Qızmar yay günlərində hər kəs Günəşin yandırıcı təsirindən ­qorunmaq, gözəl, mənalı istirahət etmək istəyir. Səfalı guşələri ilə zəngin olan Naxçıvanımızda bu gün həmin arzular gerçəkləşib. Son illər insanların asudə vaxtlarını mənalı, istirahət günlərini yaddaqalan keçirmələri üçün müxtəlif tədbirlər görülür, gözəlliyi ilə gözoxşayan, səliqə-sahmanı ilə könülaçan, insana mənəvi rahatlıq bəxş edən məkanlar yaradılır. Paytaxt Naxçıvan şəhərində onlarla belə istirahət guşəsinin qapıları sakinlərin üzünə açılıb.

Şəhərin qoynunda yerləşən Heydər Əliyev Mədəniyyət və İstirahət Parkına kiçikdən-böyüyə hər kəs sevə-sevə üz tutur, uşaqlar doyunca əylənir, böyüklər isə mənalı istirahətdən zövq alırlar. Sakinlər arasında buraya “uşaq şəhərciyi” də deyilir. Yolunu bu ünvandan salanlar həmin deyimin təsadüfdən yaranmadığının şahidi olur. Günün istənilən saatında parka üz tutsan, şən, şaqraq gülüşlü uşaqları, onlarla birgə olan qayğıkeş valideynləri, rahat oturacaqlarda əyləşib şirin söhbətlər edən ahıl yaşlı insanları görə bilərsən. Axşam saatlarında bu park bir başqa gözəlliyə qərq olur. Məkanın cəlbediciliyi o qədər böyükdür ki, yoldan keçən, evə tələsən insanlar da bu gözəlliyin sehrinə düşür, bir neçə saniyəlik də olsa, ayaq saxlayıb ecazkar mənzərəyə heyranlıqla tamaşa edirlər. İstirahət məkanında bir-birindən əyləncəli xidmətlər göstərilir. Mexaniki qayıqlarla suda gəzintinin təşkili isə bu yeri daha da cəlb­edici edir.

Parkda istirahət edən insanlarla söhbətləşmək üçün sözügedən ünvana yollanıram. Əraziyə çatan kimi ilk diqqətimi çəkən pərvazlanan, qol-qola verib çətir tutan ağaclar, onların qulluğunda dayanan yaşıl libaslı bağbanlar olur. Axşam saatları olduğu üçün işdən çıxan valideynlər övladları ilə birgə buraya gəlirlər. Çox keçmir ki, parkda qələbəlik yaranır. Uşaqlardan kimi yelləncəkdə yellənir, kimi sürüşkəndə sürüşür, kimisi də onlar üçün quraşdı­rılan digər attraksionlarda əylənir. Valideynlər isə rahat oturacaqlarda əyləşir, ərazidə fəaliyyət göstərən iaşə xidmətlərindən yararlanır, övladlarının əylənmələrinə zövqlə tamaşa edirlər. Bir-birindən maraqlı musiqi sədaları ətrafa yayılır, məkan əsl toy-bayram ab-havasına bürünür. Sərin axşam mehi əsdikcə ağacların yarpaqları xışıldayır, qayıqlarla suda hərəkət edən insanların şən səsləri bir-birinə qarışır.
Bir qədər bu ürəkaçan, göz­oxşayan mənzərələri seyr etdikdən sonra nəzərim yaxınlıqda əyləşən nurani qadına yönəlir. Nənə düşüncəli tərzdə oynayan uşaqları seyr edir, üzündə təbəssüm görünürdü. Elə ilk həmsöhbətim də məhz həmin qadın olur. Yaxınlaşıb hal-əhval tutduqdan sonra öyrənirəm ki, müsahibim Naxçıvan şəhərinin Sabir küçəsində yaşayan, yaşı 70-i adlamış Sevil nənədir. Deyir hər gün nəvələrimlə birgə üz tutduğum bu məkanda şən, gülə­r­üz, həyatın ağrı-acılarını görməyən xoşbəxt balaları gördükcə öz uşaqlıq çağlarım yadıma düşür. Elə həmin an ürəyim dağa dönür, sevincdən qəhərlənirəm. Sevinirəm ki, yaşadığım o ağrılı-acılı illər artıq arxada qalıb, biz çəkdiyimiz çətinlikləri övladlarımız görmür. Sevil nənə qeyd edir ki, Sovetlər dönəmində bu cür istirahət məkanları tapılmazdı, o zamanlar mənalı istirahət insanlar üçün əlçatmaz idi. O dövrün uşaqları da elə küçədə, tozlu-torpaqlı yollarda oynayardılar. Şükürlər olsun ki, bu gün ölkəmizdə hər kəsə böyük qayğı göstərilir. İndi biz sakinlər üçün belə gözəl, səfalı istirahət məkanları yaradılıb. Burada olan şərait həm uşaqların, həm də böyüklərin mənalı vaxt keçirmələrinə imkan verir. Bütün bunlar bir şəhər sakini kimi mənim ürəyimcədir. Qurub-yaradanlara minnətdarlığımı bildirirəm.
Naxçıvan şəhər Qaraçuq kənd sakini, tarix müəllimi Qara Vəliyev də bu məkana tez-tez üz tutanlar arasındadır. Bu barədə dediklərindən:
– Psixologiyada yaşıl sakitləşdirici, təravətli, canlı, dolğun rəng hesab olunur. Doğma diyarımızın hər tərəfi bu rənglə bəzədilib. Elə qoynunda əyləşdiyim bu parkda da yaşıllıqlar çoxdur. Məşğul olduğum peşə zehni əməyə əsaslandığından tez-tez belə yaşıl guşələrdə oluram. Burada həm dost-tanışla söhbət edir, həm də təbiətin yaratdığı, insan əlinin nəvazişi hesabına boy göstərən ağaclara heyranlıqla tamaşa edirəm. Bununla sanki bütün yorğunluğum da çıxmış olur. İndi də tətil günləri olduğundan tez-tez yolumu bu ünvandan salıram. Ərazidə iaşə xidmətlərinin göstərilməsi çox yaxşı haldır. Buranın səliqə-sahmanı, təmizliyi göz­oxşayandır. Bəzən uşaqların bu gözəlliyə biganə yanaşdığının şahidi oluram. Onları başa salıram ki, dövlətimizin biz sakinlər üçün yaratdığı bu imkanlardan səmərəli istifadə etməli, qurulanları qorumalıyıq ki, gələcək nəsillər də bu şəraitdən faydalansınlar.
Digər müsahibim Abbas Həsənov ailəsi ilə birlikdə bu məkanda istirahət edir. Deyir buraya övladlarının istəyi ilə gəlsələr də, özləri də yaxşı istirahət imkanı qazanıblar. Parkda gözəl ab-hava, rahat şərait vardır. Ətrafda görünən hər şey gözoxşayan, könülaçandır. Ən maraqlısı isə mexaniki qayıqlarla suda gəzintidir. Övladlarının hədsiz sevincinə səbəb olan bu əyləncə vasitəsinə hər kəsin marağı çox böyükdür. Ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi xoşagəlməz halların qarşısını alır. Burada ləziz yerli dondurmaların dadına baxmaq imkanları da var. Övladları buranın gözəlliyinə o qədər məftun olublar ki, evə qayıtmaq istəmirlər. Buranın havası da insana xoş təsir bağışlayır. Abbas qeyd edir ki, bundan sonra tez-tez bu məkana üz tutacaqlar.
Parkda olarkən istirahət edənlər arasında xarici ölkə vətəndaşları ilə də rastlaşdım. Onlardan Cənubi ­Koreya vətəndaşı, Naxçıvan Dövlət Universitetində Koreya dilini tədris edən müəllim Seo Suminin fikirləri maraqlı oldu:
– Artıq bir neçə ildir ki, Naxçıvanda yaşayır, burada çalışıram. Bu diyarın füsunkar təbiəti məni heyran edir. İstirahət guşələrinə də tez-tez üz tuturam. Bu parkda dəfələrlə olmuşam. Məkan o qədər cəlbedicidir ki, bir dəfə gəldinsə, yenə gəlmək istəyirsən. Sərin meh, hovuzun fəvvarəsi, uşaqların gülüş səsləri, ruhun qidası olan musiqilər, qayıqların suda lövbər salması bu məkanın əsas çalarlarıdır. Başqa sözlə, burada istirahət edən insan sanki xəyallar aləminə düşür. ­Ətrafımdakı insanlara, dost-tanışa da istirahət üçün bu yeri məsləhət görürəm.
Bu gün Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında görüşüb söhbət etdiyimiz hər kəs yaradılan gözəl şəraitdən ağızdolusu danışdı. Bu məkanın təkcə uşaqlara deyil, böyüklərə də xoş təsir bağışladığı bir daha aydın oldu. Hər kəsə bu isti yay günlərində gözəl istirahət diləyi ilə...

Nail Əsgərov