıram, bir vaxtlar bura həsir və polietilendən düzəldilən köşklü bazara oxşayırdı. Axşamlar isə burada bir nəfər də olsun, tapa bilməzdin. İndi bura əsl istirahət məkanıdır. 4,7 hektar ərazisi olan park xüsusi layihə əsasında yenidən qurulub. Burada yaraşıqlı fəvvarə və şəlalə kompleksi yaradılıb, kanalda qayıqla gəzinti təşkil edilib, hər cür hava şəraitinə davamlı materialdan hazırlanmış oturacaqlar qoyulub, dekorativ ağac və gül kolları əkilib, gülkarlıqlar salınıb.

Ardını oxu...

Ulu öndər Heydər ƏLİYEV: Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini birinci təsdiq edən onun dilidir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi” qeyd olunur.
Azərbaycan dili dünyanın qədim tarixə malik zəngin dillərindəndir. Minillərin sərt sınaqlarından keçən ana dilimiz xalqımızın ən ali milli dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Dilimiz öz ifadə imkanlarının zənginliyi, fonetik tərkibinin səlisliyi və qrammatik strukturunun sabitliyi ilə seçilir. Müasir Azərbaycan dili ictimai-siyasi, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim zənginləşən bir dildir.

Ardını oxu...

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələr və 2013-cü ilin ilk 6 ayının yekunları ilə bağlı “Şərq qapısı” qəzeti redaksiyası Naxçıvan Mətbuat Şurası ilə birgə yığıncaq keçirmişdir. Tədbirdə məruzə ilə çıxış edən “Şərq qapısı” qəzetinin Baş redaktoru Tural Səfərov 2013-cü ilin birinci yarısında görülən işlər, işdə buraxılan nöqsanlar və qarşıda duran vəzifələrdən danışmışdır.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov şəhər və rayon qəzetlərinin 6 aylıq fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, cari ilin ilk 6 ayı ərzində hər bir qəzet ayrı-ayrılıqda quruculuq, kənd təsərrüfatı, ordu quruculuğu, vətənpərvərlik və sair mövzularla birlikdə respublikamızda qeyd olunan əlamətdar, tarixi günləri öz səhifələrində işıqlandırmağa səy göstərmişdir. Bununla yanaşı, şəhər və rayon qəzetlərinin fəaliyyətini tam qənaətbəxş hesab etmək olmaz. Əməkdaşlar çalışmalıdırlar ki, yaradılan şərait müqabilində öz işlərini günün tələbləri səviyyəsində qura bilsinlər.
Yığıncaqda “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov çıxış edərək qarşıdakı 6 ayda əməkdaşların daha fəal çalışacaqlarına, göstərilən qayğıya əməli işlə cavab verəcəklərinə əminliyini bildirmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Ülvi Hüseynli çıxış etmişdir.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda əhalinin, xüsusilə gənc­lərin asudə vaxtlarının səmərəli təşkili, nümunəvi istirahəti üçün müasir istirahət ünvanlarının yaradılmasına xüsusi diqqət yetirilir. Bu tədbirlərin davamı kimi Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzinin kinoteatrında 2D və 3D formatlı filmlərin nümayişinə imkan yaradan yeni avadanlıqlar quraşdırılıb. 3D formatlı filmlərin nümayişi ABŞ istehsalı olan Barko aparatı vasitəsilə mümkün olacaq. Belə formatlı filmləri izləmək üçün biletlərin qiyməti 3 AZN miqdarında müəyyənləşdirilib.
Məlumat üçün bildirək ki, tamaşaçılar üçün bilet əldə etmək prosesi də mərkəzdə quraşdırılan yeni kassa aparatı vasitəsilə xeyli asanlaşdırılıb. Belə ki, bilet əldə etmək istəyən hər hansı bir şəxs kassaya yaxınlaşaraq quraşdırılmış monitor vasitəsilə istədiyi sıranı və yeri sifariş edə biləcək. Yeni kassa aparatı kinosevərlərə internet üzərindən bilet sifariş etmək imkanı da yaradacaq. Beləliklə, film izləmək istəyən tamaşaçılar internet üzərindən bəyəndiyi filmləri seçə, bilet sifariş edə və zalda istədikləri yeri tuta biləcəklər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 2013-cü ilin yay mövsümündə məktəblilərin asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif tədbirlər həyata keçirir. İndiyədək kitabxananın kollektivi tərəfindən Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında, “Böyükbağ”da, Dədə Qorqud meydanında, Heydər Əliyev prospektindəki 13, 79, 15 və 81, Atatürk küçəsindəki 9 və 11 nömrəli yaşayış binalarının həyətlərində “Kitab bayramları” və “Kitab sərgiləri və oxuları”, 7 və 10 nömrəli uşaq bağçalarında “Uşaqların nağıl dünyası” adlı kitab sərgiləri təşkil olunub.
İyulun 24-də isə kitabxananın kollektivi “İstiqlal” küçəsində yerləşən 73 və 75 nömrəli yaşayış binalarının həyətində azyaşlı uşaqları öz ətrafına toplayıb. Bu dəfə “Kitabı sevin – kitab bilik mənbəyidir” adlı kitab sərgisi və oxusu keçirilib. Açıq tədbirdə “Heydər Əliyev ili” münasibətilə ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən kitabların oxu və müzakirəsinə geniş yer verilib.
Kitabxananın direktoru Kamal Axundovun verdiyi məlumata görə, indiyədək keçirilən tədbirlərdə 1500-dən çox məktəbli iştirak edib. Tədbirlər Naxçıvan şəhərinin müxtəlif ərazilərində təşkil olunmaqla avqustun 25-dək davam edəcək.

Xəbərlər şöbəsi

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR