14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 


Qalxım Qalacığa - üzü yuxarı,
İzin ver, tamaşa edim bu yurda.
Qarabağlar-mənim sirli keçmişim,
İnsan qucaqlaşır tarixlə burda.

Tanrıya açılan bir cüt əl kimi,

Ucalır göylərə qoşa minarə.
Rəbbin təkliyinə şəhadət verir,
Qudinin türbəsi gör neçə kərə.

Bura yurd yeridir Bəydililərin,
Ordasa bir el var Turabxanlılar.
Çığalı, Ağhəsən, Almədətlilər,
Daha bir məhəllə Süleymanlılar.

Bura Daşməhəllə adlanan məkan,
Bu, kəndin yeddinci məhəlləsidir.
Yenə şəhərləşən Qarabağlarım,
Hülakü dövrünün nişanəsidir.

Bəli, hər daşı, hər qayası ilə bir tarixdir Qarabağlar. Səməd Vurğunun dili ilə desək, burada hər saxsı parçası öz üzərində yurdumuzun ulu tarixinin izlərini daşıyır. Bu gün öz tarixinin ikinci tərəqqi və şəhərləşmə dövrünü yaşayan Qarabağlar təkcə Qarabağlar Türbə Kompleksi ilə deyil, orta əsrlərdə Şərq İslam dünyasının ən böyük şəhərlərindən biri olması ilə qürur duya bilər. Tarixi mənbələrdə Qarabağlar həm də Naxçıvanın tərkibində ayrıca bir sultanlıq, nahiyə, mahal kimi xatırlanmışdır.
Qarabağların yerləşdiyi təbii-coğrafi, eyni zamanda strateji mövqe hələ qədim dövrlərdən burada insanların məskunlaşmasına əlverişli şərait yaratmışdır. Dağətəyi ərazidə yerləşən kəndin şimalında “Qalacıq” adlanan ərazidə Son Tunc, İlk Dəmir dövrlərinə aid yaşayış məskəninin aşkarlanması Qarabağların Naxçıvanda ilk şəhər dövlətlərindən birinin yarandığı ərazi olduğunu ehtimal etməyə əsas verir. Arxeoloqlar tərəfindən burada aşkarlanmış yaşayış binaları və qala divarlarının qalınlığı tikinti texnikasının hələ o zaman yüksək səviyyədə olduğundan xəbər verir.
Deməli, Qarabağlar ərazisinin tarixi-coğrafiyasından bəhs edərkən burada məskunlaşmanın ilkin koordinatlarını kəndin şimal-şərqindəki təpəlikdə yerləşən 40 hektarlıq ərazi ilə təyin edə bilərik. Bura dəniz səviyyəsindən, təqribən, 1280 metr yüksəklikdədir. Naxçıvan ərazisində ən qədim yaşayış məskəni olan Qazma mağarasının yerləşdiyi Tənənəm kəndinin Qarabağlar kəndindən şimal-qərb istiqamətdə olduğunu nəzərə alsaq, Qazma-Qarabağlar xəttini Naxçıvan ərazisindəki ən qədim tayfaların yaşayış areallarından biri hesab etmək olar.
Müasir Qarabağlar kəndinin yerləşdiyi ərazidə isə məskunlaşmanın tarixi, əsasən, orta əsrlərə aiddir. Qarabağların tarixinə diqqət yetirsək, bu ərazinin, xüsusilə XII-XVII əsrlərdə bölgənin əsas mərkəzlərindən biri kimi önəmli bir statusa sahib olduğunu söyləyə bilərik. Qarabağlar şəhərinin əsasının nə zaman qoyulması barədə yazılı qaynaqlarda verilən məlumatlar da məhz XII əsri işarə etməkdədir.
Türk səyyahı Övliya Çələbinin “Bu şəhərin özülünü Mənüçöhr qoyub” fikrinə əsaslanan bir sıra tədqiqatçılar Qarabağlar şəhərinin əsasının XII əsrdə Şirvanşah Mənüçöhr tərəfindən qoyulduğu fikrini irəli sürmüşlər. Lakin bu fikrin nə qə­dər həqiqətə uyğun olub-olmadığı hələlik digər mənbələr tərəfindən təsdiqlənməmişdir.
Qarabağların şəhər kimi formalaşması və inkişaf dövrü isə Hülakülər dövlətinin dönəminə təsadüf edir. Dövrün mənbələrində Naxçıvan tüməninin tərkibinə aid olan Naxçıvan, Əncan, Ordubad, Azad, Makuyə, Dəbil, Sürməli, Qarabağlar şəhərlərinin adı çəkilmişdir. Qarabağlar kəndi ətrafında yerləşən ərazilərdəki oykonimlər də (Qıvraq, Yurdçu və sair) ərazidə Hülakülər dövründə sürətli məskunlaşmanın olduğunu sübut edir. Qarabağlar ərazisində bu günə qədər qorunub saxlanılan Qarabağlar türbəsi də məhz Hülakülər dövründə tikilmişdir. XIX əsrdə bu kənddə olmuş V.M.Sısoyev Qarabağlar türbəsinin son Hülakülər – ilk Teymurilər dönəmində tikildiyini yazmış, portal-baştağ çərçivələrinin isə XIV əsr memarlığına uyğun olduğunu göstərmişdir. Abidənin üzərində Hülakü hökmdarı Əhməd Təkudərin anası Cahan Qudi xatının adının həkk olunması bu dövrdə Qarabağlar və ətraf ərazilərdə ciddi quruculuq işlərinin aparıldığını, Marağa, Təbriz və Sultaniyə ilə yanaşı, Qarabağların da Hülakülər dövlətinin əsas siyasi mərkəzlərindən biri olduğunu ehtimal etməyimizə imkan verir. Əmir Teymurun Qarabağlarda böyük bir qoşun ilə beş ay qışlaması da bu şəhərin ciddi əhəmiyyətindən xəbər verir.
Öz inkişafının zirvəsinə XIII-XIV əsrlərdə çatmış Qarabağlar şəhəri XVI əsrdə dağıntılara məruz qalsa da, şəhər və bölgə mərkəzi kimi statusunu itirməmişdir.
Haydar Çələbinin “Ruznamə”sində verdiyi məlumatdan aydın olur ki, XVI əsrin ilk dekadasının sonlarında Qarabağlar əksər hissəsi xarabalıqlardan ibarət olan kiçik bir şəhər statusunda idi. Haydar Çələbi “Ruznamə”sində yazır: “1 Şaban 920 (22 sentyabr 1514). Xaraba bir kiçik şəhər olan Qarabağlar yaxınlığında məskən salındı”. I Osmanlı idarəçiliyi dövründə (1587-1603) şəhər diqqətsizlik ucbatından nisbətən tənəzzülə uğramış və hətta 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə kənd kimi qeyd edilmişdir.
Türk səyyahı Ö.Çələbinin nisbətən sonrakı dövrə aid qeydlərindən isə aydın olur ki, XVII əsrdə bu şəhər xeyli böyümüş və abadlaşmışdır. Ö.Çələbi çox abad və münbit torpağı olan Qarabağlarda bu dövrdə 10 minə yaxın ev, 40-a yaxın məscid, çoxsaylı karvansara və bazarın olduğunu göstərmişdir. Bu faktlara əsaslanan bəzi tədqiqatçılar dövrün Qarabağlar şəhərinin hətta, təqribən, Naxçıvan şəhəri ilə eyni böyüklükdə olan bir şəhər olduğunu yazmışlar. Bu dövrdə Qarabağlar şəhərinin sürətlə böyüyüb inkişaf etdiyi şəksiz olsa da, onun Naxçıvanla eyni böyüklükdə olması mülahizəsi inandırıcı görünmür.
Əvvəlki əsrlərdə bölgənin inkişaf etmiş şəhərlərindən biri kimi xatırlanan Qarabağlar XVIII əsrin 20-30-cu illərinə aid Osmanlı mənbələrində Qarabağ kəndi kimi qeydə alınmışdır.

Qarabağların inzibati statusları: sultanlıq, nahiyə, sovetlik

Tədqiqatlarımız göstərir ki, Azərbaycan bəylərbəyliyi dövründə Naxçıvan ölkəsinin tərkibində 12 nahiyə və bir sultanlıq var idi. Bu dövrdə Naxçıvan ölkəsinin tərkibində Naxçıvan, Şərur, Dərələyəz, Bazarçayı, Məvaziyi-Xatın, Mülki-Arslan, Dərəşahbuz, Əlincə, Sisəcan, Azadciran, Şorlut, Dərəşam nahiyələri olmuşdur. Qarabağlar ərazisi isə Naxçıvan ölkəsi tərkibində sultanlıq idi.
Birinci Osmanlı idarəçiliyi dövründə Qarabağlar sultanlığı Naxçıvan sancağının bir nahiyəsinə çevrilmişdir. Bu dövrdə Qarabağ nahiyəsi 6 kənd (Qarabağlar, Çınıq (Bakaul), Xök (Əhmədağa dizəsi), Səng, Qıvraq, Sus kəndləri) və 2 məzrəədən (Fazilqışlağı və Əlixangüney məzrə­ələri) ibarət idi. Nahiyənin ərazisi, təqribən, 467 kvadratkilometrə çatırdı. Şimaldan İrəvan sancağı və Məvaziyi-Xatın nahiyəsi, şərqdən Mülki-Arslan və Naxçıvan nahiyələri, cənubdan Təbriz əyaləti, qərbdən isə Şərur qəzasının Şərur nahiyəsi ilə həmsərhəd idi.
XVII əsrin əvvəllərində Naxçıvan ərazisində öz qanuni hakimiyyətlərini bərpa edən Səfəvilər Qarabağların sultanlıq statusunu özünə qaytarmışlar. Övliya Çələbinin məlumatları sübut edir ki, XVII əsrin 40-50-ci illərində Naxçıvan sancağının (tüməninin) tərkibində Qarabağlar ərazisi xüsusi status daşıyan bir sultanlıq olmuşdur. Bəzi tədqiqatçılar Qarabağların sultanlıq deyil, nahiyə olması fikri üzərində dayansalar da, bizim fikrimizcə, Qarabağlar nahiyə deyil, xüsusi statuslu bir sultanlıq olmuşdur. Əgər belə olmasa, Ö.Çələbi bu ərazini də digər nahiyələr kimi qeyd edər və Qarabağların sultanlıq olduğunu vurğulamağa ehtiyac duymazdı.
Hesablamalarımız göstərir ki, bu dövrdə Qarabağlar sultanlığının ərazisi, təqribən, 443 kvadratkilometr olmuşdur. Sultanlıq şimaldan Məvaziyi-Xatın, qərbdən Naxçıvan nahiyəsi, cənubdan Maku hakimliyi, qərbdən Şərur nahiyəsi ilə həmsərhəd idi.
XVIII əsrin I yarısında Qarabağlar yenə də Naxçıvan sancağının tərkibində nahiyə statusunda olmuşdur.
XIX əsrdə isə Qarabağlar İrəvan quberniyası, Naxçıvan qəzası, Əli­abad şöbəsi, Xok kənd cəmiyyəti tərkibinə daxil olan bir kənd idi. Bunu 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kam­e­ral siyahıyaalmanın sənədləri də təsdiqləyir.
Sovetlər dönəmində isə Qarabağlar kəndi Yurdçu ilə birlikdə bir sovetlik statusu daşımışdır.

Oğuz yurdu Qarabağlar

Qarabağlar tarixən Oğuz yurdu olmuş, bu kənd öz adını Naxçıvanın avtoxton tayfalarından biri olan Kəngərlilərin Qarabağlar qolunun adından almışdır. Bunu orta əsr mənbələrinin verdiyi məlumatlar təsdiq edir. Bir zamanlar 50 min nəfər əhalinin yaşadığı, 10 minə qədər evin mövcud olduğu bu şəhər Yaxın Şərqin həm də ən gözəl müsəlman şəhərlərindən biri olmuşdur. Təsadüfi deyildir ki, türk səyyahı Övliya Çələbi XVII əsrdə Qarabağlar şəhərində 70 meh­rab, o cümlədən 40 came olduğunu yazmışdır.
Qarabağlar əhalisi həm də bölgədə özünün qonaqpərvərliyi ilə tarix boyunca seçilmişdir. Bunu biz tarixi mənbələrdən oxumaqla yanaşı, həm də müxtəlif dövrlərdə bu kəndə səfərlərimiz zamanı görmüşük. Övliya Çələbinin qeydlərindən aydın olur ki, səyyah bu şəhərdə olarkən o, çox böyük qonaqpərvərliklə qarşılanmış, səyyaha İrəvan düyüsündən plov, müxtəlif çeşidli təamlar və meyvələr təqdim edilmişdir. Səyyah göstərir ki, onlara təkcə armudun 25 növü gətirilmişdi.

Qarabağlar bu gün

Bu gün 6000 nəfərdən çox əhalinin yaşadığı Qarabağlar şəhərləşməkdə olan kənd yaşayış məntəqələrindən biridir. Kənddə iki orta məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası fəaliyyət göstərir.
Bu gün Qarabağlarda yeni evlər tikilir, yeni-yeni məhəllələr salınır. Bəydililər (Qalacıq ərazisindən bu əraziyə köçənlərin nəsilləri), Turabxanlılar, Süleymanlılar, Çığalılar, Ağahəsənlilər, Almədətlilər, Daşməhəllə kimi qədim məhəllələrin hər biri isə bir tarixi dönəmin izlərini özündə yaşatmaqdadır.
Bu gün Qarabağlar muxtar respublikamızın quruculuq ünvanlarından biridir. Burada təkcə müasir infrastrukturun qorunması yox, həm də tarixin bu günə yadigarları olan abidələrin qorunması və bərpası önəmli məsələlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 4 iyul 2016-cı il tarixli “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” Sərəncamı da tarixi keçmişimizə sahiblik duyğusunun möhkəmləndirilməsi istiqamətində atılmış növbəti addımlardan biridir.

Elnur Kəlbizadə

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272121
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1742
4121
9890
56767
3272121

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter