Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan milli mədəniyyətin inkişafı ilə bağlı məqsədyönlü siyasət bu gün muxtar respublikamızda da uğurla həyata keçirilməkdədir. Bu qədim diyarda incəsənət sahəsinə göstərilən qayğı, yaradılan əlverişli şərait nəticəsində istedadlı rəssamların sayı ildən-ilə artır, fəaliyyətləri genişlənir. Xüsusi istedada malik məktəblilərin və gənc incəsənət nümayəndələrinin yaradıcılıq nümunələri nümayiş etdirilir, həmçinin tanınmış rəssamlarımızın fərdi sərgiləri təşkil olunur, onların yaradıcılığına yüksək qiymət verilir. Bütün bunlar istedadlı rəssamlarımızın karyera yollarında uğurla irəliləməsinə səbəb olur.

Belə istedadlı rəssamlarımızdan biri də Səkinə Qarayevadır. Muxtar respublikamızda qazandığı uğurları və səmərəli fəaliyyəti ilə seçilən incəsənətin bu zərif nümayəndəsi ilə onun öz emalatxanasında yaxından tanış oldum. Hər bir əsərində mənəvi dünyasını əks etdirərək insana estetik zövq bağışlayan rəssamımız haqqında oxucu­larımıza da məlumat vermək ­istərdim.

Səkinə Qarayeva 1969-cu il martın 22-də Naxçıvan şəhərində dünyaya göz açıb. Məktəb illərində müəllimi Səməd Məmmədov onu rəssamlıq sənətinə həvəsləndirərək incəsənətin sirlərini öyrədib. Sonrakı illərdə bu həvəs böyük bir sevgiyə çevrilərək gənc rəssamın qabiliyyətini daha da inkişaf etdirib. Belə ki, 1984-cü ilin may ayında, Səkinə hələ 8-ci sinif şagirdi olarkən onun 27 əl işi ilə ilk fərdi sərgisi açılıb. Sərgidə dəmir üzərində döymə ilə bağlı işlərin heyranlıqla qarşılanması onun bu sahəyə marağını daha da artırıb. Sonralar Bakıda 84 nömrəli peşə məktəbində təhsil aldığı illərdə Səkinə dəfələrlə ümumrespublika sərgilərində və müsabiqələrdə iştirak edib. “Milli dəyərlərimiz – vətənpərvərlik” mövzusunda qadınlar arasında keçirilən müsabiqələrdə diplomlara layiq görülüb. Xalq yaradıcılığının inkişafındakı səmərəli fəaliyyətinə görə 2015-ci il noyabr ayının 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ­Sərəncamına əsasən “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilib. 2016-cı il aprel ayının 20-də isə 52 işdən ibarət fərdi sərgisi açılıb, yeni ərsəyə gətirdiyi incəsənət nümunələri nümayiş olunub. Səkinə Qarayeva hazırda Heydər Əliyev adına Uşaq-Gənc­lər Yaradıcılıq Mərkəzində tətbiqi incəsənət üzrə dərnək rəhbəridir.
Yaradıcılığını rənglərin sirlərini açmağa və onların harmoniyası ilə maraqlı incəsənət nümunələri ərsəyə gətirməyə həsr etmiş Səkinə Qarayeva ilə söhbətimizdən:
– Reallığın təzahürünü bədii obrazlarla insana çatdıran incəsənət insanın özfəaliyyətinin nəticəsidir və bilavasitə onun özünə istiqamətlənir. İncəsənət nümunəsi yaratmaq üçün fantaziya, yaradıcılıq qabiliyyəti başlıca amil olduğu kimi, bu sənətin incəliklərini dərindən bilərək, işə professionallıqla yanaşmaq da əhəmiyyətlidir. Hər bir rəssamın yaratdığı əsər onun geniş mənəvi dünyasını, intellektini əks etdirir. İnsanın maraq dairəsi geniş olduğu müddətcə istedadı ilə paralel olaraq yaradıcılıq qabiliyyətini də inkişaf etdirə bilər. Mən bir rəssam kimi etüd, ya da istisnasız olaraq fantaziyaya dayanan işlərlə yanaşı, dekorativ-tətbiqi sənətə daha çox üstünlük verirəm. Mis və dəmir üzərində döymə, taxta üzərində yandırma ilə bağlı, balıq­qulağı ilə işləmə kimi bir çox aplikasiya işlərim var. Fincanlarla, suvenirlərlə işləyir, vallarla qablar düzəldir, fantaziyama əsaslanaraq əl işləri hazırlayıram. Bütün işlərimdə isə xalq yaradıcılığına əsaslanıram. İncəsənətə olan marağım o qədər çoxdur ki, emalatxanama daxil olduqda yeni nələrsə yaratmaq istəyirəm. Sözsüz ki, bu həvəsimin yaranmasının başqa səbəbi isə hər bir yaradıcı insan kimi işimə göstərilən qayğı və təqdirolunma hissinin yaşatdığı zövqdür. Bunun üçün də biz rəssamlara yaradılan imkanlara görə dövlətimizə xüsusi minnətdarlığımı bildirirəm. Bu il oktyabrın 5-də müəllimlər günü münasibətilə növbəti fərdi sərgimi təşkil etmək istəyirəm. Həmin günü seçməyimin başlıca səbəbi isə bu şərəfli peşənin sahiblərinə olan hörmətimdir.
Səkinə Qarayeva söhbətinə davam edərək bildirir ki, hazırda yaradıcılıqla məşğul olmaqla yanaşı, yeni kadrlar hazırlamaq, gələcəyimiz olan uşaqların bu yönə olan maraqlarının artırılması üçün səylə çalışıram. Onlara tətbiqi incəsənətin sirlərini və incəliklərini öyrədirəm.
Rəssam onu da qeyd edir ki, bu gün muxtar respublikamızda bu sahəyə uşaqlarımızın həvəs və maraq göstərməsi üçün yaradılan hər bir şərait öz bəhrəsini verməkdədir. Sağlamlıq imkanları məhdud olan şagirdlərimizə xüsusi qayğı ilə yanaşılması sayəsində onlar da bu sənətə böyük maraq göstərirlər. Bir müəllim kimi respublika üzrə keçirilən yarışlarda şagirdlərimizin fəal iştirakı və onların uğurları məni çox sevindirir. Sənətsevərlərin müsabiqə və sərgilərdə uşaqlarımızın maraq dünyası ilə tanış olub dəstək olmaları, dövlətimizin böyük diqqət və qayğısı onlara stimul verir. İnsan öz işinə qayğı ilə yanaşıldığını gördükcə sənətinə daha da ürəkdən bağlanır. Mən də istər bir rəssam, istərsə də bu sahədə bir müəllim kimi işimi sevir və günü-gündən sənətimə bağlanıram.

Jalə ALMƏMMƏDOVA