13 Noyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Culfa rayonu dünya memarlığının nadir 
inciləri ilə zəngindir

Qədim diyarımız Naxçıvan xalqımızın daş yaddaşı, misilsiz sərvəti olan, yaşı minilliklərə söykənən sirli-soraqlı tarixi abidələrlə zəngindir. Sevindirici haldır ki, bu gün təkcə paytaxt şəhərimizdə deyil, muxtar respublikamızın hansı səmtinə üz tutsaq, orada hər daşı-qayası min bir tarix danışan, şanlı keçmişin yadigarı olan, dünəndən bu günə işıq salan abidələr mövcuddur. Elə götürək Naxçıvanın Şərqə açılan qapısı Culfa rayonunu. Xalqımızın mərdlik, yenilməzlik, mübarizlik rəmzi – Əlincə qalası, Azərbaycan memarlığının əvəzsiz nümunəsi – Gülüstan türbəsi, qədim insanların müdafiə istehkamı – Qazançı qalası, qoca Şərqin memarlıq incisi, şeyxlər ocağı – Xanəgah Abidə Kompleksi, əcdadlarımızın iman yeri, zikr evi – Kırna türbəsi ulu diyarımızın tarixi zənginliyindən xəbər verən abidələrdir.

Əlincə qalasının keçmişinə nəzər salsaq, bu qalanın tarixinin xalqımızın öz azadlığı və istiqlaliyyəti uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə ilə bağlı olduğunu görərik. Araşdırdığımız mənbə­lərdə qalanın salınma tarixi barədə dəqiq məlumata rast gəlmədik.

Əlincə yüz illərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinin istehkam qalası olsa da, tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınıb. Azərbaycan Atabəyləri – Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın istər hərbi-strateji, istərsə də siyasi mövqeyi xeyli artıb. XIV əsr isə qalanın tarixində xüsusi yer tutur. Bu, Əmir Teymurun hücumları və qalanın mərd-mərdanə müdafiəsi ilə bağlıdır. Yenilməz, əyilməz, mübariz qala 14 il Əmir Teymu­r qoşunlarının həmlələrinə sinə gərib, çağının ən güclü hərbi qüvvələrini məğlubiyyətə uğradan bu fatehi öz möhkəmliyi ilə heyrətləndirib. Bu illər ərzində qalaya dəfələrlə hücumlar olsa da, Əmir Teymurun qoşunu qalanı ala bilməyib. Azərbaycanda orta əsrlərin sonlarına yaxın baş verən feodal çəkişmələri və müharibələri nəticəsində qala dağıdılsa da, bu gün qədirbilən dövlətimizin qayğısı sayəsində yurdumuzun köksündə yenidən bərq vurur. Tarixi-mədəni irsimizə daim qayğı ilə yanaşan dövlətimizin muxtar respublikamızda da apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, əcdadlarımızın miras qoyub getdiyi bütün mədəni sərvətlərimizin gələcək nəsillər üçün qorunub saxlanılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, 2007-ci ildə dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilən Əlincəqalada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincə­qala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən aparılan genişmiqyaslı bərpa işləri bu sahədə görülən tədbirlərin növbəti təzahürüdür.
Qalanın etimologiyasına gəldikdə isə bu toponim mənbələrdə “əlini çək” kimi qeyd olunsa da, elmi mülahizələrə görə, Əlincə, Alançıq – “meydança”, “kiçik meydan”, “alan” isə qədim türk dilində “düzənlik”, “meydan” sözlərini ifadə edir. Naxçıvan folklorunda isə qalanın toponimi ilə bağlı digər maraqlı mülahizə mövcuddur. Deyilənlərə görə, bu ad Nuh Peyğəmbərin nəticəsi Alınca xanın adı ilə bağlı yaranıb. Zaman keçdikcə həmin qalanın adı canlı danışıq dilində tədricən Əlincə şəklinə düşüb.
Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi kimi özünə şöhrət qazanan Əlincə qalası ən qədim ulu dastanımız “Kitabi-Dədə Qorqud”da da möhkəm istеhkam qalası kimi təsvir оlunub. Onuncu boyda “Əgrəgi tutdular, Əlincə qalasına zindana bıraqdılar”, “Hünərin var isə qartaşın Əlincə qələsində əsirdir, var onu qurtar” ifadələri bunu bir daha təsdiq edir.
Qalanın çevrəsindəki qəbiristanlıq, türbə və xanəgahlar bu yerlərin uzun illər abad yaşayış məskəni olduğundan da xəbər verir. Mənbələrdə qalanın hürufilərin yaşayış məskəni, qiyam və mübarizə məkanı olması, hürufiliyin banisi Fəzlullah Nəiminin 1394-cü ildə Miranşahın əmri ilə burada öldürül­məsi barədə də məlumatlar qeyd olunub. Yerli sakinlərin fikrincə, Nəimi Əlincədə qətlə yetirildikdən sonra onun cənazəsi Xanəgah kəndində dəfn edilib. Hazırda qəbrin üzərində “Xanəgah” adlı abidə də ucaldılıb. Yerli əhalinin həmin abidəni “Şeyx Xorasan” adlandırması tədqiqatçılar tərəfindən Nəiminin təhsil alıb kamilləşdiyi Xorasandan Azərbaycana gəldiyi üçün xorasanlı şeyx, Xorasan şeyxi kimi tanınması ilə izah edilir. Bu qəbrin üzərində ucalan abidə Culfa rayonunun Xanəgah kəndində, Əlincə­çayın sahilində orta əsrlərə aid memarlıq kompleksidir. Kompleksdə türbə, məscid və bəzi tikililərin qalıqları zəmanəmizədək gəlib çatıb. Buraya daxil olan türbənin cənubdan giriş qapısının baş tərəfində qoyulan kitabənin məzmunundan aydın olur ki, türbə əmir, böyük alim Uluq Qutluq Lala bəyin əmri ilə memar Xacə Cəmaləddin tərəfindən inşa edilib. Türbənin cənubunda ona bitişik inşa edilmiş türbə­-məscid isə sufi təriqətinin rəhbərlərindən olan Şeyx Hacı Lələ Məliyin xatirəsinə hicri təqvimi ilə 901-ci, miladi tarixlə 1495-1496-cı illərdə Xond Bikə xatın tərəfindən inşa edilib.
İgidlərə qalxan, yağıya sipər olan digər istehkam isə Qazançı qalasıdır. Qazançı kəndindən şimalda yerləşən eramızdan əvvəl III-I minilliklərin əvvəllərinə aid edilən abidə Azərbaycan ərazisində geniş məskunlaşmış qədim Kas türklərinin adı ilə bağlıdır. Qala çoxpilləli möhtəşəm müdafiə sistemindən ibarətdir. Sədlərdən bir-birinə keçid yolu var. Mənbələrdə qala eramızdan əvvəl II minilliyin əvvəlində Əlincəçay vadisində yaşamış iri tayfa birliyinin mərkəzi olaraq da qeydə alınıb. Qazançı qalasından toplanmış yerüstü materiallar, dən daşları, boz və çəhrayı rəngli gil qablar – küpə, kasa, çölməktipli qab nümunələri bu qalanın qədim keçmişindən xəbər verən tarixi əhəmiyyətli mənbələrdir.
Min illərdir, yurdumuzun sinəsində ucalan, böyük zəhmətlə daşı daş üstünə qoyulan türbələr keçmişimizdən bu günümüzə açılan pəncərə, ötənlərimizin oxunmamış kitabıdır. Bu baxımdan Naxçıvanın türk-islam mədəniyyəti nümunələrindən biri olan Gülüstan türbəsi də Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən bu türbə muxtar respublika ərazisində qeydiyyata alınmış dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən biridir. Orta əsr mənbələrində bəzən “Kəsik günbəz” kimi xatırlanan, memarlıq-konstruktiv quruluşuna görə Naxçıvanın, bütövlükdə, Azərbaycanın türbətipli digər memarlıq abidələrindən fərqlənən bu türbənin sərdabəsi “kürsülük” adlanan yerüstü hissədə yerləşir. Kürsülük xaricdən kəsik piramida, daxildən silindrik quruluşa malikdir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə və dekorativ tağlarla bəzədilib. Naxçıvan memarlıq məktəbinə məxsus digər türbələrdə olduğu kimi, Gülüstan türbəsində də taxçaların içərisi incə həndəsi ornamentlərlə örtülüb. Türbənin memarlıq üslubu Səlcuqlar dövrünün abidələri ilə, üzərindəki həndəsi ornamentlər isə Əcəmi memarlıq məktəbinə daxil olan abidələrlə oxşarlıq təşkil edir. Gülüstan türbəsinin və abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq burada “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Qoruq Araz çayının sol sahilində yerləşir.
Tarixi keçmişimizə göstərilən hörmət və ehtiramın nəticəsidir ki, bu gün əcdadlarımızın yadigarlarına göstərilən diqqət və qayğı sayəsində tarixi abidələrimizə yeni həyat verilir, daş yaddaşımız əvvəlki vəziyyətinə, görünüşünə qaytarılmaqla təzələnir. Bu mənada, Gülüstan türbəsi də dövlətimizin qayğısı ilə əhatə olunan abidələrdəndir. Türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən bərpa olunub.
Bəli, abidələr təkcə tariximizin daş yaddaşı deyil, eyni zamanda onu yaradan xalqın istedad və zəkasının məhsulu, mədəni səviyyəsinin meyarıdır. Bu əmanəti qorumaqla tarixi və mədəni irsimizi yaşatmaq hər birimizin vətəndaşlıq borcudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ­cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.

Gülcamal Tahirova

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3267885
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1627
4027
5654
52531
3267885

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter