21 Sentyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Doğrusu, növbəti müsahibimizin o olduğunu biləndə, Baş redaktorumuzdan “Azərbaycanın Levitanı” adlandırılan Şəmistan Əlizamanlıdan müsahibə götürməyi mənə həvalə etməsini istədim. Onun ifa etdiyi mahnılar, xüsusilə “Əsgər Vətən əmanəti” mahnısı əsgərlik illərimizin ən sevimli mahnısı idi. Hər bazar günü istirahət vaxtlarında dinlədiyimiz bu mahnının ifaçısının bir gün müsahibim olacağını isə heç zaman düşünməmişdim. Naxçıvanlı gənclər qarşısında verdiyi konsertdə səmimi ifası, qəlbləri riqqətə gətirən və bizi qələbəyə səsləyən səsi, zaldan ona ünvanlanan alqışların sədası qulağımdan getməmiş artıq onunla redaksiyamızda üz-üzəyik. Özümü təqdim edirəm. Onun isə təqdimata ehtiyacı yoxdur. Kiminə görə “Azərbaycanın Levitanı”, kiminə görə Azərbaycanın ən məşhur hərbi diktoru, kiminə görə ən yaxşı hərbi mahnıların ifaçısı, kiminə görə, sadəcə, “Cənab leytenant”ı yaddaşlara əbədi həkk etdirən Şəmistan Əlizamanlı müsahibimizdir.

– Əvvəlcə sizi mükəmməl konsert proqramı münasibətilə təbrik edirəm. Konsertdə yaşanan coşqu, həqiqətən də, biz gənclərin yaddaşından silinməyəcək. Bu gün naxçıvanlı gənclərlə birbaşa ünsiyyətdə oldunuz. Bilmək istərdik ki, Şəmistan Əlizamanlının naxçıvanlı gənclərin vətənpərvərliyi ilə bağlı təəssüratları necədir?
– Naxçıvanlı gəncləri çox fəal, çox vətənpərvər gördüm. Bunun da səbəbi burada aparılan məqsədyönlü işlərdir. Bu, vətənpərvərlik tərbiyəsinin, işinin düzgün qurulmasının nəticəsidir. Mənə məlumdur ki, Naxçıvanda belə tədbirlər tez-tez keçirilir. Əlbəttə ki, bu, Naxçıvan üçün çox vacibdir, lazımlıdır. Naxçıvan blokada vəziyyətindədir. Blokadanın çətinliklərini burada – Naxçıvanda yaşayan insanlardan daha yaxşı heç kim bilməz. Naxçıvanı qorumaq üçün hər kəs əlindən gələni edir. Ümumiyyətlə, tarixən Naxçıvan vətənpərvər bir yer olub. Tarixi vərəqləsək görərik ki, Naxçıvan həmişə mərd, igid insanları, adlı-sanlı ziyalıları ilə tanınıb. Ona görə də burada belə vətənpərvər gənclərin yetişməsi təbiidir.
– Biz bilirik ki, bu, sizin muxtar respublikaya ilk gəlişiniz deyil. Hansı fərqləri müşahidə etdiniz? Naxçıvanla bağlı təəssüratlarınız...

