20 Oktyabr 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əsas vəzifələrindən biri də tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, bu sahədə dövlət nəzarətini həyata keçirmək, habelə tikintidə istifadə olunan tikinti materiallarının, konstruksiya və avadanlıqlarının müvafiq sertifikatlarının olmasını, onların dövlət standartlarının tələblərinə cavab verməsini, müəyyən olunmuş qaydada istifadədən əvvəl sınaqdan və texniki təhlükəsizlik ekspertizasından keçirilməsini yoxlamaqdan ibarətdir. Həmin vəzifələrin yerinə yetirilməsi üçün Nazirliyin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin fəaliyyətinin təmin olunması diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fövqəladə Hallar Nazirliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir ki, Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin mühəndis-geoloji, beton və sement laboratoriyasının fəaliyyəti son illər təkmilləşdirilərək Türkiyə, Rusiya, Yaponiya, İsveçrə, Çin və Koreya istehsalı olan ən müasir sınaq avadanlıqları ilə təchiz edilmişdir. Laboratoriya tərəfindən akkreditasiya sahəsinə uyğun olaraq tikintidə istifadə edilən materialların standartlara uyğunluğu yoxlanılır və tikinti sahəsində mühəndis-geoloji işlərin aparılması təmin edilir.
Yeni qurulan armatur sınağı laboratoriyası da bu sahədə fəaliyyətin təmin olunmasına xidmət edir. Laboratoriyada təmir işləri aparılaraq müasir iş şəraiti yaradılmış və lazım olan avadanlıqlar və mebel-inventarla təchiz olunmuşdur. Burada quraşdırılmış sınaq avadanlığı Türkiyənin UTEST firması tərəfindən istehsal olunmuşdur. LCD monitorlu və hidravlik sistemli idarəetmə qurğusu olan UTM-4000 modelli avadanlığın dartma və sıxma gücü 60 tondur. Laboratoriyada 8-32 millimetr diametrli armaturların standartlara uyğun keyfiyyət göstəricilərini müəyyən etmək mümkündür. Laboratoriya işçiləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademik Sadıq Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunda təcrübə keçmişlər. Laboratoriyada sınaqların keçirilmə qaydası, sınaq nəticələrinin protokollaşdırılması və bu sahə üzrə standartların tələbləri ilə bağlı UTEST firmasının mütəxəssisləri tərəfindən laboratoriya işçilərinə onlayn təlim keçirilmişdir.
Qeyd edək ki, Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin fəaliyyətinin təmin olunması muxtar respublikada bina və qurğuların təbii və texnogen fəlakətlərdən müdafiəsi üzrə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində tikinti norma və qaydalarının tələblərinə əməl olunmasına nəzarəti daha da gücləndirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR