Ötən şənbə Naxçıvan şəhərinin Saat meydanında növbəti konsert təşkil olunub. Tədbirdə bildirilib ki, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çərçivəsində konsert proqramı ilə çıxış edəcək Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı 15 ildən çoxdur ki, fəaliyyət göstərir. Ansambl repertuar zənginliyinə diqqət yetirməklə ictimaiyyət qarşısında və hərbi hissələrdə, müxtəlif tarixi və əlamətdar günlərlə bağlı keçirilən tədbirlərdə konsert proqramları ilə çıxış edir. Ansamblın bədii rəhbəri Əli Məmmədovdur.
Şənbə konserti ansamblın ifa etdiyi “Çahargah” kompozisiyası ilə başlayıb. Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Xatirə Səfərova və Arzu Fərzəliyevin ifa etdikləri şən və lirik mahnılar konsert iştirakçılarında xoş ovqat yaradıb.
Solistlərdən Qəmər Babayeva, Ədalət Hüseynov, Səyavuş Nəcəfov, Bəhruz Quliyevin ifa etdikləri “Dədə Qorqud”, “Ögey ana”, “Yenilməz batalyon”, “Əzablı yollarla”, “Bala­dadaşın ilk məhəbbəti” kimi kinofilmlərimizdəki mahnılar da alqışlarla qarşılanıb. Konsertdə ansamblın ifasında instrumental musiqilər də səslənib.
Bir saatdan artıq davam edən konsert Naxçıvan şəhər sakinləri və qonaqlar tərəfindən maraqla ­qarşılanıb.

Əli RZAYEV