18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Müsahibimiz Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigardır 

– Asim müəllim, bu il oktyabr ayının 19-da Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı keçirildi. Konfransın keçirilməsindən iki ay ötüb. Bilmək istərdik ki, konfransda gələcək üçün hansı istiqamətlər müəyyənləşdirilib?
– İlk növbədə, bir məsələni xüsusi olaraq vurğulamaq istəyirəm ki, Naxçıvan Muxtar Respublikası Yazı­çılar Birliyinin konfransında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov proqram xarakterli çıxışında çox mühüm və ciddi məsələlərin həyata keçirilməsinin vacibliyini bir daha bizim diqqətimizə çatdırdı. Biz belə fikirləşirik ki, bu gün ədəbiyyatın qarşısında çox mühüm vəzifələr durur. Yazıçı və şairlərimiz bədii əsərlərində həyat həqiqətlərini oxuculara necə çatdırırlar, onların əsərləri bu həqiqətləri öz dolğunluğu ilə əks etdirə bilirmi? Bütün bu məsələlər konfransda müzakirə edildi. Müəyyənləşdirildi ki, muxtar respublikanın yazarları diyarımızın sosial-iqtisadi inkişafını, muxtar respublikada xüsusilə mədəniyyət sahəsində həyata keçirilən tədbirləri və onların nəticələrini bədii formada əks etdirə biləcək sanballı əsərlərin ərsəyə gəlməsinə diqqəti artırmalıdırlar. Son illər Naxçıvanda xalq yaradıcılığının, milli dəyərlərimizin bərpası, araşdırılaraq təbliğ olunması, şübhəsiz ki, ədəbiyyatımızın nəsr sahəsini əhatə edən hekayə, povest və roman janrlarında yazılacaq əsərlərin əsas ideya-məzmununu təşkil etməlidir.
Ötən beş il ərzində yazarlarımızın 300-dən çox kitabı çap olunsa da, təəssüflər olsun ki, bu kitablar bədii ədəbiyyat nümunəsi kimi oxucuların geniş rəğbətini qazana bilməyib, Azərbaycan ədəbi mühitində hadisəyə çevrilən heç bir bədii əsərimiz olmayıb.
Ali Məclisin Sədri konfransdakı çıxışı zamanı demişdir: “Bu gün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində yaradıcı insanların əməyinə daha çox ehtiyac duyulur. Milli və bəşəri dəyərlərin daşıyıcısı olan ədəbiyyatın fəal yaradıcı gücündən, müsbət enerjisindən insanlar həmişə olduğu kimi, bu gün də faydalana bilərlər. Düşünürük ki, buna nail olmaq üçün ədəbi prosesi, bədii yaradıcılıq işini gücləndirmək lazımdır”. Bu fikirlər bizim üçün çox qiymətlidir. Biz bundan sonra işimizi bu istiqamətdə qurmalı, ədəbiyyatın yaradıcı gücündən daha səmərəli istifadə etməliyik.
– Ali Məclisin Sədri çıxışında Yazıçılar Birliyinin bəzi üzvlərinin yaradıcılığına münasibət bildirərək demişdir: “Muxtar respublika Yazı­çılar Birliyinin bəzi üzvləri əksər hallarda sönük lirikaya üstünlük verir, yubiley və ya təqvim şeirləri yazır, ədəbiyyatın, şerin ali missiyasını yaddan çıxarırlar. Bu, bir yandan kitab çapında sərbəstlik yaradılmasından irəli gəlirsə, digər tərəfdən Yazıçılar Birliyinin zəif işinin nəticəsidir”. Sizcə, qeyd edilən bu cür ciddi nöqsanları aradan qaldırmaq üçün nə etmək lazımdır?

– Son beş ildə çap olunan 300-dən artıq kitabın 226-sı poeziya nümunələri olsa da, bu kitabların əksəriyyəti poeziya baxımından oxucuya yüksək zövq aşılaya bilmir. Sönük, bayağı, hissdən, duyğudan uzaq lirik şeirlərin cəm olduğu bu “poeziya nümunələrində”, sözün həqiqi mənasında, ürək titrədən poetik nümunələr çox azdır. Belə fikirləşirik ki, kitablarımızda yurd, torpaq, vətən sevgisi ilə dolu şeirlərə daha çox üstünlük verməliyik: vətəndaşlıq poeziyası yaranmalıdır. 1941-1945-ci illər müharibəsi dövründə Azərbaycan poeziyası da səfərbər idi. Hər şey qələbə üçün nəzərdə tutulurdu. O dövrdə poeziya ədəbiyyatda aparıcı mövqedə idi. Təəssüf ki, biz bu gün müharibə şəraitində yaşadığımızı unuduruq, şeirlərimizi süngüyə çevirməyi bacarmırıq. Quru, sönük misralarımızla vətəni tərənnüm etməyə çalışırıq. Naxçıvan haqqında 30-40 il bundan əvvəl yazılan şeirlər, mahnılar bu gün yazılan əsərlərdən keyfiyyətcə yüksəkdə dayanırsa, onda bir həqiqəti aydınca dərk etməliyik ki, poeziyamız da, nəsrimiz də tamamilə yeniləşməlidir. Konfrans bizə bir həqiqəti təlqin etdi ki, yaradıcı insanlar öz yaradıcılıqlarına yenidən nəzər salmalıdırlar... Biz bu ciddi nöqsanları aradan qaldırmaq üçün, ilk növbədə, poeziyamızın özünü səfərbər etməliyik. Əgər şeirlərimiz əsgər kimi döyüşə bilmirsə, qələmi yerə qoymalıyıq. 
– Yazıçılar Birliyinin nəzdində Bədii Tərcümə Mərkəzinin yaradılmasının mümkünlüyü vurğulandı. Belə bir mərkəzin yaradılması istiqamətində hansı işlər görülüb?
– Muxtar respublikamızda bədii tərcümə sahəsində müəyyən işlər görülüb. Ayrı-ayrı şair və yazıçılarımız müxtəlif dövrlərdə dünya ədəbiyyatından müxtəlif əsərləri dilimizə tərcümə ediblər. Hələ ötən əsrin 70-80-ci illərində Hüseyn Razinin, Əliyar Yusiflinin, Kəmalə Ağayevanın, Elmira Qasımovanın, Həmid Arzulunun rus, fransız, alman dillərindən tərcümə etdikləri əsərlər qəzet, jurnal səhifələrində oxuculara təqdim olunub. Müstəqillik qazandığımız illərdə Həmid Arzulunun alman, Şirməmməd Qüdrətoğlunun ingilis dillərindən tərcümə etdiyi əsərlər kitab şəklində oxuculara çatdırılıb. Həmid Arzulunun tərcüməsində S.Sveyqin “Novellalar”, V.V.Hotenin lirikası və “Qərb-Şərq divanı”ndan nümunələr”, G.F.Lessinqin “Müdrik Natan” əsərləri yüksək sənətkarlıq nümunəsi kimi qarşılanıb. G.F.Lessinqin “Müdrik Natan” mənzum pyesi Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində uğurla tamaşaya qoyulub. Əbülfəz Amanoğlu dünya şöhrətli Mövlana Cəlaləddin Ruminin 6 dəftərdən ibarət “Məsnəvi” əsərinin 4 dəftərini türkcədən dilimizə çevirib. Ali Məclis Sədrinin qayğısı ilə bu əsərin birinci və ikinci cildləri Azərbaycan dilində ilk dəfə Naxçıvanda çap olunub. Şairlərdən Vaqif Məmmədov, Elxan Yurdoğlu türkiyəli şairlərin şeirlərini kitab şəklində oxucularımıza çatdırıblar. Şair Şirməmməd Qüdrətoğlunun ingilis dilindən dilimizə çevirdiyi poeziya nümunələri də kitab şəklində nəşr olunub. Bunları nəzərə alaraq, konfransdan sonra Yazıçılar Birliyində Tərcümə Mərkəzi yaradılıb. Şirməmməd Qüdrətoğlu Tərcümə Mərkəzinin rəhbəri təyin olunub. Yeni ildə tərcümə əsərlərindən ibarət ilk almanaxın nəşr olunması üçün işlər görülür. İstəyirik ki, bu almanaxa həm şeir, həm də nəsr əsərləri daxil edək.
Son illərdə şair və yazıçılarımızın, alimlərimizin kitabları xarici ölkələrdə çap olunur. Alimlərimizdən akademik İsa Həbibbəylinin, professor Yavuz Axundlunun, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, filologiya elmləri doktoru Hüseyn Həşimlinin, şair və yazıçılarımızdan Hüseyn Bağıroğlunun, Zeynəb Naxçıvanlının kitabları bir sıra xarici ölkə oxucularına təqdim edilib. İstərdik ki, muxtar respublikamızda tərcümə işini daha da genişləndirək, həm əsərlərimizin xarici ölkələrdə nəşr olunmasına, həm də xarici ölkə yazı­çılarının əsərlərinin dilimizə tərcümə edilərək Naxçıvanda işıq üzü görməsinə nail olaq.
– Naxçıvan ədəbi mühitində dramaturgiya yaradıcılığında çox ciddi çatışmazlıqlar var. Belə vəziyyət həm də bir çox yaradıcı təşkilatların, xüsusən teatrların fəaliyyətində yerli ədəbiyyat nümunələri əsasında repertuar seçimində çətinliklər yaradır. Bu barədə nə deyə bilərsiniz?
– Son illərdə şair və yazıçılarımızın bir neçə dram əsəri C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında və Dövlət Uşaq Teatrında tamaşaya qoyulub. Uşaq teatrlarımızda tamaşaya qoyulan 20-dən artıq əsər onu göstərir ki, son dövrlərdə yazıçılarımız uşaqlar üçün dram əsərləri yazmağa xüsusi diqqət göstərirlər. Son 5-6 ildə yerli müəlliflərimizin 15-ə yaxın əsəri bu teatrlarda tamaşaya qoyulub. Kəmalə Ağayevanın, Aybəniz Ağaqızının, Zaur Vedilinin, Səməd Canbaxşıyevin, Şirməmməd Qüdrətoğlunun, Vüsal Rzayevin uşaqlar üçün yazdıqları əsərlər balaca tamaşaçıların zövqünü oxşaya bilib. Bu teatrların səhnəsində hər il müəlliflərimizin 2-3 əsəri repertuara daxil edilir. Ancaq təəssüf ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında şair və yazıçılarımızın əsərləri çox az tamaşaya qoyulur. Bu, bizi çox narahat edir. Çalışırıq ki, bu sahədə də irəliləyişlərə nail olaq.
– Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi Gənclər Təşkilatının fəaliyyətində hansı yeniliklər gözlənilir? Gənc üzvlər yazıb-yaratmağa həvəslidirlərmi?
– Ədəbiyyata istedadlı bir gənclik gəlir. Konfransda on nəfər gənc şair və yazıçı Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinə üzv qəbul olundu. Onların hamısı ümidverici gənclərdir. Mən inanıram ki, Elxan Yurdoğlu, Rahil Tahirli, Sona Yaqublu, Elnur Kəlbizadə, Tural Atəş, Ruhəngiz Əliyeva, Aytəkin Dərya, Fərid Rəfibəyli, Sərxan Yaqub, Gülnarə Yusifqızı onlara göstərilən yüksək etimadı layiqincə doğruldacaq, gələcəkdə ədəbi mühitimizin aparıcı qüvvələrinə çevrilə biləcəklər. Bu gün Elxan Yurdoğlu və Rahil Tahirli Azərbaycan ədəbi mühitində gənc şair kimi yaxşı tanınırlar. Adları yuxarıda qeyd olunan şair və yazıçılardan başqa, bizim Tural Həsənli, Qanun Ümman, Rasim Rza, Gülşən Azəri, Əzizə Həsənova,Gülsadə İbrahimli, Tacirə Dünya, Humay Nur və başqa istedadlı gənclərimiz də var.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Gənclər Təşkilatı Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən “Gəmiqaya” ədəbi birliyinin üzvləri ilə birlikdə geniş tədbir keçirib. Məqsəd ondan ibarətdir ki, muxtar respublikanın ali məktəblərində təhsil alan yaradıcı gəncləri bir araya gətirək, onların yaradıcılığını istiqamətləndirək. Sevindirici haldır ki, ədəbiyyata yeni gələn bu gənclərin əksəriyyəti yaradıcılığa həvəslidirlər. Tural Həsənlinin son iki ildə çap olunan iki romanı, Fərid Rəfibəylinin bir romanı onu göstərir ki, gənc yazıçılar ciddi axtarışdadırlar. Naxçıvan ədəbi mühitində nəsrlə məşğul olan yazıçılarımızın azlığını nəzərə alaraq, ədəbiyyata yeni gələn gənclərin nəsr əsərləri yazmalarına daha böyük diqqətlə yanaşırıq.
Biz yaxın vaxtlarda gənc şair və yazıçıların əsərlərindən ibarət bir ədəbi toplunu da oxuculara təqdim etmək istəyirik. Ali və orta məktəblərimizdə yaradıcı gənclərimizlə tələbələrin, orta məktəb şagirdlərinin müntəzəm olaraq görüşlərini keçirməyi planlaşdırırıq.
– Ümumiyyətlə, konfransdan sonra Yazıçılar Birliyinin fəaliyyətində səmərəliliyin artırılması yönündə hansı işlər görülüb və daha hansı işlərin görülməsinə ehtiyac var?
– Konfransdan sonra Naxçıvan Dövlət Universiteti ilə birlikdə ilin ədəbi yekunlarına həsr olunmuş geniş bir yığıncaq keçirməyi planlaşdırmışıq. Nəsr, poeziya, ədəbiyyatşünaslıq, publisistika, teatr və dramaturgiya sahəsində 2012-ci ildə görülən işlərə nəzər salmaq, qarşıda duran vəzifələrdən həmin yığıncaqda geniş söhbət açmaq istəyirik. Təbiidir ki, bu yığıncaqda uşaq ədəbiyyatı ilə bağlı nöqsanlardan da söhbət açılacaq. Ancaq biz uşaq ədəbiyyatı ilə bağlı ayrıca geniş yığıncaq keçirməyi nəzərdə tutmuşuq. Eyni zamanda yaxın günlərdə bir neçə kitabın müzakirəsini keçirməyi planlaşdırmışıq. Rayonlarda fəaliyyət göstərən ədəbi birliklərin işini yaxşılaşdırmaq məqsədilə birliklərin rəhbərlərinə öz işlərində dönüş yaratmaq tövsiyə olunub. Şahbuz rayonunda fəaliyyət göstərən Məmməd Araz ədəbi birliyi özünün geniş yığıncağını keçirib, birliyin fəaliyyətinin daha da genişləndirilməsi qarşıya məqsəd qoyulub. Dekabr ayının 2-də “Şərur” ədəbi birliyinin dərnəyində mən özüm də, digər qələm yoldaşlarımız da iştirak etdik. Vaqif Məmmədov, Həsənəli Eyvazlı, İbrahim Yusifoğlu, İlyas Fərəməzoğlu kimi birlik üzvləri ilə yanaşı, digər qələm sahiblərinin və gənc şairlərin də çıxışları və şeirlərindən nümunələr dinlənildi. Gənc şairlərə bəzi məsləhətlər verildi.
Yeni ildən başlayaraq Yazıçılar Birliyində müntəzəm olaraq Bədii şuraların hesabatlarını dinləmək, çap olunan yeni kitablar barədə fikir mübadilələri aparmaq planlaşdırılır. Ən çox isə yeni ildən nəsr, dramaturgiya, bədii tərcümə, ədəbi tənqid, publisistika və uşaq ədəbiyyatına xüsusi diqqət yetirməyə, bu sahədə irəliləyişlərə nail olmağa çalışacağıq.
Müsahibə üçün sağ olun!


Əzəmət HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3285672
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
520
3637
23441
70318
3285672

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter