Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin təşkilatçılığı ilə “Naxçıvan” Universiteti tələbələrinin Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən ­Qarabağlar Türbə Kompleksinə ekskursiyası təşkil edilib.
Kompleksdə Naxçıvan Turizm-İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi də elmi və tarixi əsaslarla bərpa edilib.
Qeyd olunub ki, bu ekskursiyanın təşkilində məqsəd muxtar respublikanın tarixi yerlərini və turizm məkanlarını gənclərə tanıtmaq, bu zaman çəkilmiş fotoşəkillərin gənclər tərəfindən müxtəlif sosial şəbəkələrdə paylaşılaraq muxtar respublikanın təbliğində onların da fəallığını artırmaqdır.
Sonra ekskursiya iştirakçıları abidə və kompleksin xanəgah hissəsində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri özünə yer alıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 Gülcamal TAHİROVA