Dünən 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində Kino Gününə həsr edilmiş sərgi ilə tanış olublar.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, bu gün Azərbaycan kinosunun yaradılmasının 120 illiyi tamam olur. İncəsənətimizin hamisi olan ulu öndərimiz milli kinonun inkişafına daim qayğı ilə yanaşıb, milli özünə­məxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərlərinin yaradılmasına diqqət yetirib. Bu gün dahi şəxsiyyətin siyasi xəttini uğurla davam etdirən Prezident cənab İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir.
Vurğulanıb ki, dünya kinosunun yaranma dövrü ilə üst-üstə düşən Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Azərbaycan yazıçısı İbrahim bəy Musabəyovun dövrün həyat hadisələrini və lövhələrini əks etdirən, janr etibarilə melodram olan “Neft və milyonlar səltənətində” povesti əsasında çəkilən ilk tammetrajlı film bədii film kimi kino tariximizə daxil olub. Avropa və Asiyanın bir sıra ölkə­lərinin ilk tammetrajlı filmlərinin keçən əsrin 30-50-ci illərində yarandığını nəzərə alsaq, bu filmi xalqımızın mədəni səviyyəsinin yüksək göstəricisi hesab etmək olar.

Azərbaycanda ilk səsli kinonun istehsalına isə 1935-ci ildə “Mavi dənizin sahilində” bədii filmi ilə başlanılıb. Səsli kinonun yaranması ilə sənədli kinonun da yaradıcılıq imkanları genişlənib. 1945-ci ildə yaradılan və ekran sənətimizin qızıl fonduna daxil olan “Arşın mal alan” filmindən sonra Azərbaycan kinosunda musiqili komediya janrına meyil güclənib, milli kinomuzun ən uğurlu filmlərindən hesab olunan bu film indiyədək 136 ölkə­də nümayiş etdirilib və 86 dilə tərcümə olunub. 1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş verib, ilk rəngli bədii film olan “O olmasın, bu olsun” çəkilib. Üzeyir Hacı­bəyovun bu komediyasının ekranlaşdırılması da milli kinomuza şöhrət gətirib. Bu film dünyanın 40-dan çox ölkəsində nümayiş etdirilib.
Qeyd olunub ki, Azərbaycan kino sənətinin inkişafında Naxçıvan torpağının yetirdiyi sənətkarlar Qəmər Salamzadə, Rza Təhmasib, Həbib İsmayılov, Məmmədhüseyn Təhmasib, Ramiz Mirişli, Elxan Qasımov və başqalarının dəyərli xidmətləri olub. Unudulmaz filmlərimizdən olan “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Əzablı yollar”, “Gümüşgöl əfsanəsi”, “Doğma sahillər” və başqa ekran əsərlərinin müəyyən hissələri və natura çəkilişləri Naxçıvanda aparılıb. Bu gün də muxtar respublikada kino sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı nəticəsində Naxçıvan şəhərində “Gənclik” Mərkəzi yaradılıb, Şərurda “Bahar”, Şahbuzda “Araz” kinoteatrları, Ordubad və Babək Rayon Mədəniyyət evləri yenidən qurulub, ən müasir video­proyektorlarla, lazımi texniki avadanlıqlarla təchiz olunub. Muxtar respublikamızda Dövlət Film Fondunun fəaliyyət göstərməsi də bu sahəyə dövlət qayğısının daha bir nümunəsidir.
Diqqətə çatdırılıb ki, muxtar respublikanın Mədəniyyət Nazirliyinin iş planına əsasən “Azərbaycan Kinosu Günü” çərçivəsində hər həftə bir milli bədii film geniş ictimaiyyətə təqdim olunur və maraqla qarşılanır.
Sonda 1956-cı ildə çəkilmiş “O olmasın, bu olsun” filmi nümayiş etdirilib.

Əli RZAYEV