– Çox böyük dəyişikliklər var. Burda bizim milli memarlıq abidələrimizlə müasir memarlığın vəhdətini əks etdirən bir muxtar respublika qurulub. Naxçıvanda tarixi abidələrimiz, milli memarlığımızın inciləri, milli dəyərlərimiz qorunur. Bununla yanaşı, müasir tikililər göz oxşayır. Həqiqətən də, böyük işlər görülüb. Naxçıvan o qədər gözəlləşib, o qədər yaraşıqlı olub ki, elə adam burda qalıb yaşamaq istəyir.
– “İgid əsgər, möhkəm dayan”. Bildiyimizə görə, bu mahnını Azərbaycanın Milli Qəhrəmanı, Naxçıvanın igid oğlu Yusif Mirzəyevə ithaf etmisiniz. İstərdik ki, mahnının tarixçəsi haqqında oxucularımıza məlumat verəsiniz.
– Yusif könüllü olaraq Ağdərə bölgəsində xidmət edirdi. Briqada komandirinin müavini idi. Biz Ağdərə döyüşləri zamanı 1992-ci ilin sentyabr ayının sonlarında Çıldıran kəndi uğrunda əməliyyatda iştirak edirdik. Mühasirəyə düşmüşdük. Mühasirədən çıxandan sonra Yusiflə tanış oldum. İlk baxışdan mənə elə gəldi ki, onu elə uşaqlıq illərimdən tanıyıram. O qədər istiqanlı, səmimi adam idi ki, tez bir zamanda biz yaxın dost olduq. Onun səhhətində müəyyən problemlər var idi. O zaman biz onu məcbur etdik ki, Bakıda müalicə alsın. Hərbi əməliyyatlar zamanı mən də xəsarət almışdım. Elə oldu ki, biz Yusiflə eyni xəstəxanada müalicə olunduq. Xəstəxananın həkimi Şahin Musaoğlu bizə tez-tez baş çəkirdi, bizimlə söhbət edirdi. Yusifin sənədləri hələ sağlığında göstərdiyi xidmətlərə görə “Milli Qəhrəman” adına təqdim olunmuşdu. Ağdərə rayonunun mərkəzini 14 nəfərlə bir gün qoruyub saxlamışdı, erməni hücumunun qarşısını almışdı. Bu, görünməmiş bir igidlik idi. Bir dəfə həkimimiz Şahin Musaoğlu dedi ki, bir mahnı yazmışam və mahnını zümzümə etdi. Doğrusunu desəm, mahnı məni elə də cəlb etmədi. Yusif isə o saat mahnıya reaksiya verdi. Dedi ki, gözəl mahnıdır. Bir dəfə ondan soruşdum ki, doğrudanmı, mahnı xoşuna gəlir? Dedi ki, mən bu mahnını çox bəyənmişəm. Mən də zarafatla dedim ki, əgər sənin xoşuna gəlirsə, bu mahnını mən ifa edəcəyəm. Dedi ki, söz verirsən? Dedim ki, söz verirəm. Təbii ki, mən zarafat edirdim. Çünki o zamana qədər heç vaxt mahnı ifa etməmişdim. Heç bilmirdim ki, məndə mahnı ifaçılığı alınar, yoxsa yox. Biz xəstəxanadan tərxis olunduqdan sonra Yusif Ağdərəyə qayıtdı. Hərdən Bakıya gələndə soruşurdu ki, o mahnının axırı necə oldu? Mən də hər dəfə bir bəhanə ilə ləngidirdim. Növbəti dəfə Yusif soruşanda həmin mahnının sözlərinin çap olunduğu vərəqi ona göstərdim. Dedim ki, görürsən, bax burada yazmışam ki, Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə ithaf edirəm. O, çox sevindi... Bir neçə gün sonra şəhid oldu.
Bu, mənim üçün çox ağır bir itki idi. Bir sarsıntı keçirdim. Həm əziz, doğma bir insanı itirmək, həm də müharibə şəraitində Azərbaycanın belə bir qəhrəman oğlunu itirmək, doğrudan da, çox ağır idi. Onun vəfatının 40-cı günü biz “Vətən sənə oğul dedi” adlı bir veriliş hazırladıq. Onda dostlarımız dedilər ki, sən sağlığında Yusifə söz vermisən, mahnını ifa et. Beləliklə də, mahnını yazdırdıq. Mahnını müharibə görüntüləri ilə birlikdə Yusif haqqında hazırladığımız verilişin sonunda verdik. Mən orda kadrda görünmürdüm və ifaçının kim olduğu bilinmirdi. Veriliş efirə gedəndən sonra mahnı haqqında qəzetlərdə yazılar dərc olundu. Mən də gördüm ki, uğurlu alınır və həkim-bəstəkar Şahin Musaoğlu ilə birlikdə bu işimizi davam etdirdik. Əvvəlcə “Çağırır Vətən”, “Birinci batalyon”, “Cənab leytenant”, “Vətən əmanəti”, “And içirik”, “Qalx, Azərbaycan” mahnılarını, sonra digər mahnıları ifa etdim.
– Deməli, sizin mahnı ifaçısı kimi ortaya çıxmağınızın səbəbkarı Yusif Mirzəyev olub?
– Bəli, mənim ifaçılığımın meydana çıxması Azərbaycanın Milli Qəhrəmanı, əslən Naxçıvandan olan Yusif Mirzəyevə həsr olunmuş o mahnı ilə başlayıb. Yusif olmasaydı, təbii ki, mənim bu yaradıcılığım üzə çıxmayacaqdı.
– Sizin ən məşhur mahnılarınızdan biri də “Cənab leytenant”dır. O mahnını dinləyərkən belə bir məqam diqqətimi çəkib: “Bir cüt ulduzlu, aylı paqonlar”. Biz bilirik ki, leytenant rütbəsi daşıyan zabitlər çiyinlərində iki ulduz daşıyırlar. İki ulduzun yanında aypara varsa, bu artıq zabitin rütbəsinin leytenant deyil, polkovnik-leytenant olduğunu göstərir. Mahnı polkovnik-leytenanta ithaf olunub, yoxsa leytenanta?
– Çox maraqlı sualdır. Mən sizin nəzərinizə çatdırım ki, o illərdə leytenant rütbəsində ulduzların yanında bir hilal da var idi. Sonradan o ləğv olundu və yüksək rütbəli zabitlərə verilməyə başladı. Bu mahnı da o illərdə yazılıb. Amma düşünürəm ki, o ifadəni dəyişib “zərli paqonlar” da etmək olar.
– Şəmistan müəllim, sizə də yaxşı məlum olduğu kimi, 90-cı illərdə Naxçıvan istiqamətində də ağır döyüşlər gedib. Hətta elə yaşayış məntəqələrimiz, elə rayonlarımız olub ki, bütünlüklə rayon əhalisi düşmənə qarşı vuruşub. Məsələn, Sədərək kimi. Nə zamansa burda qəhrəmanlıq nümayiş etdirmiş insanların qəhrəmanlığını əks etdirən mahnı yazmaq, ifa etmək haqqında düşünürsünüzmü?
– Sədərək döyüşləri haqqında mənə çox şey məlumdur. Sədərəkdə çox ağır döyüşlər gedib. O döyüşlərdə nəinki sədərəklilər, bütün Naxçıvan sakinləri iştirak edirdi. Könüllü olaraq kənardan gəlib burda döyüşlərə qoşulanlar da var idi. Naxçıvanlıların dəyanəti, igidliyi sayəsində Sədərək, bütövlükdə, Naxçıvan qorunub saxlanıldı. Naxçıvanlılar o vaxt əsl qəhrəmanlıq göstərdilər. Əlbəttə ki, bu, çox yaxşı təklifdir. Bu barədə mahnı yazmaq olar. Əgər bu haqda maraqlı bir şeir olarsa, mahnı yazıb ifa edərəm.
– Naxçıvana həsr olunmuş mahnılardan söhbət düşmüşkən, konsertdə ilk dəfə ifa etdiyiniz “Naxçıvanım” mahnısının tarixçəsi haqqında məlumat verməyinizi xahiş edirik.
– Təxminən biz 15-20 gün bundan əvvəl tanınmış jurnalist İlham Tumasla birlikdə hazırladığımız sənədli filmin çəkilişləri ilə əlaqədar olaraq Sədərəkdə olduq. Sədərəkdə olarkən məndə qəribə hisslər oyandı. Orda yaşayan insanların fədakarlığını, qorxmazlığını, cəsarətini duydum. Orda Naxçıvan Muxtar Respublikasının rəhbəri tərəfindən görülən işlər isə məni fərəhləndirdi. Ona görə də bura gəlişimizi biləndə mən şair Arzu Nehrəmliyə müraciət etdim. O da bu şeri yazdı. Biz isə həmin şerə mahnı bəstələtdirdik və konsertdə o mahnını ifa etdim.
– Şəmistan Əlizamanlı nə vaxtsa Naxçıvan haqqında vətənpərvərlik mahnılarından ibarət albomun buraxılması haqqında düşünürmü?
– Əlbəttə ki, olar. Naxçıvanın böyük bir qəhrəmanlıq tarixi var. Naxçıvana həsr olunmuş qəhrəmanlıq mövzularında şeirlər təqdim olunsun və biz onlara mahnı bəstələyərək ifa edək.
– Siz konsertdə naxçıvanlı musiqiçilərin müşayiəti ilə çıxış etdiniz. Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri sizə necə təsir bağışladı?
– Açığı, mən biləndə ki, muxtar respublikada Estrada Orkestri var, çox təəccübləndim. Bu, muxtar respublikada musiqi mədəniyyətinin inkişafından xəbər verir. Orkestr qısa zaman ərzində çox yaxşı hazırlaşmışdı. Yeri gəlmişkən demək istəyirəm ki, mənim ifa etdiyim mahnılar ilk dəfə bu konsert ərəfəsində Naxçıvanda nota köçürülüb. Mən indiyədək heç bir orkestrlə belə qısa zaman ərzində bu səviyyədə konsert vermə­mişəm. Düşünürəm ki, bunu da naxçıvanlıların vətənpərvərliyinə bağlamaq lazımdır. Hər bir ifaçı mahnıları ürəkdən ifa edirdi. Bunun üçün Naxçıvan Dövlət Filarmoniyasının kollektivinə öz minnətdarlığımı bildirirəm.

– Maraqlı müsahibəyə görə sağ olun!

 

 Elnur KƏLBİZADƏ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3046300
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2061
5665
23532
97631
3046300

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter