Hər bir xalqın milli-mənəvi dəyərləri arasında onun rəqs sənəti mühüm yer tutur. Qədim dövrlərdən insanlar rəqsin gücü, onun imkanları ilə öz hisslərini bir-birlərinə çatdırıblar. Bu mənada, əsrlərin yaddaşından süzülüb gələn “Qazağı”, “Heyvagülü”, “Lalə”, “Qızılgül”, “İnnabı”, “Dərbəndi”, “Əsgərani”, “Tərəkəmə”, “Naz eləmə” kimi milli rəqslərimiz öz axıcılığı, incə yumoru, zəriflik və cəsarət çağırışları ilə tamaşaçı və dinləyiciləri həmişə özünə məftun edib.

Rəqs bədii obrazın ritmik, plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növüdür. Milli rəqslərimizin, məlum olduğu kimi, çox qədim tarixi kökləri vardır. Xalqımız qeyri-adi təbiət hadisələrini, müxtəlif canlılarda gördükləri hərəkətləri öz rəqslərinə daxil edərək onları zənginləşdirib. Rəqslərimizdə məişət elementlərinin öz dolğun əksini tapması da bu sənət növünün Azərbaycan xalqının həyatında, onun tarixində dərin izlər buraxdığını bir daha göstərir.

Azərbaycan rəqsində musiqi tempi, yəni sürət böyük rol oynayır. Musiqinin ifa tərzi, əsasən, iki cürdür: aram və cəld. Aram rəqsləri, əsasən, bir qayda olaraq qadınlar ifa edir. “Qaytağı”, “Şalaxo”, “Qazağı” kimi sürətli tempə malik rəqslərin ifası isə öz coşqun temperamentinə görə kişilərə, xüsusən də gənclərə məxsusdur. Rəqslərimizə yalnız millilik mövqeyindən deyil, müasirlik prizmasından da baxmaqla görmək olar ki, burada üzə çıxan gizli psixoemosional enerji təkcə onu ifa edən insanların müəyyən ritmik hərəkətləri deyil, həm də sevgi və şəfqəti, sədaqət və inancı, məğrurluğu, sabaha inam və qələbə əzmini özündə əks etdirən yaradıcılıq nümunələridir. Milli rəqslərimiz təsadüfi, ağlagələn hərəkətlərdən ibarət olmadığı üçün onların daşıdığı dərin mənalı anları başa düşmək bu rəqsləri düzgün ifadə etmək və yetərincə zövq ala bilmək üçün olduqca vacibdir. Çünki hər bir insan rəqs etdiyi zaman düşdüyü aləmin yalnız özü üçün unudulmaz olduğunu deyil, həm də ətrafdakılar üçün bir tamaşa predmeti olduğunu yaxşı bilməlidir. Hər bir azərbaycanlı rəqs edərkən milli rəqslərimizin elementlərini təcəssüm etdirməyi unutmamalıdır.
Məyusluq hissi ilə də olsa, deməliyik ki, milli rəqslərimizin bəziləri artıq yadlaşmaqda, hətta deyərdim ki, unudulmaqdadır. Əsasən, gənclərin üstünlük təşkil etdiyi el şənliklərində, xüsusən indiki toylarda milli rəqslərdən çox xarici rəqslərə üstünlük verilir. Bu isə bizi milli rəqslərimizdən çox uzaqlaşdırır.
Bu məqamda yazını qələmə almağa məni vadar edən, bu yaxınlarda bir toy məclisində qarşılaşdığım hadisəni xatırlatmaq istərdim. Hər birimizə məlumdur ki, Azərbaycan xalqının gözəl adətlərindən biri qızlarımızın məşhur “Vağzalı” rəqsinin sədaları altında ata ocağından gəlin köçürülməsidir. Son dərəcə zərif, incə, yumşaq hərəkətləri olan bu rəqs xalq arasında daha geniş yayılıb. Lakin təəssüf hissi ilə də olsa, deməliyəm ki, həmin toyda gəlin şadlıq sarayına daxil olmaq üçün ismət rəmzi saydığımız “Vağzalı”nı deyil, vals çalınmasını tələb etdi.
Bu toyda yazının əvvəlində sadaladığım milli rəqslərdən heç birinə, demək olar ki, yer verilmədi. 5 saat davam edən toyun yarıdan çoxunu diskoteka mahnıları təşkil etdi. Gülüşdoğurucu hal o idi ki, bu rəqsi oynaya bilən də, bilməyən də ortada idi. Mənsə gördüklərimə ürək yanğısı ilə baxırdım… Bu cür rəqsləri düzgün oynamağı bacarmayıb özünü gülünc vəziyyətə salanları gördükcə yadıma görkəmli şairimiz Bəxtiyar Vahabzadənin bu misraları düşürdü:

Nəsənsə özün ol, təzəsən onda,
Sən köhnə olursan yamsılayanda.

Heç şübhəsiz ki, onlardan: – Niyə milli rəqslərimizə deyil, xarici ölkələrin rəqslərinə üstünlük verirsiniz? – deyə soruşsaq, bu cavabı alacağıq: – Müasirləşirik də. Avropaya inteqrasiya edirik.
Məgər müasirləşmək hansısa bayağı musiqini, rəqsi necə gəldi təqlid etməkləmi olur? Əlbəttə ki, yox! Çalışıb Avropadan yaxşı keyfiyyətləri götürmək lazımdır. Bir də ki axı biz azərbaycanlıyıq, bizim öz mədəniyyətimiz, toy adət-ənənələrimiz, milli mentalitetimiz, ən əsası isə milli rəqslərimiz var... Çox gözəl toylarımız, əvəzolunmayan adət-ənənələrimiz olduğu halda biz niyə onları qoruyub saxlamayaq?
Əgər biz onları qoruyub saxlamasaq, çətin ki, bizdən sonrakı nəsil bunların dəyərini bilsin. Gözəl toy hər birimizin arzusudur. Ancaq adət-ənənələrimizə uyğun toy isə hamısından ən gözəli və əvəzolunmazıdır. Hətta dünyanın bir çox yerlərində belə, bizim toy adət-ənənələrimiz böyük marağa səbəb olur. Toy mərasimlərimizin özünəməxsusluğu hər kəsi heyran etdiyi halda, nə üçün onların dəyərini bilməyək?
Ötən günlərdə sosial şəbəkələrdə bir hadisə diqqətimi çəkdi. Türkiyənin Qars şəhərində keçirilən toy məclisində bəylə gəlinin Azərbaycanın milli rəqsi olan “Uzundərə”ni ­oynaması bütün qonaqları heyran etdi. Qonşu ölkədə milli rəqslərimizə belə dəyər verildiyi halda biz nə üçün şadlıq saraylarımızın “qapılarını Avropa rəqslərinə açmalıyıq?” Belə müasirlik kimə lazımdır?
Yaponiya dünyanın qabaqcıl texnologiyalarına sahib olan müasir ölkələrdən biri, bəlkə də, birincisidir. Yaponların xarici dövlətlərə gediş-­gəlişləri də bizdən çoxdur. Amma belə müasirlik onların adət-ənənələrinə heç də təsir etmir. Bu isə bir daha sübut edir ki, başqalarının adət-­ənənələrini qavramaq, mənimsəmək heç də müasirlik, yenilik əlaməti deyil. Unutmaq olmaz ki, bir xalqın ən böyük sərvəti onun milli mədəniyyəti, adət-ənənələridir. Gəlin biz də bir yumruq olaq, öz adət-ənənələrimizi, milli dəyərlərimizi və milli rəqslərimizi qoruyub yaşadaq, gələcək nəsillərə olduğu kimi çatdıraq.

Nuray Əsgərova